“Azadlıq”ın Biləsuvardakı regional əməkdaşı Ziya Əsədli yerli hakimiyyət orqanları tərəfindən təqib edilir. Bu məsələ ilə bağlı əvvəl də məlumat vermişdik. Hələ ötən ilin noyabr ayında Bakıya gələrkən onu Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsinə aparıb orada sorğu- sual etmişdilər ki, niyə “Azadlıq”da işləyirsən.
İndi isə bu təqib kampaniyası Biləsuvar icra hakimiyyəti və Polis İdarəsi tərəfindən davam etdirilir. Ziya Əsədli sabiq hərbçidir. Hərbi qulluqda olduğu zaman ona ümumi qaydada iki otaqlı mənzil verilib. İndi yerli hakimiyyət orqanları ona qarşı iddia irəli sürürlər ki, o zaman bu ev veriləndə hansısa qanun pozuntuları olub. Baxmayaraq ki, heç bir qayda və qanun pozuntusundan söhbət gedə bilməz. Bundan əlavə, Ziya Əsədliyə qarşı xüsusi öyrədilmiş adamlar vasitəsilə təxribatlar törədilir. Təzyiqlər davam etdikcə, bu barədə məlumat verəcəyik.
azadliq.info