Qarabağ qaziləri sosial tələblərlə aksiyalarını genişləndirirlər
Martın 13-dən Imişlidə 11 Qarbağ qazisinin başladığı aclıq aksiyası ağır mərhələyə daxil olub. Onların səhhətində ciddi ağırlaşma gedir. Aksiyanın əsas səbbəkarı I qrup əlili Elman Şahbazovun üzərinə təcili yardım çağırılıb. Özündən getmə astanasında olan Şahbazovun durumu həkimin müdaxiləsindən sonra bir qədər düzəlib.
Xatırladaq ki, aksiyanın səbəbi Elman Şahbazovun sosial problemlərindən qaynaqlanıb. Ötən il Kür daşqınlarının yaratdığı qrunt sular onun evini qəzalı hala salıb. Şahbazovun deməsinə görə, evinin bir tərəfi tam çöküb və onun uçması gün məsələsidir.
Qarabağ qazisi deyir ki, yerli icra hakimiyyəti onun müraciətlərinə məhəl qoymur, ən müxtəlif bəhanələrlə Şahbazovlar ailəsinə ev tikməkdən yayınır. “7 nəfər ailə üzvüm var. Onların yeganə gəlir mənim aldığım 120 manatdır. Bununla da ev tikmək mümkün deyil”. Aksiyaçının bildirdiyinə görə, yerli hakimiyyət ona başqalarından fərqli yanaşır, çünki o, düşüncəcə hakim siyasəti qəbul etmir. Buna görə də “Kür” fəlakəti ilə bağlı başqalarına yardım, kompensasiya verilsə də ona verilmir. E.Şahbazov, onu qanunsuz olaraq dövlət yardımından məhrum etdiyinə və başqaları ilə birgə bərabərlik hüququnu pozduğuna görə Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə qarşı 1 saylı Bakı Inzibati-Iqtisad Məhkəməsində iddia qaldırsa da bu tələbi təmin olunmayıb.
Ötən gün Imişli Icra hakimiyyətinin Mirzə adlı şöbə müdiri və Imişli şəhər icra nümayəndəliyinin sədri Abbasəli Nuriyev aclıq edən Elman Şahbazova baş çəkib. Onlar təklif edib ki, aksiya dayandırılsın, Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyası rayona gələn kimi evə baxış keçirəcək və problem həll olunacaq.
Lakin aksiyaçılar bu vədə inamır: “Keçən il mayda da mən 7 gün aclıq etdim, rayonun ən nüfuzlu adamlarını bizə yollayıb aksiyanı dayandırdılar. Amma başçı Qəzənfər Ağayev verdiyi sözə əməl etmədi. Ona görə indi mən onun istefasını da tələb edirəm”.
Şahbazovun məlumatına görə, ən qısa zamanda onun ev problemi həll edilməsə, Qarabağ qazilərinin daha böyük kontingenti növbəti günlərdə kütləvi aclıq aksiyasına başlayacaq.
Natiq