Ictimai Palata Almaniyanın dövlət fondlarından maliyyələşməsi barədə cəfəngiyyatı belə qiymətləndirir
Azərbaycanda insan hüquqları və demokratiya sahəsindəki problemlərlə əlaqədar hakimiyyəti tənqid etdiyinə görə Almaniya rəsmilərinə və Ictimai Palataya qarşı aparılan “qara piar” kampaniyasına etiraz əlaməti olaraq, Ictimai Palata bəyanat yayıb.
Bugünlərdə “Yeni Azərbaycan” qəzetində dərc olunmuş, müxalifət partiyalarını, azad düşünən vətəndaş cəmiyyəti və mətbuatı gözdən salmağa yönəlik “Diplomatik sifariş: müxalifət, ”Eurovision”a hazır ol!” başlıqlı məqaləyə toxunan bəyanat müəllifləri bildirir ki, Azərbaycan müxalifətinin guya, Almaniyanın dövlət fondlarından maliyyələşməsi barədə yazılanlar iftiradan başqa bir şey deyil. Ona görə də Ictimai Palata bu böhtanı məhkəmə müstəvisinə çıxarmaq niyyətindədir.
“Hamıya aydındır ki, bu, Ilham Əliyevin avtoritar rejimi tərəfindən ortaya atılmış növbəti siyasi xarakterli iftiradır”, – deyə bəyanatda vurğulanır.
Bəyanatda sözügedən yazıdakı rüsvayçı foto-kollajdan da bəhs olunur və bildirilir ki, bütün bunlar ölkənin nüfuzuna zərbə vurur: “Bu şəkillər dünyada Azərbaycanın nüfuzuna, imicinə ciddi şəkildə ziyan vurur və Azərbaycan-Almaniya münasibətlərinə xələl gətirir. Aydındır ki, məqalə müəllifləri Azərbaycanın alman dostlarını və tərəfdaşlarını təhqir etmək, incitmək məqsədi güdüb. Beləliklə, onlar Azərbaycanın Avropada olan milli maraqlarına ciddi ziyan vurmuş oldular”.
Qeyd edək ki, həmin foto-kollajda Almaniyanın Azərbaycandakı səfiri Herbert Quelle, Almaniyanın Insan Hüquqları üzrə Ombudsmanı Markus Löninq və Azərbaycanın aparıcı demokratik müxalifət partiyalarının liderləri Adolf Hitlerin şəklilə yanaşı yerləşdirilib.
Ictimai Palata Azərbaycanın hakimiyyətinin bu cür addımlarından təəssüfünü ifadə etməklə yanaşı, onu da bəyan edir ki, qeyri-demokratik Əliyev rejiminin əl atdığı belə məqalələr Azərbaycan xalqının mövqeyini əks etdirmir. Bu, yalnız rejimə xidmət edən bir qrup insanın fikir və düşüncələridir.
Informasiya şöbəsi