AXCP Xətai şöbəsinin Gənclər Komitəsi həbs edilmiş üzvləri Məsud Rzalıya azadlıq tələb edən bəyanat yayıb. Bəyanatda hakimiyyətin AXCP fəallarına qarşı davamlı repressiyası xatırladılır və bunun indiyə qədər olduğu kimi, bundan sonra da partiyanı tutduğu yoldan, mübarizə əzmindən döndərə bilməyəcəyi vurğulanır.
“Arxaik əməllərindən və avtoritar təfəkküründən heç cür qurtula bilməyən hakimiyyət öz repressiyasından əl çəkmir. Xətai Gənclər Komitəsinin fəalı Məsud Rzalının həbsi bu tragikomik ssenarinin pik həddi oldu. Belə ki, partiyaya qoşulduğu 6 ay ərzində sırf hüquqi prinsiplər, əxlaq normaları və demokratiya prinsipləri üzərində fəaliyyətini sistemləşdirən partiya fəalımız bu gün səhər saatlarında saxlanılmış və qondarma ittihamlarla həbs olunmuşdur. AXCP Xətai gəncləri olaraq Məsud bəyin həbsini şiddətlə pisləyir və bunu hökümətin referendum öncəsi yaranmış kütləvi ictimai qınağa reaksiya olaraq atdığı qanunsuz addım kimi qiymətləndiririk”, – deyə bəyanatda bildirilir.
Bəyanat müəllifləri Məsud Rzalının dərhal azad olunmasını tələb ediblər.