Əlövsət Osmanlı: «Qəbul imtahanlarının ləğvi bizdə reallaşdırıla bilməz»
Son zamanlar Türkiyədən gələn xəbərlər sırasında “dərbəçi generallar”ın qalmaqallı həbslərilə bağlı məlumatlar daha çox yer tutur. Bununla yanaşı, ölkədə elmin, texnologiyanın, səhiyyənin, xüsusən də təhsilin inkişafı ilə bağlı böyük işlərin görüldüyü, yeni-yeni layihələrin həyata keçirildiyi də mətbuatın diqqətindən qaçmır. Bu proseslər Azərbaycan ictimaiyyəti tərəfindən də diqqətlə izlənilir. Qardaş ölkənin təhsilində gedən proseslərlə bağlı daha yaxşı bilgi əldə etmək üçün mütəxəssis fikrinə ehtiyac duyduq. Ona görə də tanınmış təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlıya müraciət etdik.
– Əlövsət müəllim, Türkiyə təhsilində nə baş verir?
– Mən sualınıza bir az uzaqdan başlamaq istəyirəm. Sirr deyil ki, qardaş ölkənin baş naziri Tayyib Ərdoğan və onun liderlik etdiyi AKP dünyanın 16-cı iqtisadi gücü olan Türkiyəni 2023-cü ildə inkişaf etmiş dövlətlərin birinci onluğuna daxil etməyi planlaşdırıb. Mətbuatda “100-cü il projesi” adlandırılan bu genişspektrli projenin detalları get-gedə daha aydın görünməyə başlayır. Belə ki, ölkə, hər biri ayrı-ayrılıqda böyük intellektual və maddi resurslar tələb edən müxtəlif istiqamətlərdə qibtə ediləcək nailiyyətlər əldə etməkdədir. Milli peyk, insansız təyyarə, helikopter, dənizaltı (sualtı qayıq), tank, raket yaradılması mərhələsi bu ölkə üçün artıq arxada qalıb. Hazırda onların seriya buraxılışı üzərində iş gedir. Ötən ildən milli savaş uçaqlarının və avtomobillərin yaradılmasına start verilib. Nanotexnologiya, tibbi araşdırma və elm tutumlu istehsal mərkəzləri yaradılır. Xarici ölkələrdə çalışan 300-ə yaxın türk superbeyninin mərhələli şəkildə ölkəyə qaytarılmasına başlanılıb. Hal-hazırda onlar üçün çağdaş tələblərə cavab verən müvafiq iş və məişət şəraiti yaradılması üzərində böyük iş gedir…
Ölkənin gələcək inkişafını və qüdrətini təmin edəcək əsas strateci istiqamət, sözsüz ki, təhsil sistemində aparılan köklü islahatlardır. Son bir neçə ayda bu sahədə görülən işlər, xüsusən də hər bir şagirdin vahid təhsil şəbəkəsinə çıxışı olan lövhə bilgisayarla, hər bir sinfin ağıllı taxta ilə təmin olunmasını nəzərdə tutan “FATIH” projesi, sözün əsl mənasında, məktəbdə və şüurlarda inqilab yaradacaq bir addımdır. Xatirinizdə varsa, bununla bağlı mətbuatda mənim geniş açıqlamam da dərc olunmuşdu.
Bu günlərdə prezident Abdulla Gül parlamentdən böyük mübahisələrlə keçən təhsildə “4+4+4 yasası” adlandırılan yeni qanunu təsdiq etdi. Beləliklə də ümumi orta təhsil sistemində üçpilləli 12 illik icbari təhsilə keçidin əsası qoyuldu. Bu ildən başlayaraq, yaşı 5-6 arasında olan, fiziki sağlamlığı, psixoloji və əqli imkanları yetərli olan hər bir uşaq ibtidai təhsil pilləsinə qəbul ediləcək. Burada dörd il oxuduqdan sonra onlar, yiyələndikləri bilik və bacarıqların səviyəsinə uyğun olaraq, müəllimlər və valideynlər tərəfindən peşəyönümlü məktəblərə (məslək okullarına) istiqamətləndiriləcəklər. Üçüncü dördillik pillə isə lisey təhsili verir. Ikinci pilləni hansı məktəbdə bitirməsindən asılı olmayaraq, hər bir Türkiyə vətəndaşı lisey təhsili almalıdır. Qanunda peşəyönümlü təhsilə xüsusi diqqət yetirilməsinin başlıca məqsədlərindən biri də məhz inkişaf tempinə görə dünyada ikinci yerdə olan ölkə iqtisadiyyatını hazırlıqlı kadrlarla təmin etmək niyətindən irəli gəlir.
– Bir belə mübahisə, müzakirə və qalmaqallara səbəb olan bu qanun cəmiyyətə təzə nə vəd edir?
– Qalmaqalları, mübahisələri təbii qəbul etmək lazımdır. Türkiyə demokratik, hüquqi dövlətdir. Ona görə də partiyalar və ictimai təşkilatlar arasında gedən mübahisələrə bu kontekstdən yanaşmaq lazımdır. Əslində, bu qanun çərçivə sənədidir. Onun əsasında təhsil proqramlarında, dərsliklərdə, tədris vəsaitlərində, ümumiyyətlə, təlim prosesində ciddi dəyişikliklər aparılması planlaşdırılır. Indiyədək böyük mübahisələrə səbəb olan “Quran kursları və Peyğəmbərimizin həyatı” isə 5-ci sinifdən başlayaraq seçməli (fakültativ) dərs kimi keçiləcək. Fərqli din və təriqətlərin daşıyıcıları da istədikləri halda öz inanclarına uyğun seçməli dərs almaq hüququna malik olacaqlar. Məktəblərdə dərslərin keyfiyyətinin yüksəlməsilə ölkəni bürümüş dərshanələrin – repetitorluq institutunun da qarşısı alınacaq.
