AMİP sədri: “İctimai Palataya qayıtmağımız gündəmdədir”
Yusif Bağırzadə: “Artıq balanslaşdırılmış siyasətin zamanı keçib”
Hakimiyyət hələ də Avropa Parlamentində onun ünvanına səslənən sərt ittihamları unuda bilmir. Qurumun qəbul etdiyi qətnamədə iqtidarı qıcıqlandıran məqamlardan ən əsası hakimiyyət təsilçilərinə qarşı konkret sanksiyaların tətbiq olunmasının istənilməsidir. Hakimiyyət yenə ənənəsinə sadiq qalaraq ünvanına səslənən ittihamların müəlliflərini ermənipərəstlikdə ittiham etdi. Müsahibimiz AMIP sədri Yusif Bağırzadə ilə müsahibəmizə məhz bu mövzu ətrafında baş verənlərdən başlamaq qərarına gəldik:
Beynəlxalq institutlar qarşısındakı öhdəliklər yerinə yetirilməlidir
– Avropa Parlamenti elə bir təşkilatdır ki, bu qurum hər zaman Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirib. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, işğal altında olan torpaqlardan qoşunların çıxarılmasını tələb edir. Eyni zamanda Avropa Parlamenti Ermənistanın Qarabağ ərazisində apardığı qanunsuz tikililərin dayandırılmasını tələb edir. Avropa Parlamenti, ümumiyyətlə, problemin sülh yolu ilə həllinin tərəfdarıdır. Bu, Azərbaycan üçün Qarabağ probleminin çözülməsi istiqamətində gözəl müstəvidir. Bu yaxınlarda Azərbaycandan olan nümayəndə heyətinin tərkibində Brüsselə səfərimiz olmuşdu. Səfər çərçivəsində həm Avropa Komissiyasında, həm də Avropa Parlamentində görüşlərimiz olmuşdu. Biz Isveçin hazırda hakimiyyətdə olan Modearat Partiyası ilə sıx əməkdaşlıq edirik. Bu partiyanın Avropa Parlamentində olan deputatları səfərimiz zamanı xüsusi bəyanatla çıxış etdilər ki, üç Cənub Qafqaz dövlətlərinin Avropa Birliyinə inteqrasiyasının yumşaq modeli tapılmalıdır. Əməkdaşlığın bu forması Azərbaycanın maraqlarına uyğundur.
AMIP Azərbaycanda yeganə siyasi təşkilatdır ki, Beynəlxalq Demokrat Ittifaqında təmsil olunur. Bizim bu qurum vasitəsilə Avropada həm hakimiyyətdə, həm də müxalifətdə olan partiyalarla əlaqə imkanlarımız genişdir. AMIP bir sağ-mərkəzçi partiya olaraq Avropa ölkələrindəki partiyalarla həm Beynəlxalq Demokrat Ittifaqı çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq edir. Məsələn, AMIP-in Böyük Britaniyanın Mühafizəkarlar Partiyası ilə ikitərəfli əməkdaşlığı da var. Keçən ilin noyabrında Britaniyanın baş naziri Kameronun dəvəti ilə Beynəlxalq Demokrat Ittifaqın Londonda keçirilən toplantısına qatılmışdıq. Bu cür toplantılarda bir daha Qərbin yanaşma prinsiplərinin şahidi olursan. Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan son qətnaməyə də bu prizmadan yanaşmaq lazımdır. Qərb ölkələrlə münasibətlərini seçkilərə uyğun olaraq müəyyənləşdirir. 2010-cu ildə Azərbaycandakı parlament seçkiləri saxtalaşdırıldı. Bu barədə həm seçkidə iştirak edən partiyaların, həm də ATƏT-in, ABŞ Dövlət Departamentinin obyektiv bəyanatları oldu. NATO-nun son sammitində təşkilat rəsmiləri bəyan etdilər ki, onlar Gürcüstanın alyansa daxil olmasında problem görmürlər. Və NATO rəsmiləri eyni zamanda Gürcüstana münasibətdə vurğulayırlar ki, onlar bu ölkədə qarşıdan gələn prezident seçkisinin demokratik normalara uyğun olacağına inanır. Bu bir daha göstərir ki, Gürcüstanın da beynəlxalq təşkilatlara daxil olması məhz seçkilərdən keçir. Azərbaycan da gərək beynəlxalq institutlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsin. Bura söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüququ, demokratik seçkilər daxildir. Amma 2010-cu ildə hakimiyyət qara bir xətt çəkərək aparıcı müxalifət partiyalarının parlamentə düşməsinə icazə vermədi. Halbuki Azərbaycan Avropa Şurasına daxil olarkən müxalifət partiyalarının təmsilçiləri də bu sənədə imza atıblar.
