Sərhədsiz Reportyorlar Təşkilatı “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru Faiq Əmirovun səhhətindəki problemlərdən narahtdır və onun dərhal azad edilməsinə çağırıb. Təşkilat “Azadlıq” qəzetinin təqib olunmasına da son qoymağı tələb edir.
Bəyanatda deyilir ki, həbs səbəbi özünü doğrultmayan Faiq Əmirovun müalicəyə ehtiyacı var. “Bu situasiya Azərbaycanda insan hüquqlarının hansı vəziyyətdə olduğunu göstərir. Biz Əmirovun vəziyyətindən çox narahatıq və onun dərhal azad edilməsinə çağırırır”, – deyə bəyanatda qeyd olunur.
Təşkilatın bəyanatında vurğulanır ki, Faiq Əmirovun həbsindən sonra hakimiyyət “Azadlıq” qəzetinə əlavə problemlər yaradıb və qəzet nəşrini dayandırmaq məcburiyyətində qalıb. Bu arada isə istintaq “Azadlıq” qəzetində elan verən şəxsləri dindirir və qəzetə qarşı yeni cinayət işi açmağa çalışır.
“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə Sərhədsiz Reportyorlar Təşkilatına bildirib ki, qəzet üçün bu növ təzyiqlər yenilik deyil. Əsas məqsəd qəzeti məhv etməkdir. Faiq Əmirovun da həbsinin əsl səbəbi “Azadlıq”ın maliyyə direktoru olmasıdır.
azadlıq.info