«Mur-Ay»ın rəhbəri zərərçəkmişlərdən üzr istədi
Elxan Hüseynov: “Müdafiə olunmağa layiq biri deyiləm…”
Tikilməkdə olan binadakı mənzillərin hər birini bir neçə nəfərə satmaqla yüzlərlə vətəndaşı aldadan “Mur-Ay” tikinti şirkətinin sədri Elxan Hüseynov, onun müavini Bəybala Sultanov və onlarla yanaşı, daha beş nəfər dünən məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə hakim Eldar Ismayılovun sədrliyilə baxılır.
Istintaq materiallarına görə, mühakiməsi başlanan şəxslər əlbir olaraq, Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda vəsaiti mənimsəyiblər.
Bu iş üzrə 2010-cu ilin noyabrından Daxili Işlər Nazirliyinin Baş Istintaq və Təhqiqat Idarəsində araşdırmalar aparılıb, 960 nəfər zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərdən Qalib Məmmədbəylinin vəkili Ilqar Abbasov dünən məhkəmədə bildirdi ki, iş üzrə ibtidai istintaq zamanı bir sıra qanun pozuntularına yol verilib, məsələn, şahid qismində dindirilən şəxslərin adları ağ boya ilə pozularaq zərərçəkmiş kimi göstərilib. Vəkil deyir ki, hüquqlarını müdafiə etdiyi şəxsin “Mur-Ay”a heç bir aidiyyəti olmayıb. Sadəcə, şirkət yarananda sənədləşmə işlərinin hazırlanmasında onlara kömək edib. Vəkil ibtidai istintaq zamanı çoxsaylı qanun pozuntularının olduğunu əsas gətirərək, cinayət işinin yenidən araşdırılması üçün prokurorluğa göndərilməsini istədi.
Digər təqsirləndirilən şəxslərin vəkilləri də ibtidai istintaqdan şikayətləndilər. Vəkillər elə məhkəmənin hazırlıq iclasında cinayət işinə xitam verilməsi, hüquqlarını müdafiə etdikləri şəxslərin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər qaldırdılar.
Daha sonra təqsirləndirilən şəxslərin fikirləri dinlənildi. Vəkilinin dediyi kimi, Qalib Məmmədbəyli özü də günahsız olduğunu, “Mur-Ay”la heç bir əlaqəsinin olmadığını qeyd etdi.
Ondan fərqli olaraq, şirkətin sədri Elxan Hüseynov özünü günahkar hesab edir. Hətta Elxan Hüseynov məhkəmə zalında olan aldadılmış vətəndaşlardan üzr də istədi: “Burada olan zərərçəkmişlərin aldadılmasına görə də, mənimlə birlikdə günahsız mühakimə olunan təqsirləndirilən şəxslər görə də günahkaram. Mənə görə əziyyət çəkənlərdən üzr istəyirəm. Vəkilimə deyirəm ki, müdafiə olunmağa layiq biri deyiləm. Buna görə də müdafiə olunmağıma ehtiyac yoxdur, cəzamı çəkməyə hazıram”.
Məhkəmədə bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Vüqar Quliyev vəsatətlərə münasibət bildirmək üçün məhkəmədən vaxt istədi. Onun istəyini nəzərə alan məhkəmə prosesi aprelin 12-nə qədər təxirə saldı.
Aytən