Hüquq müdafiəçisi, jurnalist Hilal Məmmədov bu hakimiyyətdə babat bir vəzifə tutsaydı, büdcənin bir tərəfindən də o düşüb xımır-xımır yesə, dənizin bir hissəsini də o hasarlasa, uşaqları isə Bakının göbəyində avtoşluq etsə, mitinqçi döysə, çoxdan dövlət qulluğundakı xidmətlərinə görə ödülləndirilmişdi.
Amma hakimiyyətə qarşı olunca “dövlətə xəyanət”də suçlandırıldı.
Dünən Respublika Prokurorluğu ilə Daxili Işlər Nazirliyinin Hilal bəyin həbsi ilə bağlı yaydığı məlumatı hər kəsin dönə-dönə, diqqətlə oxumasını tövsiyə edirəm. Bu məlumatın özü bu həbsin sifarişli, irəli sürülən ittihamların isə uydurma, filfilo olduğunu söyləmək üçün kifayətdir. Orada “casusluğu ilə dövlətə xəyanət etmişdir”, “aşkar surətdə milli ayrı-seçkiliyin və düşmənçiliyin salınmasına yönələn hərəkətlərə yol vermişdir” kimi ifadələr itinətökdür. Bir sözlə, prokurorluqla DIN növbəti dəfə hüquqa, qanunlara tüpürərək heç bir məhkəmə-filan olmadan, elə bəri başdan öz yanındanca Hilal Məmmədovu cinayətkar elan edib. Necə deyərlər, özləri doğub, özləri də göbəyini kəsiblər.
Təkcə buna görə Hilal Məmmədovun vicdan məhbusu sayılması qaçılmazdır. Avropa Insan Haqları Məhkəməsi illərdən bəridir bunları başa sala bilmir ki, bir az adam olun, heç kimi məhkəmə qərarı olmadan cinayətkar elan etməyin, təqsirsizlik prezumpsiyasına hörmətlə yanaşın, bunun insan hüquq və azadlıqlarının təməl prinsiplərindən olduğunu öyrənin, amma xeyri yoxdur, kor tutduğunu buraxmayan kimi, rejim də bu vərdişindən əl çəkmir, əl çəkmək istəmir.
Nəticədə nə olur? Avropa Insan Haqları Məhkəməsi bunların nadanlığı, savadsızlığı, qərəzi ucbatından Azərbaycan dövlətini bir ucdan cərimələməkdə davam edir. Nə veclərinə, necə olsa da, həmin cərimələri öz ciblərindən ödəmirlər ki? Həmin cərimələr bunların arvad-uşaqlarının şirkətlərinin hesabından çıxmır ki? Gedən yenə dövlətin cibindən gedir. Bax, indi Hilal Məmmədov da pullarını bir ovuc adamın dədə malı kimi sağa-sola səpələdiyi belə bir dövlətə “xəyanət” etdiyi üçün içəri atılıb.
Hilal bəyin casusluqda suçlandırılmasına gəlincə, suallar çoxdur. Bir halda ki, o, bu qədər ağır cinayət əməlləri ilə məşğul idi, niyə elə əvvəlcədən buna görə saxlanılmırdı? Niyə birinci narkotik ittihamı ilə saxlanılmışdı? Hansı ağlı başında olan casus həm də narkotika ilə məşğul olar? Bir halda ki, Hilal Məmmədov 1992-ci ildən “Iran agenti”dir, bəs niyə o yalnız 20 ildən sonra həbs edilir? Bu qədər müddətdə nəyi gözləmisiniz, niyə göz yummusunuz ona?
Mən, əlbəttə, bu suallara heç bir məntiqli cavab gözləmirəm, bunlar əslində cavabı özündə olan suallardır.
Aydın məsələdir ki, burada söhbət “casus”dan-zaddan yox, “casus” sözünün ikinci hecasından gedir – “sus”maqdan.
Bu ölkədə Hilal Məmmədovdan və ümumiyyətlə, hər birimizdən tələb olunan budur: Sus!
Susmadınsa, deməli, kimsən? Casus!
Tanış mənzərədir. Bəyəm bu günədək biz bu ölkədə korrupsiya əleyhinə yazan adamın elə korrupsiya…
“Gənclərə ictimai, siyasi fəaliyyət imkanı verin ki, onlar zərərli vərdişlərdən uzaq dursun” deyən gəncin narkotik ittihamı ilə içəri atıldığını azmı gördük?
Mənə ən gülməli görünən isə Hilal Məmmədovun Iranın “Səhər” telekanalında danışmasının da ona qarşı ittiham kimi irəli sürülməsidir. Bir vaxtlar müxalifət liderləri ən ağır şəkildə təhqir edilərkən “Səhər”in necə yaptokratların gözbəbəyinə çevrildiyini, onun qanunsuz şəkildə yayımına necə göz yumulduğunu bir qırağa qoyuram.
Soruşuram: siz əvvəlcə onu deyin görək, sizin vətəndaşlarınız Azərbaycan telekanallarında niyə danışa bilmirlər? Niyə Hilal Məmmədov “Səhər”də, Qənimət Zahid “Medya TV”də danışmalıdır? Siz nə vaxt bu ölkənin telekanallarında danışmaq imkanı verdiniz ki, Hilal Məmmədov düşündüklərini ordan demədi? Hələ onu demirəm ki, casuslar nə vaxtdan televiziyaya çıxır, özünü hamıya nişan verir?
Yeri gəlsə, “Səhər”-məhər boş şeydir, Azərbaycan əleyhinə, Azərbaycanın sivil, uyğar, modern bir dünya öləsi olması əleyhinə Azərbaycan telekanallarından çox heç yerdə danışmırlar.
Yaltaqlıq isə heç də casusluqdan yüngül cinayət deyil.