ARDNŞ şefi ədavətdə olduğu Oqtay Əsədovdan zərbə gözləyir
O, spikerin Sulutəpə olayından istifadə edəcəyindən narahatdır
ARDNŞ prezidenti Rövnəq Abdullayevlə Milli Məclisin spikeri Oqtay Əsədov arasında gərginlik davam edir. Bu gərginliyin kökü “Azərsu”nun spikerdən alınaraq ARDNŞ prezidentinə verilməsi olsa da, hazırda sözügedən məmurlar arasındakı ziddiyyətlərin əsas Sulutəpə olaylarıdır. Bu barədə qəzetimiz ötən saylarında məlumat vermişdik.
Bildirmişdik ki, Rövnəq Abdullayev Sulutəpədə baş verənlərə görə Binəqədinin sabiq icra başçısı Alı Qocayevi təqsirkar bilir. ARDNŞ hesab edir ki, Alı Qocayev həmin əraziləri satmaqla ona ciddi problemlər yaradıb. Bu baxımdan da Rövnəq Abdullayev bütün bunlarla bağlı faktları toplayaraq Ilham Əliyevə təqdim edib və Alı Qocayevin cəzalandırılmasını istəyib. Alı Qocayev isə Oqtay Əsədovun qudasıdır. Təbii olaraq Oqtay Əsədov da onun müdafiəsinə qalxıb. Lakin spiker qudasının Binəqədidə vəzifəsini davam etdirməsinə nail olmayıb. Ilham Əliyev bir neçə gün əvvəl Alı Qocayevi Samuxa icra başçısı təyin edib.
Dünən əldə etdiyimiz məlumatlara görə, Oqtay Əsədov qudasını həbsdən və işsiz qalmaqdan qurtarsa da, Alı Qocayevin təyinatı ilə razı deyil. Və fürsət düşdükdə Rönəq Abdullayevə bunun cavabını vermək niyyətindədir. Məlumatlarda deyilir ki, Rövnəq Abdullayev də bunu bilir. Bu baxımdan Sulutəpədə baş verən son olaylardan sonra dərhal əmr imzalayıb. Həmin əmrdə deyilir ki, ki, ARDNŞ-in təhlükəsizlik Idarəsi tərəfindən 18.04.2012-ci il tarixində həyata keçirilmiş tədbir barəsində ətraflı məlumat toplanılsın, KIV-də yayımlanmış məlumatlar ətraflı araşdırılsın. “Tədbir zamanı öz vəzifə funksiyalarını yerinə yetirməmiş və ya lazımi qaydada yerinə yetirməmiş və jurnalistlərə münasibətdə hüquqazidd hərəkətlərə yol vermiş əməkdaşların dairəsi müəyyən edilsin və onlar barəsində lazımi tədbirlər görülməsi barəsində təkliflər versin; son zamanlar mövcud qanunvericiliyin tələblərinə məhəl qoymadan qanunsuz tikililəri inşa etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün ətraflı məlumatların toplanılması və mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilməsi təmin edilsin; komissiya tərəfindən görülmüş tədbirlər barəsində ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması üçün tədbirlər görülsün”,- deyə əmrdə vurğulanır.
Sənəddən də açıq-aydın görünür ki, Rövnəq Abdullayev təşvişə düşüb. Redaksiyamıza daxil olan məlumatlara görə, ARDNŞ prezidenti hesab edir ki, hakimiyyətdəki rəqibləri baş verənlərdən ona qarşı istifadə edə bilər. Rövnəq Abdullayevin xüsusilə ehtiyat etdiyi Oqtay Əsədovdur. O, spikerin bu məsələnin Milli Məclisdə qaldırılmasına şərait yaradacağından narahatdır.
Azad