“Azərbaycanın necə və hansı xətlə siyasət yürütməsini Rusiya müəyyən edir”
Hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı uydurduğu “Fətullah Gülənin Azərbaycandakı adamı” ittihamı Rusiya mediasında da tirajlanır. Qarabağda yaşanmış aprel döyüşlərində anti–Azərbaycan mövqeyi tutan Rusiya KİV–i hazırda böyük həvəslə Gülənlə müxalifətin “əlaqələri” barədə “məlumata” yer verir. İctimaiyyət nümayəndələrindən bir neçəsinin baş verənlərə münasibətini öyrəndik. Rusiya medaisı Azərbaycan hakimiyyətinə bağlı muzdlu nəşrin yaydığı uydurmanı niyə tirajlayır? Bu “paslaşmanın” arxasında nə dayanır?
Mehman Əliyev: «Gülənçiləri müxalifətə bağlamaq sifarişli addımdır»
«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, Rusiya mətbuatı ilə Azərbaycan hakimiyyətinin sıx əlaqələri var. Onlar bir çox sahələrdə əməkdaşlıq edirlər: «Rusiya KİV-in Azərbaycanda olan nümayəndələri vasitəsilə məlumatlar onlara ötürülür. Bununla ictimai fikri formalaşdırmağa çalışırlar. Bu, sifarişli bir şeydir. Çünki Rusiya mətbuatında Gülənçilər haqqında kifayət qədər məlumat gedir. Özü də onların xüsusi xidmət orqanları kifayət qədər yaxşı bilirlər kim kimə bağlıdır, hansı proseslər gedir. Gülənçiləri müxalifətə bağlamaq sifarişli addımdır. Burada başqa nəsə axtarmağa dəyməz».
Qurban Məmmədov: «Gülənçiləri Azərbaycana gətirən Heydər Əliyev olub»
Tanınmış hüquqşünas Qurban Məmmədov bildirdi ki, Mülki Məcəllədə sübutların aidiyyatı adlı bir anlayış var. Bu o deməkdir ki, qanunda nəzərdə tutulmuş sübut vasitələri ilə müəyyən edilməli hallar başqa sübut növləri ilə təyin oluna bilməz: «Əgər bir xəstənin qızdırması termometrlə müəyyənləşirsə, sən onu şahid ifadəsi ilə müəyyənləşdirə bilməzsən. Bu baxımdan müxalifətin Gülənlə əlaqəsi olduğunu deyənlər ortaya sübut qoymalıdırlar. Yoxsa bütün deyilənlər şaidən başqa bir şey deyil. O ki qaldı həqiqətə, Gülən şəbəkəsini Azərbaycana gəirən müxalifət deyil. Gülənçiləri Azərbaycana gətirən Heydər Əliyev olub, ona dəstəyi isə hazırkı hakimiyyət verib».
Rusiya mətbuatının müxalifəti Gülənlə əlaqələndirməsinə gəlincə, Q.Məmmədov bildirdi ki, ittiham edən tərəf zəhmət çəkib, sübutlarını göstərsin. «Rəsmi sübut, sənəd olmadan səslənən bütün ittihamlar absurtdur», deyə Q.Məmmədov vurğuladı.
İlham İsmayıl: «Azərbaycanı Rusiya hakimiyyəti idarə edir»
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Gülənin tərəfdarları 90-cı illərin əvvəllərindən Azərbaycana ayaq açıb. İ.İsmayıl vurğuladı ki, Gülənçilər bir qayda olaraq o yerlərə yerləşdirilir ki, o kontingent ölkədəki proseslərə təsir edə bilsin: «Azərbaycanda 23 ildir hakimiyyətdə olan bir iqtidar var. Son prezident seçkiləri də göstərdi ki, Gülənin adamları məhz iqtidarın içərisindədir. Onlar dövlətin müxtəlif strukturları olan təhsil, səhiyyə və digər strukturlarını əhatə edir».
Rusiya mətbuatında gedən yazıları təsadüfi saymayan İ.İsmayıl bildirdi ki, Rusiya hakimiyyəti ümumiyyətlə Azərbaycanı idarə edir: «Rusiya Azərbaycanın necə və hansı xətlə siyasət yürütməsini də müəyyən edir. Rusiyadakı qurluş Azərbaycanda təkrarlanır. Gülənlə müxalifətin əlaqələrəinə dair materialların Rusiya mətbuatında tirajlanması təəccüblü deyil».
Xəyal