Təhsil Nazirliyindən bəzi səlahiyyətlərin alınaraq TQDK-ya verilməsi nazirin «vurulmasına» hazırlıq kimi dəyərləndirilir
Orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılmasının Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına tapşırılması təhsil naziri Misir Mərdanovun yaxın ətrafını təşvişə salıb.
Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, Misir Mərdanovun yaxın ətrafı bunu nazirin “vurulmasına” hazırlıq kimi qiymətləndirir. Misir Mərdanovun təhsil sektorundakı komandası düşünür ki, əgər Məleykə Abbaszadənin apardığı monitorinqlər nəticələri ilə nazirin hesabatları uyğun gəlməzsə (onların fikrincə, bunun belə olması realdır), bu onun karyerasına son qoyulması ilə nəticələnə bilər. Məlumatlarda deyilir ki, Misir Mərdanov da məhz bu səlahiyyətlərin Məleykə Abbaszadəyə verilməsindən narahatdır.
Bu arada “Bizim Yol” qəzeti məlumat yayıb ki, Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirov artıq ölkəni tərk edib. Oxucuların diqqətinə çatdıraq ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti Idarəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin yayında Baş prokurorluq və Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı həmin idarədə ciddi qanun pozuntuları aşkarlanıb. Bunun nəticəsi olaraq Ilham Əliyevin fərmanı ilə idarə Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər Icra Hakimiyyətinin tabeliyinə verilib. Allahverdi Dəmirov isə istintaqa cəlb olunub. Onun işi hələ məhkəməyə göndərilməsə də, ölkəni tərk etməyə müvəffəq olub. Görünür, Allahverdi Dəmirovun gedişi hansısa razılaşma əsasında baş tutub.
Informasiya şöbəsi