Aslan İsmayılov: “Partiyalardan biri Yaqub Məmmədovu yıxmaq üçün Laçını boşaldıb ermənilərə təhvil verməyi Tahir Əliyevin əlilə təşkil edib”
Tanınmış vəkil Aslan Ismayılov sabiq naziri və komitə sədri Tahir Əliyevin ittihamlarına cavab verib. Aslan Ismayılov “Azadlıq”a açıqlamasında bildirib: “Tahir Əliyevin kimliyi hamıya bəlli olduğundan ona geniş vaxt sərf etməyə ehtiyac duymuram. Lakin bir məqama aydınlıq gətirməyi vacib sayıram. Tahir Əliyev deyir ki, mən cürət edib onunla mübahisəyə qalxa bilmərəm. Mən xahiş edirəm ki, Sumqayıt hadisələri ilə bağlı məhkəmə proseslərini araşdırasınız. Həmin vaxt Tahir Əliyev mənim üçün məhkəməyə şahid və zərərçəkən daşıyırdı. Və o, mənim üçün elə o cür də qalıb”.
Aslan Ismayılov bildirib ki, Tahir Əliyev sonradan siyasi intiraqalar nəticəsində yüksək vəzifələr tutub: “Tahir Əliyev siyasi oyunlarda alət olub və buna görə müvəqqəti olaraq mükafatlandırılıb. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Keçmiş daxili işlər naziri Abdulla Allahverdiyevin ”Politika” qəzetinin 2002-ci il 21-27 tarixli 3-cü sayının 12-13-cü səhifəsində geniş müsahibəsi dərc olunub. Abdulla Allahverdiyev həmin müsahibədə deyir ki, siyasi partiyalardan biri – keçmiş nazir həmin partiyanın adını da çəkib, lakin mən o partiyanın adını çəkmək istəmirəm – Yaqub Məmmədovu yıxmaq üçün Laçını boşaldıb ermənilərə təhvil verməyi Tahir Əliyevin əlilə təşkil edib. Bu müsahibədən sonra həmin partiyanın rəhbəri Abdulla Allahverdiyevi məhkəməyə verdi. Lakin məhkəmə onun iddiasını rədd etdi, yəni keçmiş nazirin söylədiklərini əsaslı saydı.
Sadəcə mənə aydın deyil ki, Tahir Əliyev və onun kimilərinin bu ölkəyə vurduqları zərbəni bilən adamlar niyə susur. Götürək elə Tahir Əliyevin devrilməsində canfəşanlıq göstərdiyi AXC hakimiyyətinin təmsilçiləri Pənah Hüseyn, Sülhəddin Əkbər və digərlərini. Niyə onlar bu cür adamları ifşa etmir? Niyə susurlar? Bu halda susmaq suçlu olmağa bərabərdir”.
Xatırladaq ki, Aslan Ismayılov Gəncə hadisələrilə bağlı “Azadlıq”a verdiyi müsahibəsində Tahir Əliyevin ünvanına bir sıra ittihamlar səsləndirmişdi. Tahir Əliyev isə Aslan Ismayılovun bu müsahibəsinə cavabında vəkili yalan danışmaqda suçlamışdı.