Anar Məmmədli: «Seçki komissiyalarının tərkibi dəyişdirilməli və hakim partiyanın nəzarətindən çıxarılmalıdır»
Hafiz Həsənov: «Kosmetik dəyişikliklərlə vəziyyəti dəyişmək olmaz»
Azərbaycan parlamentinin Seçki Məcəlləsinə qəbul etdiyi düzəlişlər texniki xarakter daşıyır və seçki təcrübəsində ciddi müsbət dəyişikliklərə səbəb olmayacaq. Qeyd edək ki, yeniliklər şikayətlərə baxılması müddətinin azaldılmasını nəzərdə tutur. “Bu düzəlişlər qaçılmaz idi və hətta gecikib. Çünki 2008-ci ildə seçki kampaniyasının müddəti 75 gündən 60 günə qədər azalıb, müvafiq olaraq şikayətlərə baxılması müddəti qısaldılmalı idi”, deyə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli qeyd edib.
Şikayətlərə 3 gün ərzində, seçkilər günündə isə dərhal baxılmasının müəyyən edilməsi müsbət məqam olsa da, seçkilərdən sonra şikayətlərin hazırlanmasına 3 gün ayrılması çox azdır. Çünki namizədin belə qısa müddət ərzində müxtəlif məntəqələrdən pozuntulara dair dəlilləri toplaması, onları tərtib edərək, şikayəti MSK-ya təqdim etməsi çətin məsələdir. Buna ən az 5-6 gün lazımdır.
Həmçinin, şikayətlərə baxılması proseduru təkmilləşdirilməli və müşahidəçilərin rəyi dəlil kimi qəbul edilməlidir. Ümumilikdə, SM-in daha ciddi dəyişikliklərə ehtiyacı var. Ilk növbədə seçki komissiyalarının tərkibi dəyişdirilməli və onlar hakim partiyanın nəzarətindən çıxarılmalıdır. Seçki komissiyalarında seçkilərdə iştirak edən bütün siyasi qüvvələr təmsil olunmalı, habelə seçki kampaniyasının müddəti uzadılmalıdır, Məmmədli belə hesab edir.
“Hüquq və Inkişaf” Mərkəzinin rəhbəri Hafiz Həsənov apellyasiya məhkəmələrində şikayətlərə baxılmasının mülki kollegiyalardan inzibati-iqtisadi kollegiyalara verilməsini müsbət sayır. “Bu o deməkdir ki, seçkilər zamanı şikayətlərə mülki mübahisə kimi deyil, dövlət qurumlarının əməllərindən şikayət kimi baxılır”, deyə Həsənov qeyd edib.
O, şikayətlərə baxılması prosedurunun təkmilləşdirilməsini və bu prosesə QHT-lərdən müstəqil ekspertlərin cəlb edilməsini zəruri sayır.
Həsənov hesab edir ki, kosmetik dəyişikliklərlə vəziyyəti dəyişmək olmaz, Seçki Məcəlləsinin şikayətlərə baxılması ilə bağlı hissəsi tamamilə dəyişdirilməlidir(Turan).