Avropa Parlamentində müxalifət üçün yeni imkanlar
– Səfəriniz müddətində keçirdiyiniz görüşlərdə hansı qənaətə gəldiniz? Qərb diplomatları Azərbaycan reallıqları barədə məlumatlıdırmı?
– Avropa Parlamentində Avropa Xalq Partiyasının(AXP) çox güclü fraksiyası var. AMIP Avropa Xalq Partiyasına üzv olmaq üçün müraciət edib. Yeri gəlmişkən, hakim partiya da dörd il öncə bu addımı atıb. AXP-yə üzvlük müxalifət üçün geniş imkanlar açacaq. Burada təmsilçilik Azərbaycan reallıqlarının dünyaya çatdırılması üçün bir vasitə olacaq. Bir sözlə, bu yalnız AMIP-in deyil, eyni zamanda AXCP-nin və digər müxalifət təşkilatlarının tribunası olacaq. AMIP Avropa Parlamentinə bir partiya olaraq inteqrasiya etmək istəyir. Bu qurumda təmsil olunan dövlətlərin hər birinin Azərbaycanda səfirlikləri var. Onlar vasitəsilə Azərbaycan barədə məlumatlar formalaşır. Avropa Parlamentini eyni zamanda Azərbaycanın təhlükəsizliyi də maraqlandırır. Məsələn, keçən il Ermənistanın Azərbaycana qarşı geniş hərbi əməliyatlara keçmək niyyəti var idi. Məhz Avropa Parlamenti Ketron Eştonun vasitəsilə bu məsələyə müdaxilə edərək Ermənistanı bu niyyətindən çəkindirdi. Baş verənlərdə NATO-nun da dəstəyi oldu. Qərb eyni zamanda Gürcüstana qarşı təhdidləri Azərbaycandan ayırmır. Çünki Azərbaycanın karbohidrogen resursları məhz Gürcüstan vasitəsilə Avropaya çatdılır. Bütün bunların fonunda demokratik dəyərlərə münasibət, siyasi partiyalara fəaliyyət imkanının yaradılması da unudulmur.
– Novruz Məmmədov bəyan edir ki, hakimiyyət AB ilə assosiativ üzvlük proqramı çərçivəsində əməkdaşlıq barədə hələ fikirləşəcəyini bəyan edib. Halbuki bu layihə çərçivəsində əməkdaşlıq Azərbaycana artıq bir neçə ildir ki, təklif olunub. Hakimiyyətin assosiativ üzvlük proqramına qoşulmağa tələsməməsinin səbəbi nədir?
