Xalq Cəbhəsinin üzvü nə ilə və necə fərqlənir?
Qənimət Zahid
Xalq Cəbhəsinin yaranmasını xatırlayırammı? Bugünlərdə bir gənc mənə belə bir sual yazmışdı. Qısaca cavab verdim: “Əlbəttə, xatırlayıram“. Virtual mükalimə elə burda da bitdi.
Amma mən bu hadisəni, sadəcə olaraq, xatırlamıram, həm də bu hadisəni yaşam kimi hiss edirəm və bütün əvvəlki (yəni, Xalq Cəbhəsinin yaranmasına gətirib çıxaran) və sonrakı prosesləri də yaşadığımı hiss edirəm. 1988-ci ilin Meydan hərəkatına qədərki, sonra Xalq Cəbhəsinin yaranması, təşkilatlanması və daha sonra ta bu günlərə qədər bu təşkilatın daxilində və ətrafında cərəyan edən bütün prosesləri yaşamışam axı.
Yeri gəlmikən, Meydan hərəkatı ilə də manipulyasiya edənlər var. Bəziləri, bioqrafiyasının bütün digər olaylarını qabarda bilməyəndə, öz həyatlarını, məhz, Meydan hərəkatındakı rolunu şişirtməyə həsr edirlər və bu mənə bir az da gülməli gəlir. Meydan hərəkatının təşəbbüsçüləri və təşkilatçıları arasında yer alanların da hamısını xatırlayıram, tanıyıram və onların əksəriyyəti həyatın sonrakı prosesləri ilə uğraşdıqları üçün çox böyük təvazökarlıqla Meydan hərəkatının müəllifliyinə iddia etməkdən vaz keçirlər. Amma söhbət bunda deyil.
Mən Xalq Cəbhəsini cəbhəçilərlə yaşayıram. Əvvəllər onlar daha çox idilərmi? Bəli, daha çox idilər. 1992-ci ildə, Xalq Cəbhəsi hakimiyyətin astanasında olanda lap çox idilər. Bir siyasi təşkilat üçün yetərincə normal prosesdir: bəzən azalar, bəzən çoxalar. Amma bu “azalanlar“, “çoxalanlar” hansısa bir nüvənin, əsas mərkəzin ətrafında yığılıb–dağılarlar. Həmin o NÜVƏ isə həmişə qalar. O nüvə qalmasa azalma–çoxalma kimi kəmiyyətləri də müqayisə etmək mümkünsüz olar.
Azərbaycanın siyasi həyatının məhək daşları
Xalq Cəbhəsi öz tarixi boyu bir neçə dəfə parçalanma şoku da yaşayıb. Mən bu parçalanmaların sırf ideoloji əsasda baş verdiyini də qəbul etmirəm. Bütün qopmalarda – parçalanmalarda əsas arqument, bəzən hətta, görünməyən arqument praqmatizm olub. Kimsə vədlər alıb, kimsə vədlərə susayıb, kimsə öz nifrətini ictimai boşqabda təqdim etməyi bacarıb və sair. Amma cəbhəçilər Azərbaycanın siyasi həyatının unikal, idealist, mübarizə simgəsi adlana biləcək məhək daşları kimi var olaraq qalmaqdadırlar.
“Cəbhəçilik” avtoritarizmin bütün mərhələlərində tətbiq edilən aramlı–aramsız repressiyaların ilk hədəfi olub və olur. Milli müqaviməti, ictimai təpəri, sosial sifəti, kütləvi yaddaşı dağıtmaq üçün atılan bütün repressiv addımlar ilk növbədə cəbhəçiləri hədəfə alıb. İndi də elədir. Avtoritarizm var olduqca belə olacaq. Şübhəsiz, elə buna görədir ki, özü üçün urvatlı bir sosial sima saxlamaq şərtilə siyasi meydana atılan, siyasi mübarizənin tərəfinə çevrilmək iddiasında olduğunu bəyan edənlərin daha praqmatik olanları da ilk növbədə onun qayğısına qalıblar ki, cəbhəçilərlə hansısa bir məsafəni saxlasınlar. Cəbhəçilərə çox yaxın görünmək diktaturanın həmlələrinə şərik olmaq deməkdir.
