«Bu, onun son dövrlərdəki fəaliyyəti ilə bağlı ola bilər»
Tanınmış yazıçı, dramaturq, Ziyalılar Forumunun üzvü Rüstəm Ibrahimbəyovun Bayıl qəsəbəsində yerləşən və şəxsi mülkiyyətində olan 13.400 kvadratmertlik sahə əlindən alınıb. Kino Evinin tikintisi planlaşdırılan ərazinin Ibrahimbəyova məxsus olduğunu sübut dən “kupçanı” isə məhkəmə ləğv edib. Qeyd edək ki, bu layihəyə xarici investorlar 20 mln dollar vəsait ayırıb və vəsaitin artıq 5 milyonu xərclənib.
Görünür, R.Ibrahimbəyovun hakimiyyətin ünvanına səsləndirdiyi tənqidi fikirlərə rəsmilər belə cavab vermək qərarına gəlib. Xatırladaq ki, bundan əvvəl də o, hədəfə alınmışdı. Tanınmış yazıçının Ictimai Palatının aprelin 8-də keçirdiyi aksiyaya qatılması isə hakimiyyətin səbr kasasını daşırıb.
R.Ibrahimbəyovun vəkili Fuad Ağayevin qəzetimizə verdiyi açıqlamaya görə, bu torpaq sahəsi 2006-cı ildə Ibrahimbəyov və digər şəxslərin xüsusi mülkiyyətinə verilib. Orada Kino Evi üçün tikinti işi aparılırdı. 6 il ərzində bu torpaq xüsusi mülkiyyətdə olub. ARDNŞ məhkəmə qərarı olmadan, torpağın onlara məxsus olduğuna dair sənədi təqdim etmədən 2009-cu ildə bu ərazini zəbt edib. Hətta ərazidə çalışan şəxslər məcburi avtobusa yığılaraq polis bölməsinə aparılıb. Hadisədən sonra Ibrahimbəyov və digər şəxslər məhkəməyə üz tutaraq onlara məxsus olan ərazidə qarşı tərəfin hər hansı iş görməsinə qadağa tətbiq edilməsinə dair müvəqqəti xarakterli tədbir görülməsini tələb ediblər. Məhkəmə də belə qərar çıxarıb. ARDNŞ də bundan şikayət edib. Beləcə 2 il müddətində işə mahiyyəti üzrə baxılmayıb. Faktiki olaraq müdafiə xarakterli qərardadın mübahisəsi gedir. Iş Apelyasiya Məhkəməsinə və oradan da Ali Məhkəməyə gedib. R.Ibrahimbəyova külli miqdarda ziyan vurulub.
Vəkilin sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi şəhadətnamə, BŞIH-nin və Şəhərsalma və Memarlıq baş idarəsinin razılığı, habelə Bakı Ekspertiza Mərkəzinin təsdiq etdiyi layihələr var. Bunlar rəsmi dövlət sənədidir. Amma bunlara baxmayaraq, məhkəmə iddianı təmin etməyib. Burada hər hansı hüquq normasına əməl etməkdən söhbət gedə bilməz: “Bizim məhkəmə iddiamızdan sonra qarşı tərəf də məhkəmədə iddia qaldırdı. Məhkəmə işə baxandan iki il sonra Dövlət Neft Şirkəti öz tələblərini bir qədər də genişləndirdi. Bizim məhkəməyə etirazlarımıza baxmayaraq Dövlət Neft Şirkətinin əlavə tələblərinə məhkəmə baxdı və müvafiq qətnamə qəbul etdi. Hətta hüquqdan başı çıxmayan adam bu qətnaməyə baxsa, görər ki, burada ciddi hüquq pozuntularına yol verilib”.
Fizzə