PA rəhbərinin qohumu hərbi komissarları sərəncama göndərdi
Azərbaycanda keçmiş hərbi komissarlıq işçilərinin hamısı sərəncama göndərilib. Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Məlumata görə, xidmətin rəisi, general-leytenant Arzu Rəhimov keçmiş rayon hərbi komissarları və komissarlıqların bütün işçilərini sərəncama göndərib. Aprelin 13-ə kimi yeni ştat təsdiq ediləcək. Bundan sonra isə keçmiş komissarlıq işçilərinin bir hissəsi yeni yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yenidən işə götürüləcək. Qalan şəxslərə isə hərbidə çalışmaq təklif olunacaq. Yeni ştatın təsdiq edilməsi müddəti aprelin 13-də başa çatsa da, aprel həqiqi hərbi xidmətə çağırış ayı olduğundan, bu prosesin martın sonuna kimi başa çatdırılması gözlənilir.
Ilham Əliyev fevralın 13-də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Ilham Əliyevin sərəncamı ilə Arzu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib. O, buna qədər Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışıb.
Arzu Rəhimovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qohumu olduğu bildirilir. Onun təyinatı müdafiə naziri Səfər Əbiyevin nəzarətində olan hərbi komissarlıqların Ramiz Mehdiyevin ixtiyarına verilməsi kimi izah edilir. Elə bu baxımdan Arzu Rəhimov ilk gündən “təmizləmələrə” başlamışdı. Məlumat üçün bildirək ki, hərbi komissarlın əhəmiyyətli hissəsi Səfər Əbiyevə yaxın şəxslərdir. Bu vəzifələrə təyinat müdafiə naziri ilə kirvə olan kənd təsərrüfatı nazirinin müavinin Aslan Aslanovun xeyir-duası həyata keçirilirdi. Arzu Rəhimov da bütün bunları bilməmiş deyil və ona görə də yeni komanda formalaşdırmağa çalışır. Arzu Rəhimovun Səfər Əbiyevin kadrlarını yenidən vəzifəyə təyin edəcəyi heç bir halda inandırıcı deyil. Bunun isə Arzu Rəhimovla Səfər Əbiyev arasında ziddiyyətlərin əsasını qoyacağı şübhəsizdir. Müdafiə naziri keçmiş baş hərbi komissar Əliağa Hüseynovla olduğu kimi, indi də Arzu Rəhimovla vuruşmağa başlayacaq. Bu vuruş həm də Səfər Əbiyev-Ramiz Mehdiyev duellosu olacaq. Savaş isə artıq başlayıb…
Azad