Cəbhəçilər bunu hər kəsdən daha artıq bilirlər. Özünü praqmatik siyasi qüvvə, siyasətə dəxlinin olduğunu gizlətməyə üstünlük verən bütün ictimai mübarizə cəngavərlərindən daha artıq cəbhəçilər bilirlər bunu. Buna baxmayaraq, onlar radikaldır, ədalətsizliyə qarşı birmənalı barışmazdırlar. Cəbhəçilər bilirlər ki, bu sərt və barışmaz mövqe onları həbslərə aparır, təhdid və təqiblərin ilk qurbanlarına çevirir. Amma cəmiyyətin mənafeləri onların iliyinə hopub, onlar diktaturanın bütün millətə qarşı işləklərinin təsirini öz sümüklərinə, canlarına, həyatlarına çəkib o ictimai ağrıları azaldırlar. Şüurlu şəkildə edirlər.
Hərdən təsəvvür etmək istəyirəm ki, cəbhəçilər olmasa, Azərbaycanın siyasi həyatında, ictimai şüurunda vəziyyət necə olardı və nə illah eləyirəmsə, o şəraiti gözümün qabağına gətirə bilmirəm.
Ölkənin sınmayan qəddinin göstəricisi
Aydındır, Azərbaycanda avtoritar rejim bərqərar olub, diktatura, xüsusilə neft bumu illərində insanlığa yaraşmayacaq hoqqalardan çıxıb və həmin inersiya ilə də davam edir. Aşağıdan fərarilərin iniltisi, yuxarıdan “yeni qüvvə” ssenarisi üzərində səs–səsə verənlərin bağırtısı… Amma ölkənin bu ən ağır şəklinin də ən optimist çaları elə həmin cəbhəçilərdir.
Həm də, bu, mübarizə standartıdır. Əgər diktatura bu ölkənin ən qəddar düşmənidirsə, bu ölkəni ən qəddar düşmənlər kimi sındırmaqdadırsa, cəbhəçilik də bu ölkənin düşmən qarşısında əyilməyən, sınmayan qəddinin göstəricisidir.
Daha praqmatik olanlar daha isti və daha rahat “mübarizə” aparanlardır.
Nə qədər çox praqmatik olacaqsansa, o qədər çox rahat olacaqsan. Amma cəbhəçilər də praqmatikdirlər. Onların praqmatizmi də buna söykənir: “Haqsızlıq varsa, ona qarşı çıxmaq lazımdır“; “zülm varsa, ona qarşı dirəniş olmalıdır“. Xalq Cəbhəsi isə Azərbaycan xalqının təşkilatlanma, təşkilatlanaraq mübarizə aparma, təşkilatlanaraq siyasətdə olma kültürünün parlaq ifadəsidir.
Cəbhəçilər Azərbaycanda avtoritarizmə qarşı mübarizənin simvollarıdır. Az əvvəl dediyim kimi, gələnlər də, gedənlər də var. Qalanlar da var. Lap əvvəlki zamanlardan indiyə qədər qalanlar var. Onlarla, yüzlərlə, minlər, onminlərlə… onlar hər yerdə var. Onlar hər yerdə görünürlər.
Azərbaycanın bütün coğrafiyasında cəbhəçilər var və onlar hər yerdə avtoritar təfəkkürə qarşı demokratik şüuru, inzibati terrora qarşı sarsılmaz iradəni nümayiş etdirən Azərbaycan vətəndaşlarıdır. Onlardan təbəə düzəltmək mümkün olmadı və olmayacaq da. Çünki, onlar Xalq Cəbhəsinin üzvləridir.