“Pravda” Bakının Tel-Əvivlə isti münasibətlər fonunda Tehranla qarşıdurmada olduğuna diqqət çəkdi
Rusiyanın “Pravda” qəzetində Azərbaycan-İsrail və Azərbaycan-İran münasibətlərindən bəhs edən yazı dərc olunub. Yazıda Bakının Tel-Əvivlə isti münasibətlər fonunda Tehranla gərginlik yaşadığı təsvir olunur. Yazını təqdim edirik.
***
Dünya mətbuatı İsrail və Azərbaycanın yaxınlaşmasını müzakirə edir. “Foreign policy” jurnalında Azərbaycanın İran sərhədi yaxınlığındakı aerodromu İsrailə verməsi haqda dərc olunan xəbər böyük səs-küy yaratmışdı. Aprelin sonunda hər iki dövlətin rəsmilərinin keçirdiyi görüşdə bu iddia tez-tələsik inkar edildi.
Bakı tərk edilmiş hərbi bazaların üçüncü tərəfə verilməsi faktını inkar edir. Belə bir mövqeni İsrail xarici işlər naziri Aviqdor Liberman da nümayiş etdirir. O, “Sitalçay” aerodromunun SAXAL tərəfindən işlədilməsini fantaziya adlandırmışdı. Buna baxmayaraq, aprel səfərinin bitməsindən həmən sonra etiraf etdi ki, İran məsələsi İlham Əliyevlə görüşdə müzakirə olunub. Detallar haqqında isə o, susdu.
Belə “diplomatik oyun” İsrailin əlinə oynadığı kimi, Azərbaycana da uyğundur. Hər iki tərəf öz mümkün rəqibləri qarşısında detalları açmaq istəmirlər. Bakı Tel-Əvivin regional münaqişələrdə dəstəyinə ümid edir. Dağlıq Qarabağ konflikti öz həllindən çox uzaqdır.
Azərbaycan silahlı qüvvələri üçün İsrail hərbi texnikası böyük maraq kəsb edir. Avropa bazarlarında imkanlarını itirən Azərbaycan İsrailə üz tutub. Azərbaycan və İsrail arasında olan hərbi əməkdaşlığın miqyasını dərc olunan “Wikileaks” sənədləri açır: “İsraillə sıx əlaqələr baxımından Azərbaycan öz ordusu üçün yeni texnologiyalar əldə etmək imkanı qazanır. Hüquqi məhdudiyyətlər üzündən belə texnikanı onlar nə ABŞ və Avropadan, nə də Ukrayna və Belarusdan ala bilərlər”. Eyni vaxtda “Wikileaks” yazır: “İsrail Gürcüstanı satdı”.
2008-ci ilin sentyabrında Azərbaycan İsrail Hərbi Nazirliyi ilə 3 şirkətə minaatanlar, sursat və reaktiv artileriya tədarük etməyə icazə verən müqavilə imzaladı. “Soltan” şirkəti minaatanların və sursatların, “Tadrian Communications” rabitə vasitələrinin, “İsraeli Military İndustries” raketlərin gətirilməsinə icazə aldı.
İsrailin sialah ixracı haqqında faktlar mətbuatda yeni açıqlanıb. 2012-ci ilin fevralında Azərbaycan İsrailin dövlət konserni “İsrael Aerospace İndustries”ə 1,6 milyard dollar ödəməyə razı olub. Azərbaycan həmkarları ilə görüşdə Liberman kənd təsərrüfatı və tibb sahəsindəki əməkdaşlığı da müzakirə edib. Ancaq İsrailin ən çox neft idxal etdiyi ölkə də elə Azərbaycandır. İkitərəfli ticarət dövriyyəsi 4 milyard dollarlıq nəhəng bir məbləği əhatə edir.
Bakı və Tel-Əvivin yaxınlaşması Tehranı qıcıqlandırır. Azərbaycanla İran arasında münasibətlər daim pisləşməyə doğru gedir. 2012-ci ilin əvvəlində isə İran XİN-i Tehrandakı Azərbaycan səfirini Mossad agentlərinin İran sərhədində məlumat yığmasına imkan yaratdığına görə, nazirliyə çağırmışdı.
İslam respublikası Azərbaycanla yaxşı münasibətlər saxlamağa çalışır, bu ölkənin əhalisinin böyük əksəriyyəti müsəlmandır. Qəribə olsa da, hadisələrin indiki gedişatı regionda “kövrək sülh”ün saxlanmasına kömək edir. Ermənistan Azəraycanla müharibəyə baş qoşmaq istəmir. Çünki, əks-təqdirdə Ermənistan İsraildən alınmış hərbi texnika ilə üz-üzə qalmalı olacaq. Eyni zamanda Azərbaycan tərəfi başa düşür ki, Ermənistanla müharibəyə başlarsa, qarşı tərəf İran və Rusiyadan əsaslı hərbi dəstək ala bilər.
Ərəb düşmənləri tərəfindən əhatələnmiş İsrail üçün Azərbaycan regionda yeganə etibarlı tərəfdaş kimi qalmaqda davam edir. Bu səbəbdən Tel-Əviv Azərbaycanla strateji əməkdaşlığı davam etdirəcək.
İnformasiya şöbəsi