Bakı Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin şikayətinə baxılıb. Apellyasiya şikayəti Nəsimi Rayon Məhkəməsinin Faiq Əmirli barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsinə dair qərarından verilmişdi.
Qapalı keçirilən məhkəmə iclasına Faiq Əmirlinin özünü də gətiriblər. O, məhkəmədə çıxışında ittihamın absurd olduğunu, Fətullah Gülən şəbəkəsilə heç bir əlaqəsi olmadığını bildirib.
Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.
Faiq Əmirlinin vəkili Aqil Layıcov “Azadlıq”a açıqlamasında bildirib ki, bu qərar onlar üçün gözlənilməz olmayıb: “Bizim onsuz da apellyasiya məhkəməsindən ədalətli, obyektiv qərar çıxarılması ilə bağlı gözləntimiz yox idi. Sadəcə, Avropa Məhkəməsinə müraciət etmək üçün bu instansiyanı keçmək tələb olunur. Gözlədiyimiz kimi də oldu”.
Vəkil əlavə edib ki, qərarı alandan sonra Faiq Əmirli barəsində həbs qərarından Avropa Məhkəməsinə şikayət göndərəcəklər: “Əminəm ki, Avropa Məhkəməsi ərizəmizi təmin edəcək və Faiq Əmirlinin Avropa Konvensiyasının 5-ci maddəsilə təminat verilən azadlıq hüququnun pozuntusunu təsdiqləyəcək. Bu işin saxta, Faiq Əmirlinin həbsinin qanunsuzluğu o qədər aşkardır ki, bunu görməmək mümkün deyil”.
F. Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq onu hazırda ABŞ-da yaşayan Fətullah Gülən şəbəkəsinin “imamı” kimi təqdim edir. Faiq Əmirli isə bu ittihamı gülüşlə qarşılayır və tamamilə absurd olduğunu bildirir.
AXCP də Faiq Əmirlinin həbsinin siyasi sifariş olduğunu bəyan edib. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fətullah Gülənlə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.