Məhkum azadlığa çıxandan sonra dövlət hesabına müalicə alır, işlə təmin edilir, yaşamağa yeri yoxdursa, ona müvəqqəti sığınacaq verilir və müvafiq nazirliyin ekspertləri onun digər problemləri ilə məşğul olurlar…
Yəqin sizə də elə gəldi ki, bütün bunlar hansısa Qərb ölkəsinin humanist qanunlarında əksini tapıb. “Azadlıqdan məhrumetmə yerlərindən azad olmuş şəxslərin sosial adaptasiyası” haqqında qanunu gözdən keçirəndə biz də ən azı, sizin qədər təəccüblənmişdik. İnandırıcı olmasa da, bu qanun Azərbaycanda, özü də düz beş il bundan əvvəl qəbul edilib. Həmin qanuna görə, məhkumluqdan azad olmuş şəxsin tibbi və sosial yardıma ehtiyacı varsa, ona ərazi Sosial
Müdafiə Mərkəzi tərəfindən 340 manat həcmində birdəfəlik sosial müavinət verilir. Üstəlik sosial adaptasiya mərkəzi, daimi yaşayış yeri olmayan azadlığa çıxmış şəxslər bir il müddətinə müvəqqəti yaşayış yeri ilə təmin olunurlar.
Ölkə başçısı tərəfindən əfv olunmuş məhkumlara gəlincə, dövlətimizin qanunları bu şəxslərə qarşı da xeyli diqqətlidir. Qanuna görə, belə məhkumların reabilitasiyası məqsədi ilə müvafiq dövlət orqanlarına tapşırıqlar verilir, onların sağlamlığının bərpası, təhsilinin davamı, ictimai faydalı əməyə cəlb olunması istiqamətində ciddi işlər görülür.
Qanunlar idealdır, bəs icrası?
Bütün bunlardan sonra adamı bir sual məşğul etməyə bilmir.
Əgər dövlət azadlıqdan məhrum edilən vətəndaşlarına qarşı bu cür qayğıkeşdirsə, niyə həmin şəxslərin bəziləri azadlığa çıxdıqdan az sonra cinayət törədərək yenidən həbsxanaya qayıdırlar? Yaxud həbsxanadan azad olunduqdan sonra cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkir və bir çox problemlərlə – xüsusən də işsizlik problemi ilə üzləşirlər. Bu acı gerçəklik göstərir ki, qanunlarda əksini tapan bəzəkli cümlələrin real həyatla əlaqəsi ya ümumiyyətlə yoxdur, ya da olduqca zəifdir.
Bakı sakini Sevinc İsmayılovanın həyat yoldaşı hazırda həbsdədir və artıq iki ildir ki, məhkumluq həyatı yaşayır.
Dediyinə görə, bu, yoldaşının ikinci məhkumluğudur. İlk dəfə həbsxanaya yüngül bir cinayətə görə düşüb. Çox keçməmiş əməlindən səmimi şəkildə peşman olub və məhbəsdən çıxmaq üçün gün sayıb. Amma iş elə gətirib ki, azadlığa çıxmağı ilə dəmir barmaqlıqlar arasına qayıtmağı cəmi bir neçə ay çəkib.
“O adam qalmadı ki, iş üçün ağız açmasın”
İki uşaq anası olan Sevinc bu talesizliyə görə təkcə həyat yoldaşını günahkar saymır: “Birinci dəfə həbsə düşəndə qohum-əqrəbanın köməyi ilə bir qarnı ac, bir qarnı tox birtəhər dolanırdıq. Elə bilirdim ki, ən çətini azadlığa çıxana qədərdir. Sonra hər şeyə yenidən başlayacağıq. Amma belə olmadı. Yazıq azadlığa çıxdığı gündən iş yeri soraqlaşırdı. O adam qalmadı ki, ağız açmasın. Məhkumluğu ona əməlli-başlı problem yaratmışdı. Həbsdən çıxdığını biləndə dərhal imtina edirdilər. Yəqin etibar eləmirmişlər. Bu münasibət də onu istər-istəməz sarsıdırdı. Evi də nə cürsə dolandırmaq lazım idi. O çıxandan sonra qohum-qardaşdan gələn yardım da kəsildi. Günlərin birində qapımıza polis gələndə heç ağlıma da gəlməmişdi ki, ikinci dəfə belə bir iş tutar…”.
