«Ölkə başçısının son çıxışı komandasını sakitləşdirməyə hesablanıb»
Rahim Hacıyev: «Əliyev iqtidarının təzyiqlər qarşısında dayanmağa ciddi resursları yoxdur»
2012-ci ilin birinci rübünün nəticələrinə həsr edilmiş müşavirədə ölkə başçısı Ilham Əliyev son vaxtlar Azərbaycanla bağlı səslənən tənqidi fikirlərə toxunub. Azərbaycan rəhbərliyini antidemokratik addımlar atmaqda günahlandıranları ittiham edən Əliyev bu siyasətin nəticəsiz qalacağını dedi. Əliyev bildirib ki, hakimiyyətin siyasətinə təsir edə biləcək qüvvə yoxdur və o prezident olduğu müddətdə də olmayacaq. Şübhəsiz ki, ölkə başçısını narahat edən son dövrlər Qərb mətbuatında dərc edilən yazılardır. Ölkədəki durumla bağlı tənqidi fikirlər ölkə başçısını narahat etməyə bilməzdi. Lakin neqativ halları aradan qaldırmaq əvəzinə bu tənqidləri səsləndirənlər hədəfə alındı. Bəs Ilham Əliyevin belə bir çıxışı nəyə hesablanıb?
Siyasi ekspert Rahim Hacıyev bunu iki amillə əlaqələndirdi. Birinci amil beynəlxalq aləmin Azərbaycana artan diqqətidir. Beynəlxalq təşkilatların və mətbuatın Azərbaycanda baş verən proseslərə belə diqqət göstərməsi hakimiyyəti narahat etməyə bilməz. Artıq bütün dünya Azərbaycan iqtidarının əməlləri barədə danışır, ifşaedici faktları ortaya çıxarır. Əliyevi bundan ciddi şəkildə narahatlıq keçirir.
Ekspert başqa bir amil kimi isə Əliyevin komandasını sakitləşdirmək cəhdini göstərdi. Çünki hakim komandada təmsil olunanlar hakimiyyətə çox ciddi təzyiqlərin olduğunu bilir. Birbaşa Ilham Əliyevin hədəfə götürülməsi hakimiyyətdəkiləri narahat etməyə bilməz. Artıq onlarda böyük dövlətlərin Azərbaycanla bağlı ciddi planlarının olması ilə bağlı fikir yaranıb. Ölkə başçısının son çıxışı da onları sakitləşdirməyə hesablanıb ki, hakimiyyət möhkəmdir. Ancaq əslində bu, blefdir. Çünki buna qədər 80 milyon əhalisi olan Misirin prezidenti də uzun müddət müqavimət göstərdi. Lakin həm daxili, həm də xarici təzyiqlər nəticəsində istefaya getmək məcburiyyətində qaldı. Əliyev iqtidarının da təzyiqlər qarşısında dayanmağa ciddi resursları yoxdur.
Ekspertin sözlərinə görə, Əliyevin apardığı oyun təhlükəlidir. Çünki dünyaya meydan oxumaq hələ heç kim üçün yaxşı nəticə verməyib.
Fizzə