Etibar Əliyev: “Bu dairədən ən çox səs toplayan Əli Kərimli olub”
“Əslində Fərəc Quliyev bu fikirlərilə Yeni Günəşli və Qaraçuxurda yaşayan insanlara hörmətsizlik nümayiş etdirir”. Bu sözləri “Azadlıq”a tanınmış təhsil eksperti, fəlsəfə doktoru Böyük Quruluş Partiyası sədrinin müşaviri Etibar Əliyev deputat Fərəc Quliyevin fikirlərinə münasibət bildirərkən deyib. Xatırladaq ki, Fərəc Quliyev publika.az saytına açıqlamasında iddia edib ki, o, 2010-cu il parlament seçkilərində namizəd olduğu 31 saylı 2-ci Suraxanı seçki dairəsində seçicilərin dəstəyini qazanaraq mandat sahibi olub: “Şəxsən mən Suraxanı seçicilərinin dəstəyini qazanaraq, deputat seçilmişəm. Buna kiminsə şübhəsi varsa, nəticələrin əks olunduğu yekun protokolları təqdim edə bilərəm”.
Etibar Əliyev də 2010-cu ildə həmin dairədən seçkiyə qatılmışdı. Fərəc Quliyevin protokolları təqdim edə biləcəyi barədə fikirlərinə gəlincə təhsil eksperti deyib: “O, yəqin ki, seçki başa çatandan sonra yazılmış protokolları nəzərdə tutur. Mən Fərəc Quliyevin yerinə olsam, düz 5 il heç nədən danışmaram. Hökumətin açıq şəkildə dəstəklədiyi Fərəc Quliyev əgər həqiqətən səs üstünlüyü qazanmışdısa, onda nədən bizə məntəqələrin tam əksəriyyətindən protokolları seçki günü vermirdilər? Bunu o, bilmir? Protokollar dərhal verilsəydi orda karusellə yığılan səslərin hesabına belə Fərəc Quliyevin səsləri deputat olmaq üçün yetərli deyildi. Bir halda ki, həmin dairədə seçkidə iştirak edən namizədlər içərisində ondan qat-qat savadlı və bioqrafiyası şəffaf olan siyasətçi və bir neçə ziyalının adı var idisə, onda seçicilər hansı keyfiyyətinə görə ona səs verməli idilər? ”Tarqovı”da yaşadığına görə? Mənim yaşadığım Qaraçuxur qəsəbəsində insanlar onun adını və soy adını belə düzgün deyə bilmirlər. Əgər Fərəc Quliyev buna inanmırsa yaxın adamlarından bir neçəsinin şahidliyi ilə bunu Qaraçuxur və Yeni Günəşlidə sübut etmək olar. Həqiqəti danmaq nadanlıqdır. Bu dairədən ən çox səs toplayan Əli Kərimli olmuşdu”.
Maraqlıdır ki, Böyük Quruluş Partiyasının həmin dairədə olan nümayəndələri saxtalaşdırılmış protokollları imzalayıblar. Etibar Əliyevin bu məsələyə cavabı belə olub: “Bunu partiyanın sədri Fazil bəydən soruşsanız daha yaxşı olar. Bir şeyi deyə bilərəm ki, onlar bu addımları ilə seçkilərin vahid mərkəzdən idarə olunmasını sübut etdilər. Onların əksəriyyətindən mən seçki günü heç adi məlumatları belə ala bilmirdim”.
Təhsil eksperti təmsil olunduğu partiyanın sədri Fazil Mustafanın Milli Məclisdə “Azadlıq” və AXCP-ni ittiham etməsinə də münasibət bildirib. “Böyük Quruluş Partiyası Xanhüseyn Kazımlı, Fəzail Ağamalı və bu tip başqa partiya rəhbərlərinin açıq şəkildə bəyan etdikləri iqtidar yönümlü partiyalar kateqoriyasına daxil deyil. Buna görə də partiya olaraq biz cəmiyyətdə, siyasətdə, sosial sahədə dəyişikliklərin, islahatların aparılması istiqamətində fəaliyyətimizi qurmalıyıq. Fikrimcə, əgər biz müxalifətçilik missiyasını daşıyırıqsa, başqa bir müxalifət partiyası və ona mənsub olan qəzetin fəaliyyətini hədəf seçməməliyik”, deyə Etibar Əliyev vurğulayıb.