S.İsmayılovanın dediyinə görə, həyat yoldaşını bu dəfə dələduzluq və saxtakarlıq ittihamı ilə tutublar. Dostlarından biri onu arxayın edib ki, hansısa sənədə imza atsa, ona da “yaxşı hörmət edəcəklər”. O da hər yerdən ümidi kəsildiyi üçün çarəsizlikdən razı olub…
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov da keçmiş məhkumların üzləşdiyi problemlər sırasında birinci növbədə onların işlə təmin olunmamasını qeyd edir. Hüquq müdafiəçisinin sözlərinə görə, məhkumun iş tapmaması əsasən onun həbs olunmamışdan əvvəlki peşə vərdişlərini yaddan çıxarması, cinayətkar keçmişi və ölkədəki işsizliklə əlaqədardır: “Keçmiş məhkumların işlə təminatı demək olar ki, həyata keçirilmir. Onları özəl və dövlət sektorunda işə götürmürlər. Ancaq unutmaq lazım deyil ki, bütün hallarda azadlığa çıxanlar eyni hüquqlu olur. Bu balansı qorumaq da cəmiyyətin üzərinə düşür. Belə şəxslərin cəmiyyətə adaptasiyası, dövlətdən çox, cəmiyyətin problemidir. Bu məsələ məhkum azadlığa çıxana qədər həllini tapmalıdır. Yəni, məhkum həbsdən buraxılanda hara gedəcəyini, hansı işin qulpundan yapışacağını bilməlidir”.
Bir neçə ay əvvəl həbsdən azad olunan 20 yaşlı vicdan məhbusu Cabbar Savalanlının azadlığa çıxandan sonra işi ikiqat çətin olub. Dediyinə görə, aylardır həm təhsilini davam etdirməkdə, həm də iş tapmaqda ciddi problemlərlə üzləşir: “Təxminən 10 aylıq məhkumluq həyatından sonra ötən ilin dekabrında azadlığa çıxdım. O vaxtdan bəri həm həbsimlə əlaqədar yarımçıq qalmış ali təhsilimi davam etdirmək, həm də iş tapmaq üçün çalışıram. Amma hələ ki, cəhdlərim nəticə verməyib”.
Təkrar cinayətə nə sövq edir?
Cabbarın sözlərinə görə, həbsdə olan məhkumları qayğılandıran əsas məsələlərdən biri azadlığa çıxandan sonra ailələrinə hansı yolla çörəkpulu qazanacaqlarıdır: “Hazırda məhkumluq həyatı yaşayan yüzlərlə insan var ki, vaxtilə törətdiyi əmələ görə peşman olub, həbsdən çıxandan sonra iş tapıb, ailəsinə 3-5 manat çörəkpulu aparmaq istəyib. Amma tapa bilməyib və beləliklə, həm pulsuz, həm də məşğuliyyətsiz qaldığından yenidən cinayətkar əməllərə qurşanıb. Əlbəttə, insanı qınamaq asandır. Amma ilk növbədə onu təkrar cinayətə sövq edən səbəbləri araşdırmaq lazımdır. Həbsxana həyatı yaşamış adam kimi deyə bilərəm ki, heç bir normal insan o həyatdan məmnun qala bilməz. Əgər insan yenidən həmin cəhənnəmə qayıdırsa, demək, bayırdakı mühit onun üçün daha betərdir”.
Cabbar deyir ki, dövlətin məhkumlara qayğını məcbur edən qanunlarından içəridə az qala, heç kimin xəbəri yoxdur. Xəbəri olanlar da, bunu ancaq gülüşlə qarşılayırlar: “Kimi inandıra bilərsən ki, həbsdən çıxandan sonra dövlət sənə iş, qalmaq üçün yer, müavinət verəcək və ya sənin cəmiyyətə adaptasiyan üçün çalışacaq. Orada belə sözlərə heç kim inanmır. Düzdür, hökumətin təyin etdiyi müavinəti alan bir-iki keçmiş məhkum var. Amma minlərin yanında bu rəqəm yox kimi bir şeydir. O ki qaldı işlə təmin olunmağa, məhkumlar deyirdilər ki, indi heç ali təhsillilərə iş yoxdur, qul bazarında beş-üç manata görə bir-birini qırırlar, üstündə cinayətkar damğası olana iş verən kimdir”.
