«Illər ötür, bizə qalır o günlərin xatirəsi…»
60-70-ci illərin əfsanəvi qrupu olan “Qaya”nın retro nəğmələri indi çoxları üçün şirin gənclik xatirələridir. O dövrün hit mahnılarını yaradan qrup Azərbaycanda bu günə kimi xatırlanan ən gözəl musiqi qrupudur bəlkə də. O məşhur dördlük yaratmışdı “Qaya”nı -Teymur Mirzəyev, Rauf Babayev, Arif Hacıyev, Lev Yelisovetski. Sonralar bəlkə yaş, bəlkə zaman ayırdı yollarını. Dördlüyün sırasına fərqli adların yazıldığı da oldu. Amma Asəf Zeynallı adına Musiqi Məktəbindən səsləri tutan o dörd gənc oğlanın nəğmələri və repertuarı yaddaşlara yazılı qaldı. Onların üslubu caz musiqisindən qaynaqlanırdı. Bəlkə də, 60-cı illər Bakısının caz havası bu istiqamətə aparmışdı onları. O illər sərhədlərin qapalı olduğu, dünyanın məşhur caz sənətçilərinə əl yetmədiyi bir zamanda haradan axıb gəlmişdi Bakıya gözəl caz ritmləri? Hər halda Bakının öz ruhundan doğulmuşdu bu musiqiyə olan heyranlıq və həvəs. Ilk məşqlərini Xəzərin dalğaları ilə səs-səsə verib bulvarda edirdilər… Bu gərgin zəhmət hədər getmədi və gənclər 1967-ci ilə filarmoniyanın nəzdində musiqi qruplarını yarada bildilər. “Qaya” adının necə yarandığını özləri də dəqiq xatırlamırlar. Amma hər halda Xəzərin dalğalarının qayalara çırpılaraq səsləndirdiyi ritmlər ideya vermişdi gənc ifaçılara…
Konservatoriyada bərabər, amma fərqli bölümlərdə musiqi təhsili alıb dördlük. Arif və Teymur xor dirijorluğu, Rauf simfonik orkestr üçün zərb alətləri ifaçılığı, Lyova isə musiqi nəzəriyyəsi üzrə oxuyub. Tezliklə yaratdıqları qrupla bütün SSRI-də populyarlaşıblar….
Qrupdan əvvəl onları böyük səhnəyə görkəmli bəstəkarımız Rauf Hacıyev çıxarıb. Bu hardasa 1961-ci ildə baş verib. Onları Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət ediblər. Rauf Babayev müsahibələrinin birində deyir ki, o vaxtlar həmin orkestrdə çox şöhrətli sənətkarlar – Elmira Rəhimova, Oqtay Ağayev, Nella Andreyeva, Sona Həsənova solist idilər. Elə dəvət olunduqları bu orkestrdə ilk mahnıları da Rauf Hacıyevin “Bakı”sı olub. Kollektivdə artıq onları “Bakı” vokal kvarteti adlandırırdılar. Keçmiş SSRI respublikalarına yolları bu orkestrlə açıldı, şəhər-şəhər gəzib-dolaşdılar. Uzaq xaricə – Əlcəzairə səfərləri də bu orkestrlə oldu.
“Rauf Hacıyev orkestrdə yeni şou-proqram hazırlayır. Proqramın musiqi rəhbəri Leninqraddan dəvət edilən Kalvarski, ssenari yazarları isə Livitski və Arkanov idilər. Proqram o dərəcədə uğurla qarşılanır ki, tək Leninqradın özündə bu proqramla iki ay konsert verməli olurlar… Orkestrin tərkibində futbol komandası yaratmışdılar. Hansı şəhərə gedirdilərsə, səhərlər məşqdən sonra yataqxananın yaxınlığındakı stadionda futbol oynayırdılar. Bir qayda olaraq, hər dəfə də Oqtay Ağayevlə Lev Şimelyov qapıçı olurdular. Hərdən getdikləri şəhərin futbol komandaları ilə də oynayırdılar. Orkestrlə birgə gəzdikləri ölkələrdə, adətən, gəlişlərinə qədər onları yaxşı tanıyırdılar. Rauf Babayevin fikrincə, onları Bakıdan daha çox Moskvada, Leninqradda tanıyırdılar. 62-ci ildə Leninqradda qastrolda olarkən, onları yerli televiziya proqramına dəvət edirlər. ”Serenada”, “Solnoçnaya dalina”, “Çuçu” kimi amerikan və daha bir neçə yerli mahnılar lentə yazılır və konsert şəklində yayımlanır. Sonra bilirlər ki, Leninqrad televiziyası, sən demə, Finlandiyada da nümayiş etdirilirmiş. Bu konsertə Finlandiyada da baxanlar çox olub və konsertdən sonra orada onların kuklalarını hazırlayıblar”(Vikipedia).