– Rəsmi şəkildə fəaliyyət göstərən, sayı minlərlə olan bu dərshanələrin sahibləri, doğrudanmı bununla asan razılaşacaqlar?
– Əlbəttə, böyük maddi-texniki potensiala və yüksək səviyyəli pedaqoji kontingentə malik olan bu cür tədris müəssisələri boş qalmayacaq. Onlara hökumət tərəfindən təklif olunur ki, özəl məktəblərə çevrilsinlər. Bu təklifin arxasında cəlbedici dövlət dəstəyi də var. Belə ki, dövlət özəl məktəbə gedən hər bir şagird üçün 1500 türk lirəsi ayırır və onu məktəbin hesabına köçürür. Əgər özəl məktəbdə təhsil haqqı bundan artıqdırsa, qalan məbləğ şagirdin ailəsi və ya sponsorlar tərəfindən ödəniləcək. Bununla da özəl məktəblərdə çalışan 51 min müəllimin sayı bir neçə il ərzində 300 minə çatdırılacaq. Paralel olaraq, özəl məktəb şagirdlərinin sayının yaxın zamanda 400 mindən 2 milyona, uzun zamanda isə 7-8 milyona çatdırılması planlaşdırılır. Sosial-hüquqi dövlət olmanın bir göstəricisi də bu ildən başlayaraq bütün şagirdlərə hər dərs günü (həftədə 5 dəfə) 200 ml pulsuz süd verilməsilə bağlı “Məktəb südü proqramı”nın qəbul edilməsidir. Bu qərar həm də gənc nəslin sağlamlığının qorunması və inkişafı ilə bağlı tədbirlərin bir parçasıdır.
Bir sözlə, qardaş ölkədə qloballaşan, böyük iqtisadi-siyasi və intellektual rəqabət vəd edən gələcəyə hərtərəfli hazırlaşmaq prosesinə start verilib.
– Burada prezident Abdulla Gülün “Biz dünyada baş vermiş elmi-texniki inkişafdan iki dəfə geri qaldıq, bu dəfə qalmayacağıq” sözlərinə diqqət yetirməmək olmur…
– Tamamilə doğrudur. Hər şeydən görünür ki, yalnız ölkə rəhbərliyi deyil, cəmiyyət də bu dəyişikliklərə hazırdır. Deməli, türk milləti böyük bir toplum olaraq öz keçmişindən düzgün nəticə çıxarmağı bacarıb. Proses zamanı bir şey xüsusilə diqqəti cəlb edir: Ölkədə təhsil sahəsində aparılan siyasət “elastik”dir. Bu, hər şeydən əvvəl, həlli uzun zaman tələb edən strateji problemlərin taktiki mərhələlərlə çözümündə özünü göstərir. Məsələn, cəmiyyətdə artıq belə bir fikir formalaşıb ki, universitetlərə qəbul prosesi təhsilə köhnə yanaşmanın qalığıdır: Qəbul imtahanı aradan qaldırılmalı, hər bir gəncin sərbəst ali təhsil alma hüququ reallaşdırılmalıdır, imtahan gənclərin və valideynlərin yersiz psixoloji sarsıntılarına səbəb olur, o, ali təhsilə hazırlıqdan daha çox, universitet baryerini aşmağa xidmət edir. Bu məsələ 17 yaşlı Samsunlu öyrənci Damla Orhanın qəbula hazırlıq zamanı ürəyinin dayanması nəticəsində həyatını itirməsindən sonra daha geniş müzakirə olunmağa başlayıb. Iradların doğruluğunu qəbul edən təhsil naziri Ömər Dinçər artıq qəbul imtahanlarının ildə bir dəfə yox, üç-dörd dəfə keçirilməsinə hazırlaşdıqlarını bildirib. Abituryent öz istəyinə görə imtahanların birində və ya hamısında iştirak edə biləcək. Qəbul prosesində isə onun topladığı ən yüksək bal nəzərə alınacaq. O da bildirilir ki, qəbul imtahanlarının, ümumiyyətlə, ləğv edilməsi və universitetlərə girişin azad olması məsələsi də gündəmdədir. Amma bunun üçün son illər sayı sürətlə artan universitetlərdə tələbə yeri hələ kifayət qədər deyil.
– Əlövsət müəllim, necə fikirləşirsiniz, qəbul imtahanlarının ləğvi məsələsi bizdə də reallaşdırıla bilərmi?
– Xeyr! Birmənalı olaraq bu bizdə qeyri-mümkündür. On görə ki, buna nə cəmiyyətimiz, nə də təhsil sistemimiz hazırdır. Nə qədər ki, bizdə təhsilalanların böyük hissəsi təhsil yox, diplom almaqda, təhsilverənlərin böyük hissəsi isə təhsil verməkdə yox, diplom satmaqda maraqlıdır, buna yol vermək olmaz. Hazırda Türkiyə universitetlərinə qəbul olanların yalnız 65-70 faizi təhsilini başa vura bilir. Hətta qərbdə elə universitetlər var ki, ora qəbul olanların maksimum 40-50 faizi diplom alır. Bizdə isə tərsinədir, bir fakültəyə 100 nəfər qəbul edirlər, qurtaranda isə onların sayı 150 nəfər olur. Belə təhsil sisteminə nəyi isə etibar etmək olarmı?..