Sumqayıtın icra başçısı sahibkarlardan asfalt örtüyünə görə pul yığır
Sumqayıtın icra başçısı Eldar Əzizov yenidən sahibkarlara qarşı hücuma keçib. Bu barədə “AzeriNews.org” xəbər portalına Sumqayıtda fəaliyyət göstərən bir qrup sahibkar məlumat verib. Məlumata görə, bir müddət əvvəl sahibkarlardan ticarət obyektlərinin təmir adı altında pul yığılmasına göstəriş verən Eldar Əzizov artıq yeni pul qoparmaq üçün yeni üsul tapıb.
Sahibkarların bildirdiyinə görə, son vaxtlar onlardan ticarət obyektlərinin qarşısında asfalt örtüyünün yenilənməsi üçün pul yığılır. Bunu isə yenə də icra hakimiyyətinin əməkdaşları və Eldar Əzizova yaxın adamlar edir. Sahibkarlar deyib ki, pul vermədikləri halda icra hakimiyyətinin nümayəndələri onları obyektlərinin söküləcəyi ilə hədələyir.
Bu arada politoloq Cümşüd Nuriyev “Şərq” qəzetinə Sumqayıtla bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, Sumqayıtda bir neçə qruplaşma var ki, Eldar Əzizova qarşı mübarizə aparır: “Qruplaşmaların biri Qərbi Azərbaycandan gələnlərdir, digəri ən güclü qruplaşma olan ”Qubadlı” qruplaşmasıdır. Bir də ki, “Cənub” qruplaşması var ki, vaxtilə bu qruplaşmalar bir-biri ilə yola getmirdilər. Indi isə bu qruplaşmalar birləşib, Eldar Əzizova qarşı sanki mübarizə aparırlar. Bunun da səbəbi Eldar Əzizovun bunların üzərinə eyni vaxtda getdiyi üçündür”.