– Assosiativ üzvlük Azərbaycanı bir sıra öhdəliklərə məcbur edəcək. Avropa Birliyinin assosiativ üzvlüklə bağlı Azərbaycana yönəlik son sənədində bir sıra tövsiyələr əksini tapıb. Azərbaycan bu tövsiyələri yerinə yetirməyə tələsmir. Amma bu müqaviləyə Azərbaycan qol çəkəndən sonra irəli sürülən hər bir sənəd imperativ xaraterlidir və hakimiyyət onu mütləq qəbul etməli olacaq. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığına diqqət yetirin. Ölkəmiz NATO-ya üzvlüyə can atmasa da, heç bir çəkisi olmayan Qoşulmayan Ölkələr Hərəkatına üzv olub. Azərbaycanın yerləşdiyi regionda belə bir addım atılması başa düşülmür. Azərbaycanın arxasında ciddi güc dayanmasa, dövlət siyasi oyunlarda yaşaya bilməz. Məsələn, iki il öncə ABŞ Azərbaycana strateji müttəfiqlik təklif etmişdi. Azərbaycan ona cavab vermədi. Belə bir şans əldən buraxıldı. Azərbaycanın ya güclü strateji müttəfiqi, ya da ölkə hər hansı bir güclü bloka daxil olmalıdır. Bu olmazsa, Azərbaycanın yaşaması çətin ola bilər.
Demokratiyada Ermənistandan da geri qalırıq
– Hakimiyyət Qərbdən gələn ittihamlara maraqlı cavablar verir. Əli Həsənov hətta belə bir açıqlama da vermişdi ki, Qərbin tələblərinin yerinə yetirilməsi üçün gərək xalqın qanının üzərindən keçilsin. Siyasi hakimiyyətin Qərbdən gələn istəklərə bu cür dirəniş göstərməsi nəylə bağlıdır?
– Azərbaycan mütləq islahatlara getməlidir. Bu islahatlar üç istiqamətdə olmalıdır. Siyasi islahatlara gedilməlidir, iqtisadi sahədə ciddi işlərin görülməsinə yol açmalıdır, eyni zamanda hüquqi islahatlar barədə də unudulmamalıdır. Bu gün Azərbaycanda qanun işləmir. Məhkəmə qərarları işləmir. Siyasi, iqtisadi və hüquqi azadlıqların təmin olunması demokratiyanın əsas prinsipidir. Amma Azərbaycan hakimiyyəti qanunları daha da sərtləşdirir. Seçki Məcəlləsi, Siyasi Partiyalar Haqqında qanun daha da sərtləşdirilir. Hakimiyyət ilk olaraq ATƏT-in Venesiya Komissiyasının seçki qanunvericiliyi ilə bağlı irəli sürdüyü təklifləri qəbul etməklə başlamalıdır. Artıq Rusiyada Putin hakimiyyətini legetimləşdirməyə cəhd edir. Bunun üçün bir sıra islahatlara başlamaq istəyir. Azərbaycan islahatlara getməsə Avropaya inteqrasiyada Gürcüstan və Ermənistanın yanında əlverişsiz fonda təqdim olunacağıq. Azərbaycan əgər Şərqdəki ilk demokratik dövləti yaradıbsa, nəyə görə biz bu gün bu istiqamətdə geri qalmalıyıq.
– Hazırda Azərbaycanın qonşuları ilə münasibətləri olduqca gərgindir. Yaşananlar hakimiyyətin elan etdiyi balanslaşdırma siyasətinin iflasa uğrudağını göstərmirmi?
– Artıq balanslaşdırılmış siyasətin zamanı keçib. Azərbaycan konkret addımlar atmalıdır. Azərbaycanın qarşısında bir tərəfdə Avropa institutları, digər tərəfdə Rusiyanın yaratdığı müxtəlif klublar var. Rusiya Avropanın bütün institlarına alternativlər yaradıb. Bu alternativlər həm seçki, həm iqtisadi, həm də siyasi istiqamətlərdədir. Rusiyanın siyasi ittifaqı MDB, iqtisadi birliyi Avrosiya Ittifaqıdır. ATƏT-in seçki missiyasına da Rusiya MDB-nin müşahidə missiyasını yaradıb. Azərbaycan yaranmış situasiyada Avropaya inteqrasiyanı üstün tutmalıdır, qanunvericiliyə ciddi dəyişikliklər etməlidir. Azərbaycanın geosiyasi oyunlar üçün nə vaxtı, nə də imkanları var. Çünki Azərbaycan ya Rusiyanın maraqlarına uyğun hərəkətlər etməli, ya da Qərbi seçməlidir. Rusiyanın Azərbaycana təhdidləri davam edir. Lavrov Bakıya son səfərində Azərbaycanı təhqir edən bəyanatla çıxış etdi. O bildirdi ki, BMT-nin Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamənin artıq fəaliyyət müddəti keçib. Bu isə bir daha göstərir ki, Azərbaycanın balanslaşdırılmış siyasətinin zamanı bitib.
