Yeyinti məhsullarının idxalı 32 faiz artıb
Nemət Əliyev: ” Ölkə daxilində idxalın artımını şərtləndirən şərait mövcuddur”
Azərbaycana yeyinti məhsullarının idxalının həcmi illik müqayisədə 31,86% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 949 158,78 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin xəbərinə görə, ət idxalı 88,2% artaraq 24 300,21 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar – 2,4 dəfə artaraq 38 437,38 min dollar, meyvə-tərəvəz – 2,1 dəfə artaraq 91 267,24 min dollar, çay – 2,7 dəfə artaraq 30 211,16 min dollar, süd idxalı 34,87% artaraq 5 750,53 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 7,29% azalaraq 208 407,42 min dollar olub.
Hesabat dövründə Azərbaycanın cəmi idxalının 15,31%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, cari ilin ilk 8 ayı ərzində cəmi idxalda yeyinti məhsullarının payı 14,81% təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 10,76% olub.
2015-ci il fevralın 21-də baş verən devalvasiyanın əsas səbəbi kimi hakimiyyət ixrac yönümlü iqtisadiyyatın yaradılmasını göstərdi. Yəni ölkənin idxaldan aslılığı bu addım ilə azaldılmalı idi. Amma ötən müddət ərzində biz tam əks mənzərənin şahidi olduq.
Bir müddət əvvələ qədər hökümət süni şəkildə idxalı azaltmağa nail olmuşdusa hazırda rəqəmlər acınacaqlı durumdan xəbər verir. Bir daha sübut olundu ki, hökumətin problemi inzibati yol ilə çözmək cəhdi bir nəticə verməyəcək.
İqtisadçı Nemət Əliyev bildirdi ki, idxalın artımını şərtləndirən daha bir səbəb ölkə daxilində istehsalın buxovlanmasıdır. N.Əliyevin sözlərinə görə, investisiya qoyluşunun azalması hesabına əhalinin pul gəlirləri əhəmiyyətli dərəcədə aşağı düşüb, istehsalda düşüş yaşanır: “İstehsal göstəriciləri sürətlə aşağı düşür. Yeyinti məhsullarının da daxil olduğu ölkənin emal sahələrində istehsalın həcmi ötən ilin 9 ayı ilə müqayisədə 47 faiz tənənnzül yaşanır. Səkkiz ayın göstəricilərinə görə emal sahələrində 40 faiz tənənnzül yaşanırdısa, artıq o göstərici 47 faizə qədər yüksəlib. Bu göstərici onu deməyə əsas verir ki, yeyinti məhsullarının da daxil olduğu emal sahəsində böyük bir boşluq yaşanır. Ölkənin iqtisadiyyatını bürümüş bu böhran bütün sahələrə yayılır. İstehsal göstəriciləri aşağı düşsə də, artmaqda olan tələbatı ödəmək zərurəti də var. Həmin tələbatı da ödəməkdən ötrü məcburiyyət yaranır ki, idxal məhsullarının həcmini artırsınlar. Yəni ölkə daxilində idxalın artımını şərtləndirən şərait mövcuddur”.
N.Əliyevin sözlərinə görə, idxalın artımını şərtləndirən daha bir səbəb ölkə daxilində korrupsiya, inhisarçılıq, rüşvətxorluq, haqsız rəqabət kimi hallar o qədər böyüyüb ki, ölkə daxilində məhsul etməkdənsə, onu xaricdən idxal etmək daha sərf edir: “Bu işdə əsasən inhisarçıların əlindədir. Onlar heç bir əziyyət çəkmədən hazırın naziri olurlar. Ölkə daxilində istehsal olunan məhsulun baha başa gəlməsi idxalın artmasını şərtləndirən daha bir amildir. Azərbaycan hakimiyyəti ixrac yönümlü fəaliyyətə təkan verə bilmir. Çünki bunun üçün gərəkən addımlar atılmır. Əksinə imitasiya məqsədləri daha qabarıq özünü göstərir”.
Xəyal