Müdafiə Nazirliyi şikayətçi generalın qanunsuz əməllərini açıqladı
Azərbaycan Silahlı Qüvvələrinin Akademiyasında qərargah xidməti kafedrasının rəisi general-mayor Lənkəran Əliyevlə Müdafiə Nazirliyi arasında qalmaqal səngimək bilmir. Oxucuların diqqətinə çatdıraq ki, Müdafiə Nazirliyi Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib.
Bakı Apellyasiya Məhkəməsi də Yasamal məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib. Proses artıq başa çatıb və nazirliyin iddiası təmin olunub. Bundan sonra Lənkəran Əliyev “Azadlıq”a və digər mətbuat orqanlarına Müdafiə Nazirliyinin rəhbərliyi ilə bağlı sərt açıqlamalarla çıxış edib. Lənkəran Əliyev iddia edib ki, müdafiə naziri Səfər Əbiyev ondan qisas alır. Generalın sözlərinə görə, hətta onun hərbçi qardaşı oğlunun cəbhə bölgəsində ölümü də ona qarşı təzyiqlərin tərkib hissəsidir. Müdafiə Nazirliyi generalın bu fikirlərini böhtan adlandırıb. Lakin Lənkəran Əliyevin açıqlamalarını davam etdirmək nazirliyin növbəti dəfə məsələ ilə bağlı geniş açıqlama ilə çıxış etməsinə səbəb olub. Bu dəfə nazirliyin Şəxsi Heyət Baş Idarəsinin Tərbiyə Işləri Idarəsinin rəisi, polkovnik Vaqif Məmmədov Lənkəran Əliyevin açıqlamalarını cavablandırıb.
Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada generalın törətmiş olduğu qanunsuz əməllərə də toxunulub: “Lənkəran Əliyev şəxsi məqsədlə dəfələrlə Göygöl rayonu Toğana kəndinə Silahlı Qüvvələrin TTM ərazisindəki tikintidən sökülmüş mişar daşları, döşəməaltı millər və taxtaları daşıtdırıb və bu azmış kimi ”KAMAZ” markalı mülki avtomobillərin yanacaq çənlərini də TTM-in anbarının hesabına (300 litr) doldurtdurub. Eyni zamanda Lənkəran Əliyevin rəhbərlik etdiyi mərkəzdə yoxlama zamanı gizir hazırlığı kursunu bitirmiş hərbi qulluqçuların TTM-dən buraxılmasına baxmayaraq, qeyri-qanuni olaraq onlar 3 gündən sonra ərzaq təminatından çıxarılıb. TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin böyük əksəriyyəti isə səhər və şam yeməyində iştirak etməməsinə baxmayaraq onlar ərzaq təminatından çıxarılmayıblar. Belə ki, 08.04.2009-cu il tarixdə TTM-nin zabit ixtisas taborunun dinləyicilərinin şam yeməyində iştirakı yoxlanılarkən onlardan 17 faizi iştirak edib. Beləliklə də, külli miqdarda yeyinti və israfçılığa yol verilib. Bununla bərabər 2006-2008-ci illər ərzində gizir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının hazırlığı kurslarının kursantlarından, mütəmadi olaraq 5-40 manat və bir sıra kursantlara “kiçik çavuş” və “çavuş” hərbi rütbəsinin verilməsi üçün 50 və ya 100 manat məbləğində pul yığılıb.
…Lənkəran Əliyev deyir ki, guya ona qarşı irəli sürülən ittihamlara görə 30 min manat ödəyib və bunun üçün də ölkə rəhbərliyinin ona hədiyyə etdiyi mənzili satmağa məcbur olub. Qoy lap belə olsun. Əvvəla Lənkəran Əliyevin dövlətə vurduğu maddi ziyan məhkəmə tərəfindən sübuta yetirilib və bu o deməkdir ki, həmin məbləğ mənimsənilib. Digər tərəfdən belə çıxır ki, Lənkəran Əliyev dövlətin əmlakını dağıtmasına və bunun üçün rəhbərlik tərəfindən ona verilən mənzili satmasına haqq qazandırır. Hörmətli Lənkəran Əliyev siz niyə dövlətin əmlakını dağıdırdınız ki, sonra da onu ödəmək üçün məhz dövlətin verdiyi evi satasınız?”.