Nurəddin Məmmədli: «Ölkədə vahid bir tədris sistemi varsa, onun prinsipləri bütün respublika üçün keçərli olmalıdır»
Iş yerini dəyişmək istəyən müəllimlər test imtahanı veriblər. Ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları və müsahibə mərhələsi başa çatıb.
Müsabiqədə iştirak üçün müraciət edənlərdən 2107 nəfəri test imtahanı mərhələsinə dəvət olunub. Onlardan 1621-i imtahanda iştirak edib, 345 nəfəri növbəti mərhələyə keçib. Müsahibə mərhələsinə dəvət olunan 345 nəfərdən 297-si iştirak edib və onlardan 243 nəfəri iş yerini dəyişmək hüququ qazanıb.
Müəllimlərin mərhələli şəkildə test imtahanından keçməsilə bağlı zaman-zaman ictimai müzakirələr keçirilir. Ali təhsillilərin yenidən imtahan edilməsi birmənalı qarşılanmadığı kimi, bir şəhər və ya rayondan digərinə dəyişdirilməsi üçün test imtahanı və müsabiqədən keçirilməsi də məsələnin müzakirəsini aktuallaşdırır.
Professor Nurəddin Məmmədli deyir ki, bu məsələ absurd idarəçilik sisteminin nəticəsidir. Ölkədə vahid bir tədris sistemi varsa, onun prinsipləri bütün hallar üçün keçərli olmalıdır: “Müəllim imtahan verirsə, statusuna uyğun metodik, elmi biliklərə və tədris imkanlarına malikdirsə, onun bir rayondan digərinə keçməsi, yenidən imtahan verməsi absurddur. Bu məsələ insanlara çətinlik yaratmaqla, korrupsiyaya hesablanıb. Rayonların hər birinin özünəməxsus əlahiddə qanunları, prinsipləri yoxdur. Müəllim vahid proqram və pedaqoji fəaliyyət əsasında işləyirsə, başqa rayona gedəndə niyə imtahan verməlidir?! Bunların hamısı insanlara süni şəkildə problemlər yaratmaqla, məsələdən şəxsi mənada yararlanmağa yönəlib”.
Nigar