Malayziya Şimali Koreyanın Kuala Lumpur səfiri Kang Çolu “persona non grata”, yəni “arzuolunmaz adam” elan edib. Şimali Koreyalı səfir Kanga Malayziyanı tərk etməsi üçün 48 saat müddət verilib.
Şimali Koreya lideri Kim Jongun ögey böyük qardaşı Kim Jon-Namın Kuala Lumpur hava limanında zəhərlənərək öldürüldüyü sui-qəsdə görə gərginləşən Malayziya-Şimali Koreya əlaqələri kritik həddə çatıb. Malayziya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, dünyanı sarsıdan sui-qəsd haqqında Malayziyada aparılan istintaqla əlaqədar Şimali Koreya səfirinin “arzuolunmaz adam” elan edildiyi bildirildi.
Bu istintaq məsələsində Malayziyaya “güvənməyəcəklərini” söyləyən səfir Kang, malayziyalı səlahiyyətliləri ayrıca “xarici qüvvələrlə bir olub oyun oynamaqda” günahlandırmışdı.
Kanga ölkəni tərk etməsi üçün 48 saat vaxt verən Malayziya XİN açıqlamasında, Şimali Koreyadan bu ittihamlara görə gözlənilən üzrxahlığın da gəlmədiyini xatırladıb.
azadliq.info