Vidadi İsayevin müavini idarə müdirinə kəllə atdı
Bərdənin icra hakimiyyətində dava düşüb. Bu barədə hadisə martın 28-də axşam saatlarında icra başçısı Vidadi Isayevin rayon rəhbərliyi ilə keçirdiyi müşavirədən sonra baş verib. Məlumatlarda deyilir ki, Vidadi Isayev müşavirədə 4 kəndin alaqapısını təmir etməyi rayonun mədəniyyət və turizm idarəsinin müdiri Soltan Həsənova tapşırıb. Soltan Həsənov icra başçısının bu tapşırığına etiraz edib. Idarə müdiri bildirib ki, təmir işlərini aparmaq üçün onda vəsait yoxdur. Vidadi Isayev ona “Idarə müdirisən, evin var, mağazaların var” deyərək vəsaitin olmaması barədə onun dediklərinə inanmadığına eyham edib. Idarə müdirinin cavabı belə olub: “Mağazalar işləmir, ev isə hamıda var. Bundan əvvəl də Lenin adına parkı mənə təmir elətdirdiniz. Indi də bu işi tapşırırsınız. Mən öz üzərimə düşən işi etmişəm”.
Bu zaman Vidadi Isayev ondan ərizəsini yazıb işdən çıxmağı tələb edib. Soltan Həsənovun cavabı sərt olub: “Mənim nazirim var, siz kimsiniz ki, sözünüzlə ərizə yazım?! Bir də ki, mən abadlıq işləri üçün sizə 200 min manat pul vermişəm, həmin pulu qaytarın ərizəmi yazım”.
Bundan sonra təhsil şöbəsinin müdiri Rəhilə Ismayılova və Bərdənin Əli adlı icra nümayəndəsi çıxış edərək Vidadi Isayevi müdafiə edib. Icra nümayəndəsinin çıxışı Soltan Həsənovu lap hiddətləndirib. Idarə müdiri icra nümayəndəsinə bildirib ki, o da icra başçısının tayıdır. Müşavirə gərgin atmosferdə başa çatıb. Müşavirədən sonra dəhlizdə Vidadi Isayevin tikinti məsələləri üzrə müavini Vidadi Imanquliyev Soltan Həsənova yaxınlaşaraq onun icra başçısı ilə bu sayaq danışmasına etiraz edib. Bu idarə müdiri ilə başçının müavini arasında mübahisəyə səbəb olub. Mübahisə davaya çevrilib. Vidadi Imaquliyev başı ilə Soltan Həsənovun sifətinə zərbə endirib. Ətrafda olan məmurlar onları güclə ayırıb.
Vidadi Isayevlə bağlı başqa bir maraqlı məlumat da almışıq. Həmin məlumatda deyilir ki, icra başçısının rayonda ucaltdığı bayraq artıq 7-ci dəfədir ki, sıradan çıxır. Hər də dəfə bayrağın yenidən ucaldılması üçün isə hansısa yerli məmur 1800 manatından keçməli olub.
Informasiya şöbəsi