Görkəmli şair Səməd Vurğunun ev muzeyi
Bakı muzeylər sarıdan zəngin şəhərdir. Paytaxtımızda maraq doğuran muzeylər sırasında tarixi şəxsiyyətlərin ev muzeylərinin də öz yeri var. Görkəmli Azərbaycan şairi Səməd Vurğunun ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. Səməd Vurğunun ev-muzeyi XIX əsrdə inşa edilmiş yaşayış binasının III mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Görkəmli şair ömrünün son illərini bu mənzildə yaşayıb, yaratmışdır.
Muzey 1974-cü ildə respublika hökumətinin qərarı ilə təşkil edilmiş və 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur.
Fəaliyyət göstərdiyi müddət ərzində muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı gərgin araşdırmalar aparılmışdır. Şairə aid xatirə əşyaları, orijinal fotoşəkillər, rəsm əsərləri, əlyazmalar, tədqiqat əsərləri, hədiyyələr, ötən illərin qazet-jurnalları və s. materiallar muzeyin fondunu daha da zənginləşdirmişdir. Muzeydə 16000 mindən çox eksponat mövcuddur.
Səməd Vurğunun vətənində – Qazax rayonunun Yuxarı Salahlı kəndində muzeyin filialı olan “Poeziya evi” fəaliyyətdədir. Muzey həmçinin Bakıda və rayonlarda şairlə bağlı təşkil olunan muzey və guşələrin yaranmasına və zənginləşməsinə yaxından köməklik göstərir.
Muzeydəki üç otaq – şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi saxlanılır. Digər üç otaqda isə Vurğunun həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsinin əbədiləşdirilməsini əks etdirən ekspozisiya yaradılmışdır.
Şairin iş otağı – kabinetində hər şey sadəliyi ilə diqqəti cəlb edir. Burada yazı stolu, stullar, kitablarla dolu şkaflar öz yerini tutub. Yazı stolunun üstündə şairin son əlyazmaları, ömür vəfa etmədiyiyi üçün çəkə bilmədiyi papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulmuşdur. Səməd Vurğun “Vaqif”, “Fərhad və Şirin”, “Insan”, “Aygün” və bir çox başqa sənət incilərini, məqalələrini, çıxışlarını bir zamanlar bu yazı stolunun arxasında ərsəyə gəlmişdir.
Şairin qonaq otağı onun sağlığında olduğu kimi qorunub saxlanılır. Səməd Vurğun həm də qonaqpərvərliyi ilə seçilən görkəmli bir şair olub. Bu qonaq otağına tez-tez şairin dostları – yazıçılar, bəstəkarlar, rəssamlar, kənd zəhmətkeşləri və onun istedadının pərəstişkarları toplanırdı.
Otaqdakı royal da böyük marağa səbəb olur. Bu royalda vaxtilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də məşhur bəstəkarlarımızdan Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov öz əsərlərini ifa etmişlər.Qonaq otağında həmçinin 1944-cü ildə xalq rəssamı Mikayıl Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayış etdirilir. Səməd Vurğun burada öz bağında, dərin düşüncələr aləmində təsvir olunmuşdur.
Muzeyin xatirələr dünyası
Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman, 1956-cı il mayın 27-də axşam saat 8:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırmışdır.
Memorial otaqlarından sonuncusu şairin yataq otağıdır. Burada da hər şey sağlığında olduğu kimi qorunub saxlanılır…
Muzeydə müxtəlif səpkili tədbirlər də keçirilir. Ildə iki dəfə, martın 21-də və mayın 27-də şairin “Xatirə günləri” keçirilir. Müxtəlif vaxtlarda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirlərdə görkəmli elm və mədəniyyət xadimləri, şairin qələm dostları, o dövrün ədəbi gəncliyi iştirak etmişlər. Bir vaxtlar şairin xatirə məclislərində onun haqqında öz ürək sözlərini söyləmiş insanların əksəriyyəti indi özləri xatirələrdə yaşayırlar…
Şairlə bağlı tədbirlərlə yanaşı, ev-muzeyində ayrı-ayrı ədəbi hadisələrə, şairin qələm dostlarının yubileylərinə, tarixi günlərə həsr olunmuş tədbirlərin keçirilməsi, eləcə də bu tədbirlərdən bir çoxunun respublikada ilk dəfə olaraq məhz bu muzeydə (Azərbaycan Demokratik Respublikasının ildönümü: tədbir və sərgi – 1988, Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 150 illiyi: tədbir və sərgi – 1989) təşkil olunması respublika ictimaiyyətində xüsusi maraq doğurmuşdur.
