Vidadi Mirkamal: «Onların bir Allahı var – pul və mədə»
“Eurovision” ərəfəsində Azərbaycana beynəlxalq aləmin artan diqqəti hakimiyyəti təşvişə salıb. Önə çəkilən problemləri həll etmək əvəzinə iqtidar mənsubları müxalifəti ittiham etməkdə davam edir. YAP icra katibi Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində müxalifətin, eyni zamanda Ziyalılar Forumunun ünvanına kəskin ittihamlar səsləndirib. YAP təmsilçisi müxalifətin erməni lobbisi ilə birgə hərəkət etdiyini və bu fəaliyyətin iflasa uğrayacağını deyib. Müxalifəti “beşinci kolon” adlandıran Əli Əhmədov onların tapşırıqla işlədiyini və “Eurovision” müsabiqəsinin verdiyi imkanlardan tamamilə başqa bir niyyətlə istifadə etməyə çalışdığını bildirib. Ziyalılar Forumunun da ünvanına təhqiramiz ifadələr işlədən YAP nümayəndəsi bu qurumda təmsil olunanları Azərbaycanın uğurlarına qara yaxmaqda ittiham edib.
Əli Əhmədovun müxalifətə ünvanladığı ittihamlar cavabsız qalmayıb.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal YAP təmsilçilərinin bu vaxta qədər səsləndirdiyi fikirlərin absurd olduğunu bildirdi. Korrupsiyanın, rüşvətin tüğyan etdiyi bir dövrdə hakimiyyət təmsilçilərinin başqa cür düşünməsini gözləmək olmaz: “Aşıq gördüyün çağırar. Bu insanların başında başqa heç nə yoxdur. Korrupsiyaçı toplumun sözçüləri də korrupsiyaçıdır. Onların bir Allahı var – pul və mədə. Kimsə nəsə edəndə də bunu pula görə etdiyini düşünürlər. Deməyə başqa sözləri yoxdur”.
V.Mirkamalın sözlərinə görə, müxalifət uzun müddətdir hakimiyyəti ölkənin problemlərini birgə müzakirə etməyə dəvət edir. Əgər iqtidar bunu istəmirsə, onda özü demokratik islahatlar keçirib dünyaya bunu bacardığını göstərsin. Günahsız insanların həbsə atıldığını deyən V.Mirkamal “Eurovision” ərəfəsində məhz hakimiyyətin ölkənin imicinə zərbə vurduğunu deyir: “Belə bir tədbirin Azərbaycanda keçirilməsi müsbət haldır, ölkəmizin tanınmasında rolu var. Amma biz Azərbaycanın dünyaya yaxşı tanıdılmasını istəyirik. Ancaq korrupsiyaya, rüşvətə qurşanmış hakimiyyət Azərbaycanın imicini korlayır. Gərək necə səviyyəsiz olasan ki, müxalifəti ölkənin imicini korlamaqda günahlandırasan”.
V.Mirkamal Əli Əhmədovun müxalifətin ermənilərlə əməkdaşlıq etməsi ilə bağlı dediklərini də absurd adlandırdı. IP təmsilçisinin sözlərinə görə, artıq dünya da YAP təmsilçilərinin səsləndirdiyi belə absurd sözlərə gülür.
V.Mirkamalın sözlərinə görə, deməyə sözü olmayan iqtidar nümayəndələri müxalifətlə görüşdən də qaçır. Ancaq belə sərsəm danışmaqdansa, ölkənin prolemlərini müxalifətlə birgə müzakirə etməlidirlər.
Fizzə