“Ərəb dünyasının CNN-i” adlanrırılan Qətərin “Əl-Cəzirə” kanalı AXCP-nin təşkilatçılığıyla ötən gün Milli Parkda keçirilən dinc aksiyadan xəbər yayımlayıb. Xəbərdə müxalifət tərəfdarlarının dinc etiraz aksiyasını polislərin zorakılıqla dağıtdığı və fəalların həbs olunduğu deyilir: “Polis askiya iştirakçılarını zorakılıqla tutaraq maşınlara doldurdu. Müxalif fəallar həbs olunarkən “Azadlıq” şüarını səsləndirirdi”.
“Əl-Cəzirə” Azərbaycanda totalitar idarəçiliyin hökm sürdüyünü, insan hüquq və azadlıqlarının sərt qaydada məhdudlaşdırıldığını bildirib. Telekanal Norveç Helsinki Komitəsinin müşahidəçisi Ander Nielsenin “Frans Press” xəbər agentliyinə verdiyi açıqlamasını da tirajlayıb. Nielsen xəbər agentliyinə deyib ki, Azərbaycanda baş verən son hadisələr ölkədə totalitar rejimin olduğunu söyləməyə əsas verir.
“Ərəb dünyasının CNN-i” başqa bir reportajında ölkəmizin “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməsinə və hakimiyyətin vətəndaşların mülkiyyət hüquqlarını pozmasına da toxunub: “Şənbə günü Bakıda “Eurovision” musiqi yarışmasının finalı keçiriləcək. Azərbaycan hakimiyyətinin əsas məqsədlərindən biri də yarışma vasitəsilə Bakını beynəlxalq mədəniyyətin mərkəzi kimi təqdim etmək idi. Lakin müstəqil və müxalif fəallar deyir ki, “Eurovision”a yarışma üçün rekord sayıla biləcək həddə vəsait xərcləyib. Yarışmayla əlaqədar “şəhərin abadlaşdırılması” adı altında təxminən 4 min mənzil yerlə-yeksan edilib, 50 minə qədər vətəndaşın mülkiyyət hüququ pozulub”.