«Azərbaycanda yenidən modern tipli avtovağzalın tikilməsi yolverilməzdir»
Bakının ən böyük nəqliyyat qovşağı olan Böyükşor yol qovşağı yaxınlığında (metronun “Koroğlu” stansiyasının ətrafı) avtovağzal kompleksi tikiləcək. Publika.az-ın məlumatına görə, kompleks həm avtobuslar, həm də Bakı ətrafı qəsəbələrə gedən avtobuslar üçün nəzərdə tutulub. Yeni avtovağzal metronun “Koroğlu” stansiyası üzərindəki romb formalı fiqura bənzər layihələşdirilib.
Kompleksdə çoxlu mağazalar, iaşə obyektləri də olacaq. Bundan başqa, ətrafda geniş park-istirahət zonası da salınacaq. Bu ərazi Bakıda sərnişinlərin ən çox keçdiyi yerdir. Bir neçə il əvvələdək burada şəhərətrafı qəsəbələrə işləyən avtobuslar üçün avtovağzal fəaliyyət göstərib. Lakin metronun həmin vaxt “Əzizbəyov” adlanan stansiyası ətrafındakı bazar və ticarət obyektlərinin sökülməsi ilə həmin avtovağzal da ləğv edilib. Hazırda ərazidə layihələndirmə işləri davam etdirilir.
Iqtisadçı Məhəmməd Talıblı isə hesab edir ki, Azərbaycanda yenidən yeni və modern tipli avtovağzalın tikilməsi yolverilməzdir: “Bakıda bu cür sosial infrastruktur layihələrinin həyata keçirilməsi büdcədə investiya xərclərinin ildən-ilə artdığını göstərir. Artan investisiya xərcləri içərisində belə böyük sosial infrastruktur layihələrinə böyük vəsaitlər sərf olunur. Ən pisi odur ki, həmin layihələrin özü həm parametrlər, həm istifadə imkanları baxımından bir-birinir təkrarıdır. Azərbaycanda böyük avtovağzal mövcud olduğu halda yenidən modern tipli bir avtovağzalın tikilməsi yolverilməz haldır”.
M.Talıblının fikrincə, bir-birini təkrarlayan bu tip layihələr büdcə vəsaitlərinin qeyri-şəffaf və səmərəsiz xərclənməsinə gətirib çıxarır: “Bu layihələrin səmərəlilik göstəriciləri də zəifdir”.