Bu dəfə ənənəvi manevrlər işə yaramayacaq
Deyirlər, öyrənmişin tövbə etməsi çətin olur. Bizim hökumətimiz də neqativlərə o qədər öyrəşib ki, pozitivlərə keçid edə bilmir. Repressiya, şər-böhtan, talançılıq, yalançılıq, hüquqsuzluq hökumətimizin ən sevimli peşəsidir. Hətta reallıq hissini o qədər itiriblər ki, bütün dünyanı öz cılız fantaziyaları ilə aldatmağa çalışırlar. Elə bilirlər ki, bunların “mərifət”lərindən dünya bixəbərdi. Sadəcə olaraq uzun müddət hökumətin manevrlərinə beynəlxalq aləm loyal yanaşıb, “yalançını sona qədər qovmaq” prinsipi ilə işləyiblər. Hökumət də elə bilib ki, dünya bu rejimin məsumluğuna inanır.
Indi də Ilham Əliyev uzun illər ərzində Avropa və ABŞ-a qarşı işlətdiyi üsulu Türkiyəyə qarşı tətbiq etməyə başlayıb. Necə ki, Avropaya, ABŞ-a “şəffaf seçki keçiririk”, “öhdəliklərə sadiqik” deyirdilər, eləcə də Türkiyəyə “Gülənçilərə qarşı mübarizə aparırıq” deyirlər.
Bəli, demokratik dünyaya, ölkə ictimaiyyətinə söylədikləri yalanları indi də Ərdoğan hökumətinə söyləyirlər. Ərdoğan Ilham Əliyevdən Gülənçilərə qarşı mübarizə tələb edir, Ilham Əliyev isə ölkənin real müxalifətini Gülənçi adıyla Türkiyəyə təqdim etmək istəyir.
Hətta bu “ssenari”yə Rusiya da əlavə olunub. Artıq AXCP sədri Əli Kərimli haqqında hökumət tör-töküntülərinin şər-böhtanını Rusiya kanalları da tirajlamağa başlayıb. Bəli, Ilham Əliyev bir tərəfdən Ərdoğana “qardaş” deyir, o biri tərəfdən yaranmış vəziyyəti sui-istifadə etməyə çalışır. Öz aləmlərində bir gülləylə iki quş vururlar. Həm demokratik düşərgəni qurban verirlər, həm də Türkiyə hökuməti qarşısında özlərini təəssübkeş kimi göstərirlər.
Bəli, Əliyev hakimiyyətini Türkiyənin taleyi qətiyyən narahat etmir, heç Azərbyacanın maraqları da önəmli deyil. Bu illər ərzində Rusiya kanallarında bir dəfə Qarabağla bağlı, Azərbaycanın maraqları naminə bir süjet verilməsinə nail olmayıblar. Amma müxalifət liderinə çamur atmaq lazım olanda əlləri Rusiya kanallarına qədər uzanır.
Məsələ burasındadır ki, bu dəfə hökumətin yalanı nəinki 40 gün, 40 dəqiqə də legitimlik qazana bilmədi. Ərdoğan kifayət qədər hazırlıqlı siyasətçidir və Azərbaycandakı Gülənçilərin kimliyindən xəbərdardı. SOCAR-ın iki əməkdaşının silahlı çevrilişdə iştiraka görə həbs olunması da Azərbaycan hökumətinə mesajdı. Türkiyə hökuməti Azərbaycanda gedən prosesləri izləyir və çevriliş cəhdinə ilk olaraq AXCP sədri Əli Kərimlinin reaksiya verdiyindən xəbərdardı. Əli Kərimli öz “facebook” statusunda çevriliş cəhdini birmənalı şəkildə pislədi və bu çevrilişin Türkiyənin maraqlarına zərbə vurduğunu bildirdi. Ilham Əliyev isə qalib müəyyən olunduqdan sonra üzə çıxdı və gecikmiş dəstək verdi.
Bütün bunlardan sonra Ilham Əliyev özündə cəsarət tapıb həqiqi Gülənçilərlə mübarizə apara bilmir. Çünki, bu adamlar hökumət daxilində çox güclüdülər, strateji yerlərdə təmsil olunurlar.
Bir sözlə, Azərbaycan hakimiyyəti növbəti dəfə imitasiya ilə məşğuldu. Türkiyə hökumətini aldatmaq üçün bu işlə bağlı cinayət işi də açılıb. Guya, Azərbaycanda Fətullah Gülənə dəstək verənləri axtarırlar. Əslində isə Azərbaycanda Gülənçiləri üzə çıxarmaq üçün araşdırmaya ehtiyac yoxdur. Hökumətin başında oturanlar kimin hara işlədiyini dəqiq bilir.
Bir daha qeyd edirik ki, cinayət işinin açılmasının məqsədi Gülənçiləri zərərsizləşdirmək yox, demokratik düşərgəni çamura batırmaqdı. Aprel döyüşləri zamanı bu təxribatlar alınmadı, müxalifəti Nardaran işinə calaq etmək mümkün olmadı, indi də demokratik düşərgədən Gülənçi düzəltmək istəyirlər.
Amma çifayda, artıq belə gedişlər effekt vermir. Gülənçiləri başda oturdub, müxalifət liderindən Gülənçi düzəldilməsini Türkiyə qəbul etməyəcək. Ərdoğan bütün bunların imitasiya olduğunu biləcək qədər ağıllıdır. Ilham Əliyev həqiqətən də qardaşlıq etmək istəyirsə, gözünün qarşısındakı Gülənçilərdən yapışsın.
Akif