Əbülfəz Qurbanlı: “Gənclər yürüş-mitinqin rəngarəng keçməsini təmin edəcək”
22 aprel yürüş-mitinqi gənclərin xüsusi fəallığı ilə yadda qalacaq. Bunu, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirib.
Onun sözlərinə görə, budəfəki aksiyada həm siyasi mənsubiyyəti olan, həm də müstəqil gənclərin daha kütləvi və daha fəal iştirakını təmin edəcəklər: “Yürüş-mitinqin rəngarəng keçməsinə çalışacağıq. Ölkənin problemlərini ümumiləşdirən şüarlarla çıxış edəcəyik. Partiyalarda, ictimai təşkilatlarda təmsil olunan gənclər artıq sosial şəbəkələrdə təbliğata başlayıblar”.
Ə.Qurbanlı deyir ki, gənclərin son aksiyasında iştirak edənlər tam tərkibdə bu yürüş-mitinqə də qatılacaqlar: “Hətta daha artıq gəncin iştirakını proqnozlaşdırırıq. Yaxın günlərdə Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin bununla bağlı çağırışı da olacaq. Bu dəfə əsas çağırışımız işsiz gənclərə və tələbələrə yönələcək. Bu təbəqənin mitnqdə aktiv iştirakında maraqlıyıq”.