Merin oğlu ilə məhkəmə çəkişməsinə gedən biznesmen jurnalistlərə şok faktlar açıqladı
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun adından hədələnən yəhudi əsilli biznesmenin ofisindən indi də şərikini də çıxarmaq istəyirlər. Bu məqsədlə ötən gün ofisə Yasamal Rayon Məhkəməsinin İcra şöbəsinin əməkdaşı ilə İsrafil Abutalıbovun adamı olan Bəxtiyar Məmmədovun vəkili gələrək ofisin sahibi Qurban Mahmudovun şəriki olan Maqsud Mahmudovdan obyekti boşaltmasını tələb edirdilər.
“İş rejimimi pozurlar, narahatlıq yaradırlar”
Məhkəmə icraçıları gələnə qədər Maqsud Mahmudov ofisdə jurnalistləri qarşılayaraq başına gələn olaylarla bağlı bilgi verdi. Biznesmen Ukraynada ticarətlə məşğul olduğunu, 2009-cu ildə isə Azərbaycana gələrək Bakıda da biznes qurduğunu dedi. Ölkədə bizneslə məşğul olmaqa üçün Yasamal rayonu Nazim Hikmət küçəsi mənzil 62-də yerləşən obyekti “Spektr” MMC-nin direktoru Bəxtiyar Məmmədovdan icarəyə götürüb. Tərəflər arasında 2019-cu ilə qədər müqavilə imzalanıb. Bundan başqa, Maqsud Mahmudovla “Spektr” MMC-nin direktoru Bəxtiyar Məmmədov arasında notarius qaydasında 2014-cü ilə qədər müqavilə imzalanıb. Sözügedən müqavilə 32 saylı Notariat Kontorunda qeydə alınıb. Başına gələn olaylardan danışan Maqsud Mahmudov deyib ki, bu ünvanı icarəyə götürdükdən sonra yəhudi əsilli şəriki Qurban Mahmudovla Lombard biznesi ilə məşğul olmağa başlayıb: “Qurban Mahmudovun özünün də “Spektr” MMC ilə müqaviləsi var idi. Onun müqaviləsi 2012-ci ilin mayında başa çatdığı üçün buranı tərk edib. Hazırda obyektdə biznes fəaliyyəti ilə ancaq mən məşğul oluram. Ancaq günün birində “Spektr” MMC-nin direktoru Bəxtiyar Məmmədov məndən Qurbanın kim olduğunu soruşdu. Mən də bildirdim ki, şərikimdir. Bu söhbətin üstündən 3 gün keçdikdən sonra Bəxtiyar gəlib dedi ki, buranı bağlayırıq çıxın. O, Hacıbala Abutalıbovun oğlu İsrafilin adından danışdı. Dedi ki, mən sizi buradan çıxarıram, çünki İsrafil deyir ki, bu biznes dinə ziddir. Mən də dedim ki, İsrafil kimdir, getsin öz işi ilə məşğul olsun. İcarə müqaviləsi bağlamışam, hər ay icarəmi ödəyib fəaliyyətimi göstərirəm. Bir müddət sonra isə Vüsal adlı şəxs gəldi, o da buranın sahibi olduğunu obyektdən çıxmağımı tələb etdi. Bu haqda Bəxtiyar Məmmədovdan soruşanda o da söylədi ki, ola bilər buradan çıxsın. Obyektdən bir qədər aşağıda məscid yerləşir. Həftənin beşinci günü isə iki nəfər vəhhabi gəlib dedi ki, buranı boşaldın, siz dinə zidd fəaliyyət göstərirsiniz. Faktiki olaraq mənim müqaviləm olduğuna, qanunu fəaliyyət göstərməyimə baxmayaraq hazırda iş rejimimi pozurlar, narahatlıq yaradırlar. Anlaya bilmirəm ki, İsrafil Abutalıbov bizdən nə istəyir”.
