Dünən bərk darıxır, ürəyim sıxılırdı. Eynimi açmaq üçün AzTV-yə baxmaqdan başqa yolum qalmadı. Mavi ekranda turistləri sorğu-sual eləyirdilər. Turistlərin bir neçəsi dedi ki, Qobustana getmək fikrimiz var.
Isveçin “Aftonbladet” qəzeti isə “Nümayişçilər qan içində…” başlığıyla təqdim etdiyi yazıda deyir ki, “Polislər insanları döymək, həbs eləməklə yanaşı, həm də onları şəhərdən xeyli uzağa aparırdı”. Yəqin ki, anladınız, söhbət Qobustandan gedir.
Polis öz amansızlığı, qəddarlığı üzündən ürəyi gedən kişi qeyrətli (deyəsən, bu söz öz yönünü dəyişib, “qadın qeyrətli” olacaq) xanımın halına baxıb “artistlik eləyir” deyirdi. Artistə çevrilən bir rejimin polisi, əlbəttə, belə düşünəcək. Yeri gəlmişkən, “artist” ayamasının yaranışının özündə bir xəstə və cahil təfəkkür yatır. Çünki sənətə ikrahla baxan geridəqalmış toplumlardan bundan artığını gözləmək də olmaz. Ayıq cəmiyyət artist sözünün yerinə daha uyğununu tapardı. “Zərdüşt belə söylədi”də Nitsşe necə deyir: “Dövlət öz şirin dilləriylə hər nə söylərsə, yalan söylər”. Dövlət isə xəstə rejimlərdə öz başçısından başqa biri deyil…
Nə isə, dalıb getdim, mövzu qaldı. Hə, 21 may aksiyasında şərə nər oğlu nər kimi sinə gərən vətəndaşlarımızı Içərişəhərin Qoşa Qala qapısı ağzında şil-küt eləyəndən, polis şöbəsinə aparıb orda da işgəncə verəndən sonra aparıb Qobustanın ilan mələyən tarixi çöllərində Allah ümidinə buraxıblar. Bu, cəhənnəm əzabıdı belə isti günlərdə. Ancaq məsələ bu: Azərbaycana zövqü-səfa üçün gələn turistlər məhz həmin Qobustana getmək istəyirlər. Eyni yer necə də eyni anda həm cənnət, həm cəhənnəm ola bilərmiş. Yəni o turistlərdən biri təsadüfən aksiyada tutulsa, maraq üçün səsini çıxarmasa və aparılıb həmin Qobustanda buraxılsa, qayıdıb küfrlər yağdıracaq. Ancaq bahalı turist avtobuslarına minib Qobustan qayaüstü rəsmlərin seyrinə yollansa, bayğınlıqla “oh my God” deyəcək, elə Qobustana aparılan aksiya iştirakçıları da eyni şeyi deyir, ama zülmün qarşısında.
Qobustanı neynirik, Azərbaycan varkən onun bir köşəsindən danışmağın nə önəmi. Deyilənə görə, ölkəmizə 20 min turist gəlib. Bakını dolaşır, hər gün ən bahalı restoranlarda üç öynə yemək yeyir, bahalı dükanları, təmtəraqlı küçələri, meydanları dolaşır, gizli kazinolara gedirlər. Onlar üçün Azərbaycan cənnətdi. Çənəsi qırılan belçikalı və üzünə şillə vurulan alman jurnalisti çıxmaqla gələnlər özlərini xoşbəxt hiss eləyirlər. Onlar nə bilsin ki, Bakı Azərbaycan deyil, Bakı bu ölkənin kral ailəsi və onların yan-başlarının özləri üçün quraşdırmaqda olduqları böyük və tarixi bir parkdı. Insanları paytaxtın mərkəzi yerlərindəki evlərindən, şəxsi mülklərindən küçələrə boşuna atmırlar ki! Verdikləri kompensasiyanın yerinə görə qəpik-quruş olması da boşuna deyil. Bilirlər ki, onlar bu paraya ancaq ucqarlarda yuva sala bilərlər. Ev də yox. Məhz yuva. Keçmiş “Basin”i elə-belə, hansısa park tikintisi üçün yerlə bir eləmirlər ki! Oliqarxların o yörədə tikilən göydələnləri və onların harınlamış sakinləri pəncərələrindən baxanda gözləri tatı evləri yox, yarlı-yaraşıqlı mənzərələri görməlidi axı.
Bəli, turisti bunları haradan bilsin… Bunu bilmək üçün azı bircə həftə sıradan bir bakılı, azərbaycanlı olmaq lazımdı. Çox yox, bircə dəfə Milli Parka gedib iki stəkan çay içməli və buna görə 20 manat ödəməlisən ki, əslində Bakının Bakı yox, harınlamış hakimiyyət yiyələrinin istirahət parkı olduğunu anlayasan. Necə ki ötən əsrin əvvəllərində indiki dənizkənarı park proletariatın, Filarmoniya bağı isə milyonçuların gəzi yeriydi. Indi bütün Bakı Filarmoniya bağıdı. Kasıb-kusub isə Kürdəmirə-zada dincəlməyə gedə bilər. Barışmayanlar isə, bir baş Qobustana…