Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq yüksək vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinin ibtidai istintaqı dövründə verilən daha iki şahid ifadəsi mətbuata bəlli olub. Report.az şahidlər Mətanət Məmmədovanın və Mikayıl Babayevin ifadələrini yayıb.
M.Məmmədova ifadəsində 2011-ci ilin fevral ayından RYTN-də maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işlədiyini deyib.
Onun sözlərinə görə, işlədiyi həmin şöbə birbaşa nazirliyin Aparat rəhbəri Vidadi Zeynalova tabe olub: “Nazirliyin aparatının strukturuna həmin şöbədən əlavə digərləri, o cümlədən beynəlxalq əməkdaşlıq, informasiya cəmiyyəti, hüquq və insan resursları, eyni zamanda tənzimləmə və başqa şöbələr də daxildir”.
M.Məmmədova dindirilərkən 2009-2015-ci illərdə nazirliyin Aparat rəhbərinin RYTN-in struktur bölmələrinin rəhbərlərindən pul toplaması barədə məlumatının olmadığını bildirib: “Lakin həmin dövrdə o, mənə və şöbənin digər 10 əməkdaşına verilməsi üçün pulu bağlı zərfdə təqdim etdi. Şəxsən mənə 6 min manat pul verdi. Aparat rəhbəri, şöbənin işçilərinə tutduqları vəzifələrinə uyğun olaraq, 400 manatdan başlayaraq 2500 manata kimi hər ay pul verməyimi istədi. Həmin pul vəsaitini almağımızla bağlı hər hansı bir sənədə imza qol çəkməmişik. Aparat rəhbərinin qeyd olunan pul vəsaitini hansı mənbə hesabına toplayıb bizə verməsindən isə məlumatım olmayıb”.
RYTN-də məsul vəzifələrdə işləyən Rədifə Abbasova, Fuad Əhmədov və İlham Mərdanov da göstərilən faktlarla bağlı şahid qismində dindirilib. Həmin şəxslər də şahid M.Məmmədovanın ifadəsinə oxşar məzmunlu ifadə verib. Onlar nazirliyin keçmiş Aparat rəhbəri tərəfindən onlara hər ay bağlı zərfdə “paket” olaraq pul verilməsini, lakin həmin pul vəsaitlərinin hansı mənbələr hesabına daxil olmasından xəbərsiz olduqlarını söyləyiblər.
Qeyd edək ki, V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, 8 milyon manat mənimsəməkdə təqsirli bilinir. (Report)
M.Babayev isə 2007-ci ildən 2015-ci ilin aprel ayına kimi Xəzər rayonu, həmin ilin aprel ayından isə Sabunçu rayonu Telefon Qovşağının baş mühəndisi vəzifəsində işləyib.
O, ifadəsində deyib ki, qovşaqların ərazisində telefon və internet xətlərinin çəkilməsi, istismarının təmin edilməsi üçün üçün kotirovka sorğuları keçirilib. Lakin həmin sorğularda bir qayda olaraq “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin baş direktoru Beytulla Hüseynovun özünə və onun yaxın tanışı Bayram Vəliyevə məxsus “Bakı Rabitə Tikinti Təmir” MMC, “Tikinti Təmir Təchizat Servis” MMC, “Rabitə Mülki Tikinti” MMC və “3 nömrəli Rabitə Təmir Tikinti” MMC-lər iştirak edib və sorğuların qalibi olub.
M.Babayev qeyd edib ki, qovşaqlar tərəfindən keçirilən bütün kotirovka sorğuları formal xarakter daşıyıb: “Kotirovka sorğularının qalibləri olan həmin müəssisələr Beytulla Hüseynov tərəfindən əvvəlcədən qalib kimi müəyyən olunub, bütün təmir-tikinti işlərini onun müəyyən etdiyi müəssisələr həyata keçirib, pul vəsaitləri tikinti təşkilatlarının hesablarına köçürülüb və sonradan şişirdilmiş qiymətlər tətbiq edilib, birliyin baş direktoru və onun yaxınları tərəfindən mənimsənilib.
O, “Bakı Rabitə Tikinti Təmir” MMC-nin direktoru B.Vəliyevin B.Hüseynovla yaxın münasibətdə olduğunu və köçürülən pulların nağdlaşdırılıb mənimsənilməsində birbaşa iştirak etdiyini deyib: “Həmin görüləcək işlərin həcmini, istifadə olunacaq mal-materialların dəyərini və onların hansı təşkilatlardan alınmasını Beytulla Hüseynov özü müəyyən edib və bu barədə hazır sənədləri imzalamaları üçün onlara göndərib. Həmin MMC-lərin rəhbərləri başqa şəxslər göstərilsə də, faktiki olaraq müəssisələrin fəaliyyətinə Beytulla Hüseynov özü rəhbərlik edib, onun iradəsininin əksinə olan hər hansı bir müəssisə kotirovka sorğusunda iştirak etməyib”.