Respublika qəzetinə Mikayıl Cabbarovun imzası ilə yazılmış məqalə kim göndərib?
Dövlət qəzeti “Respublika” ilə Təhsil Nazirliyi arasında qalmaqal yaranıb. Qalmaqala səbəb “Respublika” qəzetinin bu günkü sayında təhsil naziri Mikayıl Cabbarovun imzası ilə dərc edilən məqalədir. Təhsil Nazirliyinin mətbuat xidməti “Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” sərlövhəli həmin məqalənin Mikayıla Cabbarova aid olmadığı barədə açıqlama yayıb. “Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı “Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”, – deyə açıqlamada bildirilir.
Respbulika qəzetinin baş redaktoru Teymur Əhmədov isə Təhsil Nazirliyinin açıqlamasına sərt cavab verib. Teymur Əhmədov Qaynarinfo.az-a bildirib ki, gərək mətbuat xidməti bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı:
“Mətbuatda deyilənlər uydurma bir şeydir. Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirliyin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq”.
Göründüyü kimi Teymur Əhmədov əminliklə bildirir ki, məqalə “Respublika”nın redaksiyasına Təhsil Nazirliyindən daxil olub. Bu halda Təhsil Nazirliyi hansı səbəbdən məqalədən imtina edir? Ehtimal etmək olar ki, məqalə nazirlə məsləhətləşmə aparılmadan redaksiyaya göndərilib. Qurumun hansısa vəzifəli şəxsi özfəaliyyətlə məşğul olub. Nazir də bundan hiddətlənərək məqalənin ona aid olmadığını mətbuat xidməti vasitəsilə ictimailəşdirib.
Yaxud da məqalədə hakimiyyətin yuxarı eşelonunda kimlərisə qane etməyən məqam var. Bu baxımdan Mikayıl Cabbarov onun imzası ilə dərc edilən yazıdan imtina etməyə məcbur olub.
Hər bir halda bu məsələnin “Respublika” qəzetinin özfəaliyyəti kimi qiymətləndirmək mümkün deyil. İndiyə qədər rəsmi qəzetlər özbaşına hansısa məmurun imzası ilə məqalə dərc etməsi nümunəsinə rast gəlinməyib. Hər zaman belə məsələlər razılaşdırılmış qaydada həyata keçirilib.
Bu qalmaqal həm də rəsmi qəzetlərdə məmurların imzası ilə dərc olunan məqalələrin necə ərsəyə gəldiyini göstərir.