Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun hələ də həbs olunmaması müzakirə mövzusu qalır. Bəzi ehtimallara görə, Eldar Mahmudovun qudası, “kredit qalmaqalı”na görə həbs olunan Beynəlxala Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məhkəmədəki sərt çıxışları Eldar Mahmudovun da həbsini şərtləndirə bilər. Məlumat üçün deyək ki, Cahangir Hacıyev son sözündə Azərbaycan hakimiyyətini sərt tənqdib edib. Lakin hətta bu halda da Eldar Mahmudovun həbs olunmayacağını düşünənlər var. Məsələn, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl moderator.az-a bildirib ki, hakimiyyət Eldar Mahmudovun həbsində maraqlı deyil:
“Eldar Mahmudovu niyə tutmurlar? Cavab aydındır – istəmirlər. Niyə istəmirlər? Bu istək könüllüdürmü, yoxsa məcburiyyət qarşısındadır? Yəni, Eldar Mahmudovun tutulmasına “don”geyindirməyə ehtiyac yoxdu. ”Onun donu göydə biçilib”. Niyəsinə bir də qayıdaq. İndiyədək tutulan yüksək rütbəli məmurların hamısından Eldar Mahmudovu fərqləndirən, bilirsiniz nədir? Səhiyyə və ya əmlak nazirinin vəzifəsi imkan verər ki, tabeliyində olan minlərlə şəxsi işdən çıxarsın, bir o qədər işə götürsün, rüşvət alsın və s. Amma, onların Əməlyyat Texniki İdarəsi, məxfi casus şəbəkəsi, izləmə idarəsi, çəkiliş qrupları, istintaqı, əməlyyatçıları, və s. üstünlükləri olmayıb axı. Bu gücün vasitəsilə E.Mahmudov bütün “işlər”ini görüb. Bu vasitələr imkan verir ki, qarşısındakını – yəni nə vaxtsa onu ittiham edənlərin “qrex”ini əyani şəkildə qarşısına qoyub hər zaman özündən asılı vəziyyətə salsın. Bu isə artıq kompromat fəlsəfəsidir.
Bilirsiniz, niyə kompromat barədə deyirəm. Çıxın küçədə sorğu aparın, yasda – toyda bu mövzunu müzakirə edənlərin danışığını təhlil edin, hakimiyyətə yaxın olan şəxslərin eyhamlarına, göz-qaş oynatmalarına fikir verin, üstüörtülü cavablarına baxın.., son qənaətiniz bu olacaq: “Deyirlər Mahmudovun əlində hansısa çəkilişlər, sənədlər, videolar var.., onu tutsalar, ya öldürsələr, hamısını xaricdən yayacaqlar, biabırçılıq olacaq.
Totalitar-avtoritar cəmiyyətlər üçün kompromat sayılan fakt, demokratik cəmiyyətdə keçərli olmaz və əksinə. Məsələn Rusiyada ən yüksək səviyyələrdə kiminsə rüşvət alması faktı ajiotaj yaradası deyil, cəmiyyətin reaksiyası sıfır olacaq, sanki belə də olmalıdır. Amerikada isə Obamanın rüşvət almasını sübut edən kiçik bir fakt bəlli olsa, o vaxtından əvvəl istefa verəcək, cəmiyyətsə, bizim saytların populyar ifadəsilə desək “şok” yaşayacaq. Rüşvət qalsın bir tərəfə, Niksonun seçkilərdə rəqibinin telefon danışıqlarına qulaq asdığı (Uoterqeyt hadisəsi) məlum olanda, o istefa verdi. Zimbabvedə Muqabe rəqibinin yataq otağını çəkdirib, camaata göstərir, camaat da quzu balası kimi elə Muqabenin belə etməli olduğunu qəbul edir. Amma, məsələn, Bill Klintonun Monika Levinski ilə bağlı məhəbbət macərasını, Ağ evdə sevişməyini Amerika cəmiyyəti eşidəndə bir az dodaqları qaçıb, qızlar Monikaya, türklər demiş, erkəklər də Billə həsəd aparıblar. Monika kitab yazır, Bil Hillariylə barışır. Amma belə bir fakt hətta qan su yerinə axan Suriyada baş versəydi, misal üçün Bəşər Əsədi istefaya göndərərdilər, ya Bəşər utanıb özü gedərdi. Amma Bəşərə deyirlər ki, sən diktatorsan, əlin yüz minlərlə vətəndaşının günahsız qanına batıb, sən getməlisən, sənin ucbatından 800.000 min suriyalı ölüb, 3 milyonu qaçaq düşüb.., kimə deyirsən, Əsəd yerindədi. Sitatların Rusiya, Suriya, Amerikadan gətirilməsinin bir səbəbi də hal-hazırdə bu ölkələrin adının dünya siyasi gündəmində yer tutmasıdır, yoxsa nümunə gətirməyə belə yerlər çoxdur.
Qayıdaq Eldar Mahmudovun niyə hələ də həbs olunmamasına. Bilin və agah olun, Eldar Mahmudov həbs olunmayacaq! Bu ölkədə iki məsələ dəqiqdir – nə Qarabağ alınacaq, nə Eldar Mahmudov tutulacaq! Heç mən özüm istəmirəm Eldar Mahmudovun tutulmasını. Eldar tutuldu nə, tutulmadı nə? Nə isti, soyuğu olasıdı ki, bu cəmiyyətə? Heç nə dəyişəsi deyil.., oturubdu də evində“.