Donald Trampın prezident seçilməsindən sonra Rusiyaya qarşı sanksiyaların qaldırılacağı və ABŞ-Rusiya münasibətlərinin yaxşılaşacağına dair ekspertlərdə inam yoxdur.
“Amerika elitasında Rusiyaya qarşı neqativ konsensus var. Növbəti ABŞ prezidenti üçün bu konsensusdan geri çəkilmək məcburiyyəti görmürəm”, – Qlobal maraqlar mərkəzinin sədri Nikolay Zlobin deyib.
Moskva Karnegi mərkəzindən Andrey Kolesnikov da münasibətlərdə yenilənmə gözləmir. “Hesab edilir ki, Trampla razılaşmaq daha asandır. Ancaq Tramp öz mövqeyini ani şəkildə dəyişə bilən insandır”, – ekspert bildirib.
Beynəlxalq diskussiya klubunun proqram direktoru Andrey Suşençov bildirib ki, rus-amerika münasibətlərində köklü dəyişikliyə “struktur faktlar” mane olur və “növbəti prezident olacaq şəxs burda ikinci dərəcəli rol oynayır”. Onun sözlərinə görə, ABŞ Avropanın təhlükəsizliyi və raketdən müdafiə sisteminin yerləşdirilməsi məsələsini müzakirə mövzusu etməyəcək.
“Tramp bir neçə müsbət şərhdən başqa münasibətlərin yaxşılaşması üçün konkret heç nə təklif etməyib, – Suşençov öz fikrini ifadə edib. – Onun prezidentliyi Rusiya üçün böyük qeyri-müəyyənlik vəd edir. Rusiyanın daxili siyasətində neqativ də olsa, hansısa müəyyənliyə sığınmaq praktikası var. Bu mənada Klintonun liderliyində daha aydın perspektiv var”.
Amerikada prezidentlik postunda kimin oturmasının Rusiya üçün əhəmiyyəti yoxdur, ABŞ-ın Rusiya ilə xarici siyasəti böyük dəyişikliyə uğramayacaq, – müdafiə üzrə Federasiya Soveti komitəsinin sədri Viktor Ozerov hesab edir. “Düşünürəm ki, kandidatların Rusiyaya dair ritorikası seçki öncəsi kampaniyaya hesablanmışdı”, – o, qeyd edib. Onun fikrincə, ölkənin yeni başçısı bütün hallarda Rusiya ilə kompromis nöqtələri axtaracaq, ancaq Vaşinqton dünya siyasətinə qlobal təsir strategiyasından imtina etməyəcək.
Politoloq Yevgeniy Minçenko RBK-ya bildirib ki, Tramp kampaniyanın gedişi vaxtı Rusiyaya simpatiyasını açıqlayıb, ancaq o, kampaniya vaxtı dəfələrlə müxtəlif suallar üzrə öz mövqeyini dəyişib. “Respublikaçı isteblişment anti Rusiya əhvalındadır. Trampın vitse-prezidentliyə kandidatı Ukraynanın rus işğalını tənqid edib. Buna görə də Trampın simpatiyasının stabilliyi suallar doğurur”, – Minçenko söyləyib.