“TRT rəhbərliyi heç bir formada diplomatik korpusa bilet verməyib”.
TRT-nin Bakı bürosunun rəhbəri Yüksəl Deyercan “Qafqazinfo”ya bildirib ki, TRT rəhbərliyinin vəzifəsi Türkiyənin “Eurovision” nümayəndə heyətilə gələn heyət üzvlərini biletlə təmin etməkdir: “Diplomatik korpus bileti özü alır. Onların bizim biletlərə ehtiyacı yoxdur. Bir daha qeyd edirəm ki, TRT yalnız nümayəndə heyətini biletlə təmin etmək səlahiyyətindədir”.
***
Türkiyənin “Milliyet” qəzeti bu ölkənin “Eurovision” təmsilçisi Can Bonomonun yarımfinal qabağı sürprizlə qarşılaşıb. Qəzetin yazdığına görə, Bonomonun meneceri Ece Çelebioğlu ifaçının ailəsinə bilet ayrılmadığını, buna görə də ailənin müsabiqəni “Crystal Hall”da izləyə bilməyəcəyini açıqlayıb. Çelebioğlu “Twitter” sosial şəbəkəsində müsabiqənin təşkilatçılarına öz etirazını bildirib: “Son dəqiqə qolu. Canın ailəsi də daxil olmaqla, ailələlərimiz müsabiqəni izləyə bilmirlər. Çünki biletlər kiminsə qonaqlarına ayrılıb. Bax, kimlərinsə həyat yoldaşları, dostları var, onlar çox vacibdirlər, biletləri onlara veriblər… Canın ailəsi müsabiqəni TV-dən izləyəcək. Burada rəsmən bilet dilənirik”.
Çelebioğlu “Qafqazinfo”ya açıqlamasında məsələyə belə aydınlıq gətirib ki, Can Bonomonun ailəsi üçün TRT tərəfindən ayrılmış biletlər burdakı diplomatik korpusun ailələrinə verilib.