Zaur Quliyev «bandotdel»də başına gətirilənləri açıqladı
Usubov isə şikayətə reaksiya verməyə tələsmir…
Martın 1-də Qubada baş vermiş olaylarla əlaqədar həbs edilmiş jurnalist, “Xəyal TV”nin əməkdaşı Zaur Quliyev Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində məruz qaldığı işgəncələrlə əlaqədar “Insan Haqları Uğrunda” Ictimai Birliyinə müraciət göndərib. Bu barədə məlumat verən birliyin sədri Eynulla Fətullayevin sözlərinə görə, o da öz növbəsində məktubdakı şikayətlə əlaqədar daxili işlər naziri Ramil Usubova müraciət edib. Lakin Usubova ünvanlanan müraciət bu günə kimi cavabsız qalıb.
Eynulla Fətullayev saxlanılan şəxsə qarşı işgəncə faktını qətiyyətlə pisləməklə yanaşı, jurnalistin şikayətinin araşdırılmasının vacibliyini vurğulayıb.
Yeri gəlmişkən, Zaur Quliyev başına gələnlərlə bağlı məktubun bir surətini də Ilham Əliyevə ünvanlayıb. O, məktubunda göstərib ki, martın 13-də onu və Vüqar Qonaqovu, həmçinin icra başçısının çıxış etdiyi tədbiri çəkmiş Yusif Lazımovu Quba rayon Prokurorluğuna aparıblar. Orada onu xeyli dindiriblər, psixoloji təzyiq göstəriblər. Həmin gün televiziyada da axtarış aparılıb, informasiya daşıyıcıları, qeydlər, disklər, bloknotlar, elektron məlumatlar, kompüterlər və s. götürülüb. Daha sonra Quba prokurorluğuna Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər Üzrə Istintaq Idarəsinin rəisi Eldar Əhmədov gələrək, onunla söhbət edib.
Həmin gecə saat 02.30-da onları prokurorluqdan Quba rayon Polis Idarəsinə aparıblar. Martın 14-də səhər 09.00-da isə Bakıya gətiriblər.
“Təcridxanada bizi lüt soyundurdular”
Bakıda baş verənləri isə o, məktubda belə təsvir edir: “Bizi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə gətirdilər. Bizim üstümüzə qışqırır, zərbə ilə itələyir və şəxsiyyətimizi alçaldırdılar. Təcridxanaya çatanda bizi tamamilə lüt soyundurdular. Orada istintaq təcridxanasının rəisi Göyüş Quliyev və əlavə iki polis çavuşu var idi. Lüt soyunduqdan sonra bizi koridorla 2 saylı kameraya (Xataya) gətirdilər, orada başqa tanımadığım dustaq var idi. Kameraya girdikdən sonra paltarımı verdilər. Üzərimdə olan bütün əşyalarımı götürmüşdülər. Kamera həddən artıq soyuq idi. Yataqlar çox çirkli idi, içəridən üfunət iyi gəlirdi. Havasızlıq idi. Onlara xəstə olduğumu, dərmanlara və ilıq suya ehtiyacımın olduğunu dedim. Mənim sözlərimə heç bir əhəmiyyət verilmirdi. Sutkada cəmi iki dəfə yemək, bir dəfə çay verirdilər. Mədə ağrılarını sakitləşdirmək üçün krandan soyuq su içməyə məcbur olurdum. Bu, mədəmdən qan gətirirdi, sifətim irinləmişdi. Otaqdakı adamları tez-tez dəyişdirirdilər və düşünülmüş şəkildə yanıma ağır cinayətdə təqsirləndirilənləri və məhkumları salırdılar. Kiçik bir nəfəslik var idi nəfəs almaq üçün ağzımı ora dirəyirdim. Içəri həddən artıq rütubət idi. Sümüklərim də bərk ağrıyırdı. Tez-tez qollarımı arxadan bağlayıb yuxarı çıxarırdılar. Yuxarıda olanda qollarımı açmırdılar, mənimlə hər biri ayrı-ayrılıqda Mirqafar Seyidov, Eldar Əhmədov, Vilayət Eyvazov və Sərvər Mehrəliyev söhbət edirdilər. Düşünürəm ki, onlar mənim günahsız olduğumu bilirdilər.