Muzeyə gələn tamaşaçılar və tədbir iştirakçıları böyük şairin həyat və yaradıcılığını çox maraqla izləyir, onun səsinin lent yazısına böyük məhəbbətlə qulaq asır, şairi müxtəlif illərdə əks etdirən kino-xronikaya çox həyəcanla bıxırlar. Onlar muzeydə keçirdikləri hissləri, şairə olan hədsiz məhəbbətlərini rəy kitablarında qeyd edirlər.
Muzeyə 1975-2006-cı illərdə xalq şairinin həyat yoldaşı Xavər Vəkilova, 2006-2009-cu illərdə qızı Aybəniz Vəkilova, 2099-cu ildən isə Aygün Vəkilova rəhbərlik edir.
Səməd Vurğunun ev-muzeyi həm də xeyli incəsənət əsərlərinin tolandığı bir məkandır. Şairin şəxsiyyəti və yaradıcılığı ilk günlərdən tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzində olduğu kimi, incəsənət sahəsində çalışanların da maraq dairəsində olmuş, onlar bu mövzuya dönə-dönə müraciət etmiş və bu gün də maraq göstərirlər. Fırça və tişə ustalarından M.Abdullayev, F.Əbdürrəhmanov, P.Sabsay, O.Sadıqzadə, K.Kazımzadə, B.Əfqanlı, N.Ismayılov, D.Kazımov, T.Kərimov, H.Zeynalov, A.Hüseynov və bir çox başqaları şairin əzəmətli obrazını, habelə əsərləri əsasında illüstrasiyalar və tamaşa eskizləri yaratmışlar.
Böyük sənət əsərləri toplusu
Bu sənət əsərlərinin əksəriyyəti şairin ev-muzeyində toplanmışdır. Bu sənət əsərlərinin hamısının eyni vaxtda ekspozisiyada nümayiş etdirilməsi mümkün olmadığından muzeyin kollektivi “Səməd Vurğun təsviri sənətdə” adlı albom nəşr etdirmişdir. Albomda muzeydə toplanmış sənət əsərlərinin fotoşəkilləri çap olunmuş, bu əsərlər barədə qısa məlumat verilmişdir. Eyni zamandaÿsənətşünas, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Səməd Vurğun dünyası rənglərin işığında” adlı ön söz yazdığı nəşrin elektron versiyası da buraxılmışdır.ÿÿÿ
Muzeydə Səməd Vurğunun naturadan çəkilmiş daha iki portreti – iki qrafika işi də var. Bunlardan biri 1950-ci ildə Bakıda rəssam Yar Kravçenko, digəri isə 1954-cü ildə Moskvada, şair Pavel Antokolskinin evində rəssam Bunin tərəfindən çəkilmişdir.
Başqa bir boyakarlıq əsəri “Şair, nə tez qocaldın sən” adlanır. Rəssam Nəcəfqulu Ismayılov öz tablosuna Səməd Vurğunun eyni adlı şeirinin adını vermişdir.
Fırça ustalarından Oqtay Sadıqzadənin, Davud Kazımovun, Arif Hüseynovun, Əhməd Cuanın (Iran) və Hafiz Zeynalovun ərsəyə gətirdikləri tablolarda da bütün yaradıcılığı boyu mənsub olduğu xalqın keçmişini və bu gününü, arzu və istəklərini qələmə alan Səməd Vurğunun əzəmətli obrazı yaradılmışdır.
Xalq rəssamı Mikayıl Abdullayevin çəkdiyi tablo “Şairin gəncliyi” adlanır. Burada təsvir olunan kənd uşağının – Səmədin nikbin nəzərləri parlaq gələcəyə dikilmişdir. Rəssamın yağlı boya ilə işlənilmiş başqa bir əsəri – “Səməd Vurğunun portreti” adlanır. Mikayıl Abdullayev bu tablonu şairin sağlığında – 1944-cü ildə naturadan çəkmişdir.
Səməd Vurğunun ev-muzeyinin yerləşdiyi binanın birinci mərtəbəsinin bayır divarında şairin büstü (heykəltəraş Pyotr Sabsay) qurulmuşdur. Muzeyə giriş qapısının önündə isə tamaşaçı onun büstü (heykəltəraş Aslan Rüstəmov) ilə qarşılaşır…
Dövlət başçısının 13 dekabr 2011-ci il tarixli sərəncamıyla Səməd Vurğunun ev-muzeyinin əsaslı təmir üçün 300 min manat vəsit ayrılmışdır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir