Ziya Məmmədovun oğlu əmlakını əlindən aldığı şəxsi demədiyi sözə görə həbs etdirmək istəyir
İlham Əliyev ona edilən 179 müraciətə niyə cavab vermir?
Martın 27-də Yasamal Rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Yevlax Avtovağzalı” Səhmdar Cəmiyyətinin keçmiş sahibi Bəhram Məmmədova qarşı iddiasına baxılıb. Bu barədə B.Məmmədov Media Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iddia 147-ci maddə (böhtan) üzrə xüsusi ittiham qaydasında qaldırılıb. Iddiaçı B.Məmmədovun cinayət məsuliyyətinə cəlb olunmasını və onun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyir.
Iddiaya B.Məmmədovun bu il fevralın 17-də keçirdiyi sonuncu mətbuat konfransı səbəb olub. Belə ki, mətbuat konfransının materialları “Bizim yol”, “Gündəm xəbər” qəzetləri, həmçinin “Olaylar” Informasiya Agentliyi tərəfindən dərc edilib.
“Həmin məlumatlarda yanlışlığa yol verilib, mən Anar Məmmədovu təhqir etməmişəm, ona böhtan atmamışam. Mənim ona qarşı heç bir iradım yoxdur, yalnız mənə məxsus avtovağzal ərazisinin özümə qaytarılmasını tələb edirəm. Eyni zamanda tələb edirəm ki, qəzetlər təkzib versinlər, çünki mən heç kimi təhqir etməmişəm”, – B.Məmmədov bildirib.
Onun sözlərinə görə, Yasamal Məhkəməsində işin baxılmaq üçün Səbayel Rayon Məhkəməsinə verilməsi barədə qərar çıxarılıb. Lakin işə baxılmasının vaxtı dəqiqləşdirilməyib.
Münaqişənin mahiyyətinə gəlincə, 1998-ci ildən “Yevlax Avtovağzalı” SC-nin rəhbəri olan B.Məmmədovun əlindən alınmış avtovağzal ərazisi ilə bağlı məhkəmə çəkişmələri 2009-cu ildən davam edir. Belə ki, 2009-cu ilin martından avtovağzal ərazisi hasara alınıb və ora bir avtobus belə buraxılmayıb. Bu arada hasara alınmış ərazidə ZQAN holdinqin ağır texnikasından istifadə etməklə işlər başlayıb. Avtovağzalın və iki hektarlıq ərazinin faktiki sahibi olan B.Məmmədov əliboş qalıb. O, iki dəfə 1 saylı Bakı Iqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə inşaatı saxlamaq qərarı çıxarıb, lakin buna məhəl qoyulmayıb.
“179 dəfə ölkə prezidentinin adına müraciət göndərmişəm, lakin heç bir cavab yoxdur. Hansı instansiyalara müraciət etsəm də, heç kim reaksiya vermir. Işi Avropa Məhkəməsinə qədər aparacağam”,- B.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, 2009-cu ildə Yevlax rayonunun o vaxtki icra başçısı Elmar Vəliyev B.Məmmədova müraciət edərək avtovağzalın səhmlərini ona verməyi təklif edib. Lakin B.Məmmədov E.Vəliyevin təklifindən imtina edib
Mətbuat konfransında vəkil Ailə Eyvazova da iştirak edib.
O bildirib ki, B.Məmmədovun hüquqlarını müdafiə etməyə başladığı andan təqiblərə məruz qalıb, bu il fevralın 14-də isə ofisi sökülüb. Qeyd edək ki, ZQAN holdinq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.