Azərbaycanın bank sektoru ağır vəziyyətdə
Qadir İbrahimli: “Həqiqətən də Azərbaycanın maliyyə-kredit sisteminin vəziyyəti hazırda olduqca aşağı səviyyədədir”
Ingiltərənin “Guardian” qəzeti Azərbaycanın kredit reytinqi ilə bağlı maraqlı məqalə dərc edib. Təşkilat son hesabatında vurğulayıb ki, Azərbaycanın ötən illər ərzində kredit reytinqi olduqca bərbadlaşıb. Onu da qeyd edək ki, bu təşkilatın yaydığı məlumatları bütün dünya qəbul edir. Amma Azərbaycan hökuməti analoqu olmayan inkişafdan danışsa da, beynəlxalq rəydə ölkə haqqında formalaşan rəyi qəbul etmək istəmir. Çünki bu göstəricilər rəsmi təbliğatla ziddiyyət təşkil edir. Hazırda Azərbaycanın kredit reytinqi ciddi problemlər yaşayan Xorvatiya ilə bərabərdir. Təşkilat hər iki ölkənin kredit reytinqini olduqca aşağı səviyyədə qiymətləndirib.
Amma onu da qeyd etmək lazımdır ki, Xorvatiyanın ərazisi Azərbaycandan iki dəfə kiçikdir. Ölkə əhalisinin sayına görə də Xorvatiya Azərbaycandan 2 dəfə geri qalır. Amma bütün bunlara baxmayaraq heç bir təbii resursu olmayan Xorvatiya ilə Azərbaycanın Ümumi Daxili Məhsulu bərabərdir. Hər iki ölkədə bu göstərici təxminən 63 milyardır.
Iqtisadçı ekspert Qadir Ibrahimli vurğuladı ki, Azərbaycanla bağlı açıqlanan göstərici tam obyektivliyə uyğundur. Azərbaycanın maliyyə-kredit sisteminin hazırda çox aşağı səviyyədə olduğunu deyən Q.Ibrahimli qeyd etdi ki, Azərbaycanda hazırda bank sektorunda ciddi və çözülməsi zəruri olan problemlər var: “Azərbaycandakı mövcud bank kreditlərinin 30 faizi problemli kreditlər sırasına daxildir. Əgər Azərbaycan böyük neft gəlirləri hesabına maliyyə sektorunda stabillik yarada bilirsə, bu yalnız daxili rəyə təsirli ola bilər. Xarici qiymətləndirmə zamanı isə Azərbaycanın kredit reytinqi heç cür yüksək ola bilməz. Çünki xarici ekspertlər bir neçə göstəriciyə uyğun olaraq ölkələrin kredit reytinqini müəyyənləşdirirlər. Bir neçə aspektdən dəyərləndiriləndə isə Azərbaycanın maliyyə-kredit bazarı olduqca zəifdir. Digər tərəfdən, bir sıra dövlət strukturlarının, maliyyə qruplarının ölkənin bank sektorunu təsirinə almaq cəhdi də ümumi prosesə təsirsiz ötüşmür”.
Hikmət