“İsfəndiyarın adamına 107 qramlıq birliyant vermişəm”
Maqsud Məmmədov deyir ki, qarşı tərəf Qurban Mahmudova bu ünvandan çıxarmaq üçün 1 saylı İnzibati İqtisad məhkəməsində iddia qaldırıb: “Mayın 31-də iddia verilib, iyunun 1-də isə məhkəmə ildırım sürəti ilə işə baxıb və şərikimi ofisdən çıxarmaq haqda qərar verib. Ancaq burada ciddi uyğunsuzluqlar var. İş ondadır ki, Qurban Mahmudovun icarə müqaviləsi mayda bitib, ancaq o İsrafil Abutalıbovun adından hədələndiyi üçün tərk edib. Üstəlik bu haqda həm hakimə, həm də qarşı tərəfə teleqram göndərib. İndi bu ofisdə nə Qurban Mahmudov var, nə də onun biznesi. Belə olan halda ancaq mənim “Spektr” MMC ilə müqaviləmin vaxtına hələ bir il müddət var. Ancaq bunlar İnzibati İqtisad Məhkəməsində iddia qaldıranda mənimlə notariat qaydada müqavilə olduğunu hakimdən gizlədiblər. Mən bu məsələ ilə əlaqədar olaraq hakim Sevinc Əliyevanın qəbulunda oldum və ona rəsmi sənədləri göstərdim. Hakim də bildirdi ki, qərarda Qurban Mahmudovun buradan çıxarılması göstərilib. Bu qərarın mənə heç bir aidiyyəti ola bilməz. Dedi ki, məhkəmə nəzarətçiləri obyekti boşaltmağa gələndə bu sənədləri onlara da təqdim edim. “Spektr” MMC və ya İsrafil Abutalıbov ona görə məhkəmədə mənə qarşı iddia qaldırmır ki, əlimdə 32 saylı notariusdan qeydiyyatdan keçən icarə müqaviləsi var. Bu səbəbdən də, hazırda burada olmayan, müqavilə müddəti bitdikdən sonra çıxıb gedən Qurban Mahmudova qarşı iddia qaldırıblar. Məqsəd isə bu adla və qanuni məhkəmə hökmü ilə məni buradan çıxarmaqdır. Çünki mənim icarə müqaviləm var, hər ay 1000 manat icarə haqqı ödəyirəm. Heç demirəm ki, “Spektr” MMC vergidən qaçmaq üçün verdiyim icarə haqqını 800 manatdan qeydə alır. Məni buradan ancaq müqavilə vaxtım başa çatdıqdan sonra çıxarmaq mümkündür. Bu qanunun tələbidir”.
İş adamının sözlərinə görə, əgər mülkiyyət sahibi onun buradan çıxmağımı istəyirsə müqavilənin şərtlərinə uyğun olaraq bu obyektə xərclədiyini ödəməlidir: “Bu ofisi icarəyə aldıqda qəzalı vəziyyətdə idi. Təkcə təmirinə 35 min manat xərcim çıxıb. Həmçinin gələn ilin yanvarına qədər icarə haqqını ödəmişəm. “Spektr” MMC-nin direktoru Bəxtiyar Məmmədova 107 qramlıq çəkisində 750 əyyarlı birliyant dəst vermişəm. Bunun pulu icarədən çıxılır. Buradan çıxmağım üçün çəkdiyim xərc ödənməlidir”.
Maqsud Mahmudov biznes fəaliyyətinə başladığı üçün banklardan ümumilikdə 3 milyon manata qədər kredit götürüb: “Bu krediti mən buradakı fəaliyyətimə görə götürmüşəm. Bunun arxasında durmaq lazımdır. Hər ay kreditimi, vergimi, icarə haqqımı ödəyirəm. Biz krediti bu işimizə görə götürmüşük. İsfəndiyar Abutalıbovun yeri mənə lazım deyil. Burada mənim 3100 müştərim var”.
İş icraçısı akt tərtib edib getdi
Maqsud Mahmudov onu zorla ofisdən çıxarmağın səbəblərini də açqıladı. Fikrincə məqsəd iş adamını obyektdən çıxarmaq deyil, ümumilikdə onun qurduğu biznei ələ keçirməkdir: “Əks təqdirdə obyekti satdıqlarını desələr alaram, yaxud da icarə haqqını qaldırarlar. Ancaq bunların işi-gücü iş rejimini pozmaq, narahatçılıq yaratmaq, qorxutmaqdır. Artıq qeyri qanunu hərəkətlərlə bağlı Yasamal rayon məhkəməsində iddia qaldırmışıq. İyunun 11-də hazırlıq iclası olacaq. Biz haqlıyıq və qanun bizim tərəfimizdədir. Ticarət olanda nə olar? Bu işdə də yazılmamış bir qanun var ki, buna da halallıq deyirlər. Təmirə xərclədiyim pulu və yanvara qədər ödədiyim icarə haqqını qaytarsınlar buradan çıxım”.
Sonda iş adamı deyib ki, bu müddət ərzində vəhhabi təriqətinə məxsus olan şəxslər onu buradan çıxmasını istəyiblər, eləcədə fərqli şəxslər bununla bağlı ona təzyiqlər ediblər. Ən maraqlısı budur ki, vəhhabi olduğu iddia edilən şəxslərin və digərlərinin sahibkarla danışıqlarının video görüntüləri, fotoları var. Onların arasında Hacıbala Abutalıbovun oğlu İsfəndiyar Abutalıbovunda olduğu da deyilir.
Sözügedən ofisin yaxınlığında Bakı merinə məxsus bir neçə obyekt var ki, indi onların hamısı satılıb: “Yaxınlıqdakı restoranı lənkəranlı bir adama satdılar. Hansısa səbəblərə görə Hacıbala Abutalıbov öz obyektlərini satır. Əgər bu obyekti də satmaq istəyirlərsə mən almağa hazıram”.
Jurnalistlərə geniş bilgi veriləndən sonra məhkəmə icraçısı qarşı tərəfin vəkili ilə ofisə gəldilər. Maqsud Mahmudov əlindəki sənədləri onlara təqdim etdi. Məhkəmə icraçısı sənədlərə baxaraq akt tərtib edərək getdi…
Ramin DEKO