“Mənə verdikləri vəkil özünü müstəntiqdən betər aparırdı”
16 mart 2012-ci il tarixdə artıq mənim telefonumu və digər əşyalarımı özümə vermişdilər, düşünürdüm ki, məni buraxacaqlar. Həmin gün məni Arzu adlı müstəntiq dindirdi. Arzu məndən diski Elxan Əliyevə verməyimi etiraf etməyimi tələb etdi. Mən bildirdim ki, mən belə şey etməmişəm. Arzu dedi ki, bunu salın kameraya ağlı başına gəlsin. Məni yenidən tamamilə lüt soyundurdular. Yenidən 2 saylı kameraya gətirdilər. Paltarlarımı özümə verdilər. Həmin havasızlıq şəraitində ayaqyolu kameranın içində idi. Su sistemi yaxşı işləmirdi. Həmişə otaqda başqa şəxs də olurdu. Yemək stolu da həmin darısqal havasız kamerada idi. Hava oynamadığından iy gec dağılırdı və otaq həmişə üfunət iylənirdi.
16 mart 2012-ci il tarixdə yenidən mənim qollarımı bağlayaraq M.Seyidovun yanına apardılar. M.Seyidov bildirdi ki, elə etmə ki, səni o biri otağa keçirim, onsuz da boynuna qoyacaqlar, yaxşı olar ki, özün kaseti verməyini təsdiq edib işini yüngülləşdir. Sonra məni Ağır cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin müstəntiqi olduğunu bildirən Orxan Dəmirov dindirdi. Orada dövlət hesabına təyin edilən Səfər adlı vəkil var idi. Ona mənim vəziyyətim barədə şikayət etməyi, mənə burada bir kağız belə verilmədiyini dedim. Bildirdi ki, belə şikayət etməyəcək. Orxan adlı müstəntiq dindirən zaman bildirdim ki, Konstitusiyamızın 47-ci və 50-ci maddələrinə görə, hər bir şəxsin söz azadlığı vardır. Bu zaman vəkil dedi ki, sən nə söz azadlığından danışırsan? Bu zaman vəkilə etiraz etdim və getməsini xahiş etdim. Orxan bildirdi ki, mənim belə bir hüququm yoxdur. Məhz etirazımda israr etdim. Sonradan onun dindirmədə guya iştirak etməsi və imza etməsi barədə məlumatım yox idi. Hiss olunurdu ki, həmin vəkil məni yox, müstəntiqi müdafiə edirdi və özünü müstəntiqdən betər aparırdı.
“Tək qorxum yenidən məni ”bandotdel”ə aparmalarıdır”
17 mart 2012-ci il tarixdə məni Vüqar Nəsibov adlı müstəntiq dindirdi, daha sonra məni məhkəməyə gətirdilər. Mənə heç bir sənəd vermədilər və hansısa məzmununu bilmədiyim sənədlərə imza atdırdılar. 04 aprel 2012-ci il tarixdə Bakı Istintaq Təcridxanasına gətirilənə qədər “Banotdel”də qeyd edilən qeyri-insani şəraitdə saxlanıldım. Bakı Istintaq Təcridxanasında mədəm üçün tabletka dərman versələr də, bu, mənim mədəmin qanaxmasını kəsmirdi. Tək qorxum yenidən məni “bandotdel”ə aparıb qeyri-insani rəftar etmələridir”.
***
Yuxarıda Zaur Quliyev tərəfindən qeyd edilən faktlarla bağlı vəkil Elçin Sadıxov jurnalistin təcili müalicə alması üçün müvafiq qurumlara müraciət etsə də, 14 aprel 2012-ci ilə qədər Bakı Istintaq Təcridxanasında Zaur Quliyevə tibbi yardım göstərilməsi ilə bağlı müraciətlər baxılmamış qalıb.
Informasiya şöbəsi