Məşhurluq yolunda ilk uğurlar…
Onların bu məşhur orkestrlə əməkdaşlığı 1963-cü ilə qədər davam etdi. Xeyli məşhurlaşan dördlük öz qrupunu yaratmaq üçün çırpınırdı. Sanki ayrıca bir musiqi qrupu yaratmaq çox asan idi, həm də o dövrdə. Həmin ərəfədə Dağıstan Bəstəkarlar Ittifaqının sədri Murad Kajlayev onları Dağıstana dəvət etdi. Bir neçə gündən sonra artıq dördlük səfər yolunda idi. Dağıstanda “Qunip” adlı bir ansambl fəaliyyət göstərirdi. “Qunip” adının xüsusi anlamı vardı – bu, Şeyx Şamilin doğulduğu kəndin – Qunyibin adı idi. O, Dağıstanın ilk estrada qrupu idi. Gənclər üç gün ərzində proqram hazırlayıb konsertə başlamalı idilər. Konsertlər başlandı, cəmi bir neçə konsertdən sonra soraqları hər yerə yayıldı. Çox keçməmiş Moskvadan məktub gəldi, onları yenidən Bakıya çağırdılar.
Onlara gözləmədikləri bir təklif gəlmişdi. Məşhur sənətçi Müslüm Maqomayevin uzaq şərqə 4 aylıq qastrol səfərinə onların da qatılmasını təklif edirdilər. Tale üzlərinə güldü. Bu ölkələrdə 120 konsertlə çıxış etdilər.
Artıq onların adı keçmiş sovetlər ölkəsində xeyli populyar idi. Amma qarşıda daha böyük uğur gətirən bir müsabiqə var – 1966-cı ildə Moskvada vokalçılar və qruplar arasında keçirilən ümumittifaq müsabiqəsi. Çox qəribə oldu bu müsabiqədə iştirakları. Hazırlıq üçün bir il vaxt qoyulan müsabiqəyə dəvət alanda onun başlanmasına on beş gün qalırdı. Bu vaxtda nə etmək olardısa etdilər. Cəmi 10 mahnı hazırlamağa vaxt çatdı.
Müsabiqə şərtləri bütün iştirakçı qrupların eyni kostyumda çıxış etməsi şərtini irəli sürmüşdü. Onların isə kostyum tikdirməyə macalları olmamışdı. Musiqiçi Oleq Lyustrem köməyə çatır, öz orkestrindəki çalğıçıların kostyumlarını dördlüyə “bağışlayır”.
Müsabiqə həm populyarlıq, həm də iştirakçıların adları baxımından gərgin rəqabət əsasında keçir. Qruplar arasında Gürcüstandan “Trio”, Pribaltikadan “Layme”, Moskvadan “Sovetskaya pesnya” və başqaları vardı. Iştirakçılar arasında isə Alla Puqaçova və Iosif Kabzon kimi güclü səslər vardı.
Üçüncü tura uğurla gəlib çıxana kimi bəlkə çoxları onların qalib olacağına inanmırdı. Bakıda belə qəzetlər onların adlarını yanlış yazmışdı. Mirzə Babayev və Rauf Hacıyevin adı qrup üzvlərinin adı kimi qeyd olunmuşdu. Final həyəcanı qalibiyyət tacını onların başına qoydu. Tofiq Quliyev, L.Utyosov, Laqidze, L.Lyadova, I.Milyutiv kimi tanınmış musiqiçilərdən ibarət münsiflər heyəti onların qələbəsini bəyan etdi…
Səfərdən səfərə, uğurdan uğura…
Həmin zəfərdən sonra Moskvadan onları buraxmaq istəmədilər. Qastrol səfərləri bir-birinin ardınca gəldi… Özləri sərbəst olaraq konsertlərə 72-ci ildən sonra getməyə başladılar. O illər qrupun fəaliyyət tarixində elə gözəl anlar, elə böyük uğurlar olub ki… Həmin illərdə 40 ölkə dolaşıblar. SSRI-dən cazın vətəni Afrikaya yolu düşən ilk qrup idi “Qaya”. Belə unudulmaz səfərlər sırasında Amerika səfəri də var. Rauf Babayev danışır ki, Hyustondakı caz kollecində konsert verməliymişlər. Çıxışa repertuarda olan mahnılardan başlayıblar. Salon onlara çox sakit və təmkinlə qulaq asırmış. Bir neçə mahnıdan sonra caza keçəndə tamaşaçılar ayağa durmağa başlayıblar. Tamaşaçıların bezib getməyə qalxdığını düşündükləri halda, birdən gurultulu alqışlar onları diksindirir. Seyrçilər səhnəni tərk etməyə hazırlaşan oğlanları geri çağırırlar. Onlar sonuncu mahnını bir neçə dəfə oxumalı olurlar. Bənzər hadisə Macarıstanda da olmuşdu. Kubada isə onların konsertlərinə gələnlərin sayı-hesabı bilinmirdi…
Zaman 80-ci illərdə yolları ayırdı. Qrupun tərkibi tez-tez dəyişməyə başladı. Sonra da “Qaya”nın nəzdində müxtəlif orkestrlər, qruplar yaranmağa başladı. Onun fəaliyyəti 1988-ci ildə sona çatdı.
O dəyişikliklər dövründə “Qaya”nın üzvlərindən bəziləri uzaq ölkələrə üz tutdular. Amma Rauf Babayev o illərin gözəl nəğmələrini solmağa qoymadı. Uşaqlardan ibarət yaratdığı “Bəri bax” qrupu, demək olar, “Qaya”nın varisi rolunu oynadı. Çətinliklər olsa da, ölkənin populyar qruplarından biri oldu həmin qrup, ölkə-ölkə dolaşmağa başladı. Sonra isə elə həmin qrupun üzvlərindən ibarət yeni “Qaya” bərpa olundu. Indi onlar da ustadlarının yolunu uğurla davam etdirirlər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir