800 min manatlıq qol saatı söhbətində nə demişdilər? “Bizim prezident təvazökardır” demişdilər. “Həyatında və davranışında sadəliyə üstünlük verir” demişdilər.
Və indi o “sadə, təvazökar” prezidentin ailə üzvlərinin bu dəfə də qızıl biznesi ortaya çıxdı, hörmətli oxucular! Təfərrüatlar artıq “Azadlıq” radiosu əməkdaşlarının araşdırmasından bəllidir.
Yeri gəlmişkən, hakim ailənin biznes imperiyasının daha bir həlqəsini ortaya çıxardığı üçün Xədicə Ismayılovaya və Nüşabə Fətullayevaya çox təşəkkür! Əməyinizə sağlıq!
Mən bu sətirləri yazarkən artıq iş günü çoxdan başa çatıb. Amma 800 min manatlıq saat söhbətində səhərin gözü açılmamış “Azadlıq” qəzetindən təcili təkzib tələb edən, üç gün möhlət tanıyan, məhkəmə hədə-qorxusu gələn prezidentin mətbuat xidmətindən “çırt” səsi yoxdur. Niyə? 800 min manatlıq saata görə yeri-göyü inlədənlər bu boyda qızıl biznesi məsələsində eyni həssaslığı niyə nümayiş etdirmirlər? Niyə susurlar? Niyə ağızlarını bıçaq açmır? Yoxsa, əlahəzrət artıq sadə və təvazökar olmamağamı qərar verib?
Yeri gəlmişkən, məlum mətbuat xidmətinin “saat açıqlaması”nda bir cümlə də vardı. Orada deyilirdi ki, möhtərəm adi metaldan hazırlanmış, bahalı olmayan saat taxır. Olsun. Deyək ki, doğrudan da belədir. Saat adi metaldandırsa, bəs indi bu qiymətli metal söhbəti nədir? Bəlkə indi də deyəsiniz ki, Ilham Əliyevin ailə üzvlərinin şirkəti Daşkəsəndən qızıl yox, qızıl suyuna çəkilmiş metal çıxarır?
Kəlbəcərdəki qızıl yataqlarının işğalçılar tərəfindən talan edildiyini haray çəkirsiniz dünyaya. Gözəl. Çox gözəl. Bəs özünüz Daşkəsəndəki qızıl yatağını niyə talan edirsiniz? Niyə jurnalist araşdırmasınadək həmin qızıl yatağının istismarının arxasında hakim ailənin dayandığından xəbərimiz yoxdur? Madam ki, bunda qanunsuz, pis bir şey yoxdur, bunu niyə indiyədək özünüz açıq-açıq söyləməmisiniz? Niyə gizlətmisiniz?
Araşdırma müəlliflərindən Xədicə xanım iki ay əvvəl rejimin çirkin şantajı ilə üzləşərkən, baş verənlərin son vaxtlar hakim ailənin biznesi haqda araşdırmalarıyla bağlı olduğunu söyləmişdi. Buna zatən, heç kimin şübhəsi də yox idi. Mən buradan Xədicə xanımı bir daha alqışlayır, onunla qürur duyduğumuzu yazmaq istəyirəm. O, şantaja boyun əyməməklə, araşdırmalarını davam etdirməklə, yeni bir pisliyin üstünü açmaqla hər kəsə dərs verdi. Içindəki qorxuya yenik düşərək, tamahına təslim olaraq, şəxsi mənfəətinin, merkantil maraqlarının əsirinə çevrilərək sifətini dəyişənlər, həqiqətə sırtını dönənlər utansın, ölüb yerə girsin.
Xədicə xanım artıq təkcə bizim üçün yox, Azərbaycan kimi, quldarlığın və quldurluğun leqallaşdığı, işgəncənin, zülmün normaya çevrildiyi bütün ölkələrin mübarizə insanları üçün cəsarət, dirəniş simvoludur. Mən bunu bütün qəlbimlə yazıram.
Xədicə xanıma şantaj məktubunda ondan susması tələb olunmuş, əks halda, barəsindəki gizli şəkillərin yayılacağı ilə hədələnmişdi. Amma o susmadı. Son araşdırması ilə bütün susanların üzünə tüpürdü. Onları qulaqlarının dibinədək qızarmağa məcbur etdi.
Həmkarımızın susmaq tələbinə məhz Ilham Əliyevin ailəsinin qızıl biznesini ifşa etməklə cavab verməsi isə bəlkə bir təsadüfdür, amma həm də çox simvolikdir. Deməli, Ilham Əliyevin toplumu susdurmaq istəməsi boşuna deyilmiş, toplum susmalıdır ki, sonra zati-aliləri o susqunluğu qızıla çevirsin. Toplumu “susmaq qızıldır” cəfəngiyyatına inandırıb, bu cəfəngiyyata inanmayanları isə ya şirnikləndirib, ya şərləyib susduracaqsan ki, rahat-rahat qızıl biznesinə girişəsən. Susmağı həqiqətən də qızıla çevirəsən.
Çünki susmayan, hesab istəyən, sorğulaya bilən toplumlarda hakim ailələrin, buraxın qızılı, heç saqqız biznesinin olması da mümkün deyil. Həmən qiyamət qopar, yer-yerindən oynar, uzatmadan qapını göstərərlər.
Qısası, nə gizlədim, hörmətli oxucular, mən inanmazdım ki, ofşor şirkətlər bir yana, bir gün hətta “Susmaq qızıldır” kəlamının arxasından da bizim hakim ailə çıxacaq.