Sosial reabilitasiya mərkəzinin tikintisi niyə düyünə düşüb?
“Keçmiş məhkumların normal həyata qaytarılması üçün mütləq sosial reabilitasiya mərkəzi yaradılmalıdır”. Bunu isə Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Nazir Quliyev deyir. Onun sözlərinə görə, mərkəzin açılması məsələsi hələ 2007-ci ildət qanunvericilikdə öz əksini tapsa da, icrasına təəssüf ki, hələ başlanılmayıb: “Sosial reabilitasiya mərkəzinin yaradılması olduqca vacibdir. Yaradılacaq mərkəzi keçmiş məhkumun sosial yaşayışı ilə yanaşı tibbi, hüquqi, psixoloji təminatını ödəyəcək həqiqi reabilitasiya funksiyasını yerinə yetirməlidir. Yalnız bu halda keçmiş məhkumlar normal həyata adaptasiya ola biləcəklər. Əks halda problemlər məngənəsində boğulan keçmiş məhkum təkrar cinayət yolunu tutacaq”.
N.Quliyev hesab edir ki, Azərbaycanın iqtisadi imkanları, maliyyə resursları bu mərkəzin yaradılmasına imkan verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bildirir ki, cəzaçəkmə müəssisələrindən azadlığa çıxmış, sosial adaptasiyası çətin keçən və yaşayış yeri olmayan şəxsləri müvəqqəti yaşayış yeri ilə təmin etmək üçün paytaxtda Sosial Adaptasiya Mərkəzinin tikilməsi barədə hökumətə təkliflər göndəriblər. Bu təklifin nə vaxt reallaşacağı isə hələ ki, bu qurumun özünə də bəlli deyil.
N.Quliyev onu da əlavə edib ki, bir çox ölkələrdə keçmiş məhkumların azadlığa çıxdıqdan sonra cəmiyyət üçün yarada biləcəyi fəsadları önləmək üçün tədbirlər görülür: “Araşdırmalar göstərir ki, bu gün məhkumlar azadlığa çıxdıqdan sonra onlara verilməli olan birdəfəlik müavinətlərin çatdırılmasında da müəyyən problemlər var. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 2009-cu ildə imzaladığı əmrə əsasən, həbsxanadan çıxan sosial müdafiəyə ehtiyacı olan məhkumlara minimum əməkhaqqının 4 misli məbləğində birdəfəlik müavinət verilməlidir. Təəssüf ki, bu müavinətlər sahiblərinə ya vaxtında çatmır, ya da süründürməçiliyə yol verilir”.
“Münasibət normal olsa, yenidən cinayət törətmək riski minimuma enəcək”
Psixologiya və Konsultasiya Mərkəzinin sədri Elnur Rüstəmov isə bildirir ki, məhbus həyatı keçən insanlar daha çox cəmiyyətə adaptasiya prosesində çətinlik yaşayırlar. Bu səbəbdən də onlar azadlığa qayıdanda məcburi reabilitasiyaya götürülməlidilər: “Bu gün statistikaya fikir versəniz, islah-əmək düşərgəsində daha çox yenidən məhkum olanlar üstünlük təşkil edirlər. Normalda məhbus ciddi bir səbəb olmazsa 2-ci dəfə məhkumluq yaşamaq istəməz. Əgər bu baş verirsə, deməli, mexanizmdə nəsə çatmır. Onların işlə təmin olunması prosesinə də fikir verilməlidi. Bu faktor da öz təsirini göstərir. Cəmiyyətin onlara münasibəti də psixikaya təsirsiz ötüşmür. Əgər onlar bir müddət normal münasibət şəraitində yaşayarlarsa, düşünürəm ki, yenidən cinayət törətmək riski minimuma enəcək”.
Aytən Məmmədova
Gültəkin Knyazqızı
Yazı “Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda” İctimai Birliyinin
təşkil etdiyi “CƏZA ÇƏKMƏKDƏN AZAD EDİLMİŞ ŞƏXSLƏRİN SOSİAL ADAPTASİYASI” aldı müsabiqəyə təqdim olunur.