Qadir İbrahimli: «Bu vəsait şirkətin daxili imkanları hesabına reallaşmalı, dövlət büdcəsinə yüklənməməlidir»
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin rəhbəri Cahangir Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Böyük Britaniyada “Farnborough Airshow-2016″ Beynəlxalq aerokosmik salonunda iştirak edib.
“AZAL”ın mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan tərəfi “Boeing”, “Ilyuşin”, “Antonov” və s. kimi böyük aviatikinti şirkətləri ilə danışıqlar aparıb.
“Boeing” şirkətinin baş vitse-prezidenti Martin Benrott və korporasiyanın satış üzrə direktoru Serdar Gürz ilə görüşdə 2018-2020-ci illərdə 10 ədəd Boeing 737 MAX təyyarəsinin tədarükü məsələsi müzakirə olunub.
Cahangir Əsgərov və “Ilyuşin Finans Ko.” şirkətinin baş direktoru Aleksandr Rubtsov arasında MC-21 təyyarələrinin lizinqə verilməsi haqqında danışıqlar da aparılıb. Tərəflər iyun ayında 10 yeni MS-21 orta magistral təyyarələrin lizinqə verilməsinə dair niyyət memorandumu imzalamışdılar. Təyyarələrin tədarükü 2019-2020-ci illər üçün nəzərdə tutulub.
Bu görüşdə dünyada ən böyük seriyalı yük təyyarəsi olan An-124-100 (Ruslan) təyyarəsinin maliyyə lizinqinə verilməsi üzrə müqavilə də imzalanıb.
Görəsən, qiyməti kifayət qədər baha olan təyyarələrin alınması üçün vəsait hardan alınacaq? Büdcə bu vəsaiti qarşılamağa imkan verirmi?
Iqtisadçı-ekspert Qadir Ibrahimli deyir ki, AZAL kommersiya təşkilatı və dövlət müəssisəsi olaraq böyük gəlirlər əldə edən bir şirkətdir. Şirkətin sözügedən təyyarələri öz gəlirləri hesabına əldə etməsini daha məqbul sayan ekspert onu da qeyd edir ki, AZAL ölkənin hava məkanında uçuşlara nəzarət edən yeganə monopolist şirkət olmasına baxmayaraq, hər il ziyanla işlədiyini bəyan edir: “Burada böyük mənimsəmələrdən söhbət gedir. Lakin bütün hallarda hesab edirəm ki, təyyarələrin alınması şirkətin daxili imkanları hesabına həyata keçirilməlidir. Həmin vəsait dövlət büdcəsinə yüklənməməlidir”.
Nigar