Hakimiyyətin islahat aparmaq fikiri yoxdur
– Milli Məclis “Informasiya əldə etmək haqqında” qanuna dəyişiklik edərək, onu bir qədər də mürtəceləşdirdi. Bir çoxları hesab edir ki, bu, son zamanlar dövlət başçısı barəsində mətbuatda gedən araşdırma yazılarının gələcəkdə təkrarlanmaması üçündür?
– Yəqin ki, dəyişiklik məhz buna xidmət edir. Informasiya yaymaq, onu əldə etmək fundamental insan hüquqlarının bir hissəsidir. Bu hüquq məhdudlaşdırılırsa, deməli, Azərbaycanda avtoritar münasibətlərin formalaşması prosesi gedir. Bu bir daha göstərir ki, hakimiyyətin islahat aparmaq, dialoqa getmək fikri yoxdur. Məsələn, 2003-cü ildən sonra bir dəfə də olsun hakim partiya siyasi təşkilatlarla dialoqa getməyib. Ümumiyyətlə, ATƏT-in Azərbaycandakı ofisinin nə iş gördüyü məlum deyil. Biz dəfələrlə onlara təklif etmişik ki, siyasi partiyalar arasında dialoqlar təşkil edilməlidir. Hətta mənim bu il ATƏT-in Bakı ofisinin rəhbərinə görüş üçün poçt vasitəsilə göndərdiyim rəsmi müraciətim də olub. Üstündən aylar keçməsinə baxmayaraq heç məktuba cavab da verməyiblər. Halbuki digər beynəlxalq təşkilatlar, səfirliklər daxil olan müraciətlərə mütləq şəkildə cavab verirlər.
– AMIP-in Ictimai Palata ilə əlaqələrini yenidən gücləndirəcəyi barədə fikirlər səsləndirilmişdi. Hazırda bu istiqamətdə situasiya necədir?
– Ictimai Palatanı 2010-cu ildə seçkilərdə iştirak edən namizədlər formalaşdırıb. O zaman məqsədimiz o idi ki, Azərbaycanda yeni parlament seçkiləri keçirilsin. AMIP Ictimai Palatanın təsisçilərindən biridir və bu gün də bu statusda qalmaqdadır. Amma partiyada bu haqda müəyyən fikir ayrılığı var. Bizim bugünkü günə heç bir qurumda təmsil olunmamağımız o deməkdir ki, AMIP-in Ictimai Palataya qayıtması gündəmdədir. Bizim sonuncu iclasımızda da bu müzakirə olunub. Amma bizim təşkilatda bütün qərarlar konsensusla qəbul olunur. Bizə müxtəlif partiyalardan əməkdaşlıq təklifi gəlsə də biz bu istiqamətdə addım atmırıq. AMIP Ictimai Palatanı bir güc mərkəzi kimi görür. AMIP-in Ictimai Palatadan uzaqlaşmasının səbəbi fəaliyyət zamanı əvvəldən razılaşdırılmış bir sıra ilkin şərtlərin pozulması idi.
– Ictimai Palata ilə AMIP-in perspektivdə əməkdaşlığın necə görürsünüz?
– Bildiyiniz kimi müxalifətin beş böyük partiyası vaxtaşırı toplaşır və ölkədə baş verənləri müzakirə edir. Bu partiyalar AMIP, AXCP, ADP, KXCP və Müsavatdır. Mən ordada təklif etmişəm ki, bu formatdakı təmsilçilik Ictimai Palatada da təkrarlansın. Amma müxalifətin beşlik formatı bir ittifaq deyil və heç bir quruma, birliyə qarşı deyil.
Xəyal