“Elçibəy hakimiyyəti Azərbaycanı yaxın qonşuları ilə düşmən etmişdi, Heydər Əliyev gəldi, hər şeyi yoluna qoydu” – dünənə qədər YAP-çıların qulaqlarımızı yağır eləyən, ən sevimli təbliğat cümlələrindən biri idi bu. Amma bu gün nə görürük?
Türkiyə ilə qardaşlığın yerində yel əsib yengələr oynayır. Rusiya desəniz, o da artıq əvvəlki Rusiya deyil – hanı Ruşayloların, Narışkinlərin Bakını su yoluna döndərdikləri, rejimin azca ayağı büdrəyən kimi gəlib Prezident Aparatında, Ramiz Mehdiyevin kabinetində oturaraq Əliyevin kürəyini sıvadığı çağlar?
Təzəlikcə Əli Həsənovun öz ağzından eşitdik – Gürcüstanla da aramızı vurmaq istəyən qüvvələr varmış.
Və Iran…
Mənim Iran rejiminə azacıq da olsa, sayğım yoxdur. Zatən dinin dövlətin üzərinə çıxdığı, ən elementar insan haqq və azadlıqlarının tanınmadığı bir rejimə sayğı duymaq mümkün də deyil. Üstünə üstlük, bir də Güney Azərbaycan məsələsi var.
Amma hər şeyə rəğmən, bunların Iranla girdikləri qovğanın mahiyyətini anlamaqda çətinlik çəkirəm. Tək versiyam – Qərbin, tərəqqipərvər dünyanın sağdan-soldan Əliyevçi rejimin üstünə gəldiyi bir vaxtda Iran üzərindən bazarlıq etməyə çalışmalarıdır. “Iran əleyhdarı” kimi görünüb özlərini Qərbə şirin salmaq istəmələridir. Bununla guya, “dünyəvi dövlət” olduqlarını legitimləşdirməyə çalışmalarıdır.
Oysa sadəcə, Irana qarşı dayanmaqla “dünyəvi dövlət” olmaq mümkün olsaydı, ən birinci Səudiyyə Ərəbistanı dünyəvi dövlət olardı.
Iranda qadınların başını örtən bir rejim var. Amma bizdə kişili-qadınlı hər kəsin beynini örtən, onu sadəcə, bir adamın ağlı ilə düşünməyə məcbur edən rejim var.
Iranda şəriət rejimi var. Amma bizdə də Şər rejimi var.
Çağdaşlıq desəniz – hər iki rejimin görməyə gözü yoxdur. Demokratiya desəniz, həmçinin. Hüquq və azadlıqlar desəniz, o cümlədən.
Elə keçənlərdə “Demokratiya naminə musiqi” tədbirində Xədicə Ismayıla qarşı çirkin şantaja “siğə” ilə bəraət qazandırmağa çalışmadımı Ilham Əliyevin ən sadiq vəkillərindən biri? Yəni, dərindən düşünəndə Irandakı molla rejimindən zehniyyət fərqləri də yoxdur. Bir medalın iki üzüdürlər, əslində.
Tək fərqləri var: biri çağdaşlığa, dünyəviliyə qarşı nifrətini gizlətmir, o biri isə “dünyəvilik” adı altında maskalanır, amma həlledici situasiyada yenə gedib siğənin, kəbinin kölgəsinə sığınır. Beləcə, gerçək üzləri də o zaman görünür – necə ki, Xədicəyə qarşı şantajı “siğə” ilə malalamaq istəyərkən görünmüşdü!
Qısası, nə qədər düşünsəm də, bunları Iranla üz-üzə qoyacaq, düşmənə çevirəcək bir zehniyyət fərqi görmürəm. Bir təfəkkür fərqi, bir düşüncə fərqi görmürəm.
Geriyə qalır bugünkü qovğaya rəvac verə biləcək tək səbəb – yuxarıda da yazdığım kimi, Iran üzərindən Qərblə yeni bazarlıq arzusu. Özünü Iranla savaş içində göstərərək, Qərb mediasında özlərinə mərhəmət oyandırmaq arzusu. Tənqidləri dayandırmaq, tənqidçiləri susdurmaq arzusu.
Bu, onsuz da olacaqdı. Mən 2013-də bu rejimin Qərbi məhz Iranla şantaj edəcəyini gözləyirdim. Çünki əvvəlki illərdəki bəhanələrinin hamısı əllərindən çıxıb. Artıq nə Ilham Əliyevin “gənc və perspektivli” obrazı işləyir, nə ingilis dilini bilməsi bir işə yarayır, nə də onun siyasi islahatlara hazır və qadir olduğuna dair ümidlərdən əsər-əlamət qalıb.
Geriyə sadəcə, Qərbi Iran təhlükəsi ilə şantaj etmək qalır. Nəticəsi olacaqmı, bilmirəm. Dərindən fikirləşdikdə, inanmaq çətindir – ox yaydan çıxıb. Artıq azadlıqlara düşmən kəsilən rejimlər bir-birindən fərqləndirilmir. Onların ağına da lənət oxuyurlar, qarasına da. Bu, ümid verir adama. Heç bir şantajın yeriməyəcəynə inam yaradır.
O ki qaldı Irana həddini necə bildirməyə – bunun tək yolu Azərbaycanın demokratikləşməsidir. Demokratik, azad, çağdaş, modern Azərbaycan Iran üçün intihara bərabərdir. Ən qorxunc yuxudur. Dəhşət filmidir.
Biz bunu 92-93-cü illərdə gördük. Mollalar Elçibəy hakimiyyətini zərrəcə sevmirdilər, amma Azərbaycanla bugünkü tonda da danışa bilmirdilər.
Bu, Azərbaycanda demokratik, xalqın iradəsi ilə formalaşan bir hakimiyyətin Iranı necə quzuya, muma çevirəcəyinin təsdiqidir.