Dünyanın aparıcı media qurumları İctimai Palatanın mayın 21-də Bakının mərkəzində keçirdiyi etiraz aksiyasına xüsusi diqqət ayırıb. “Eurovision” musiqi yarışmasıyla bağlı ölkəmizə ezam olunmuş “Reuters”, “AFP” xəbər agentliklərinin müxbirlərinin aksiyadan hazırladığı reportajlar digər qəzet və saytlar tərəfindən tirajlanıb. İngiltərənin “The Guardian” qəzeti 21 may aksiyasından video-kadrları öz saytında yerləşdirib və pikdetən xəbər verib. Qəzetin xəbərində deyilir ki, sərbəst toplaşmaq və insan haqlarının pozulmasına etiraz edən müxalif fəallar Bakının mərkəzində izdihamlı aksiya keçirdi. Pols aksiya iştirakçılarını dağıtmaq üçün zorakı vasitələrə əl atıb.
Bundan başqa “Əl Ərəbiyyə” kanalı da İctimai Palatanın Bakının mərkəzində keçirdiyi aksiya barədə məlumat yayıb. Xəbərdə müxlaif fəalların siyasi məhbsuların azad olunması və sərbəst toplaşmaq azadlığına hörmət edilməsi tələbiylə aksiya keçirdiyi bildirilib. “Əl Ərəbiyyə” kanalı aksiya zamanı polislərin müxaliflərə qarşı zor işlətdiyini və 40-dan çox aksiya iştirakçısını həbs etdiyini vurğulayıb.
***
“Nümayişçilər qan içində…”
İsveç qəzeti 21 may aksiyasını belə təqdim etdi:
Dünən Bakıda keçirilən etiraz aksiyası beynəlxalq medianın diqqətindən yayınmayıb. Qərbin nüfuzlu media qurumları dünən öz xəbərlərində Bakıdakı aksiyaya da yer veriblər. Aksiya barədə məlumatda polislərin vətəndaşlara qarşı zorakılığı xüsusi qabardılıb. Məsələn, Isveçin “Aftonbladet” qəzeti məlumatı “Nümayişçilər qan içində…” başlığıyla təqdim edib.
Məlumatda bildirilir ki, Bakıda insanlar demokratiya, insan hüquqlarının pozulmasına son qoyulması kimi tələblərlə etiraz aksiyası keçiriblər: “Nümayişçilər ”Azadlıq!” qışqırır, polislər isə onları döyürdü. Etiraz aksiyası 8 təşkilatın həyata keçirdiyi “Demokratiya naminə oxu” kampaniyası çərçivəsində təşkil olunmuşdu”.
Məlumatda o da qeyd olunub ki, etirazçıların “Azadlıq!”, “Istefa!” hayqırtıları bir neçə dəqiqə davam etdi: “Dərhal polis hücum edərək onları vurmağa başladı. Polislər insanları döymək, həbs eləməklə yanaşı, həm də onları şəhərdən xeyli uzağa aparırdı”.
“Aftonbladet” Bakıdakı aksiya haqda məlumatda “Demokratiya naminə oxu” kampaniyasıyla əməkdaşlıq edən hüquq müdafiəçisi Robert Hardın fikirlərinə də yer verib: “Mən onları polis döyərkən gördüm. Döyülüb tutulanları başqa yerə aparandan sonra, polis daha bir nəfəri həbs etdi. Və bütün bunlar gözəl fasadlı binaların qarşısında baş verirdi…”
Informasiya şöbəsi