Aksiyaya qoşulmaq istəyənlər növbə gözləyir
Ictimai Palata (IP) fəallarının siyasi məhbuslara azadlıq, demokratiya, azad seçki, korrupsiyaya son verilməsi tələbləri ilə Müsavat Partiyasının mərkəzi qərargahında keçirdiyi aclıq aksiyası davam edir. Beynəlxalq aləmin diqqətində olan aksiya iştirakçıları hər gün ziyarət olunur.
Bu gün artıq aksiyanın 8-ci günüdür. Aclığı da 8 nəfər keçirir. Siyasi məhbus Nemət Pənahlının qardaşı Pənah Pənahov, Müsavat Partiyası Səbail rayon təşkilatının üzvü Rəna Rəhmanova və Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının üzvü Nəzakət Muradova aclığa qoşulublar. Aclıq keçirilən ünvanda yerin darısqal olması aclıq aksiyasına qoşulmaq istəyənlərin niyyətini reallaşdıra bilmir. Onlarla insan var ki, aclıq aksiyasına qoşulmaq üçün növbəyə yazılıb.
Xəbər verdiyimiz kimi aclıq aksiyası beynəlxalq aləmin diqqət mərkəzindədir. Hər gün xarici ölkələrin KIV-ləri aclıq aksiyası barədə çəkilişlər aparır. Avropanın nüfuzlu media quruluşları aclıq edənlərə baş çəkərək onların tələbləri ilə maraqlanır.
Ötən gün Finlandiyanın “Ictimai” televiziyası və Isveçin “Channel-4″ kanalının əməkdaşları aclıq edənlərə baş çəkənlər arasında olub. Telekanalın əməkdaşları aksiya iştirakçılarının tələbləri ilə maraqlanıblar. Vicdan məhbusu, Tural Abbaslının anası Başxanım Abbaslı Finlandiya televiziyasına müsahibəsində vicdan məhbuslarının həbs səbəbləri, aclıq aksiyası iştirakçılarının tələbləri haqqında məlumat verib. Vicdan məhbusu Vidadi Isgəndərlinin qardaşı hüquq müdafiəçisi Oqtay Isgəndərli də əcnəbi jurnalistlərin suallarını cavablandırıb.
DEVAMM sədri Ilqar Ibrahimoğlu, Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı, istiqlalçı deputat Məryəm Həsənzadə aclıq edənlərə baş çəkib.
Ramin DEKO